» » Qeydiyyatsız dərmanlar niyə satılır? - Açıqlama

Qeydiyyatsız dərmanlar niyə satılır? - Açıqlama


Qeydiyyata alınmayan hansısa dərmanın satılıb-satılmaması ilə bağlı apteklərdə aparılan yoxlamalar müvəqqəti olaraq dayandırılıb.

Bu sözləri Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova nazirlik tərəfindən qeydiyyata alınmadığı təqdirdə vətəndaşa satılan dərmanlarla bağlı yaranmış problemdən danışarkən deyib. E.Ələkbərovanın sözlərinə görə, apteklərdə Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayan dərmanların satılması qadağandır:

“Hazırda apteklərdə bu cür, qeydiyyata alınmayan hər hansı dərmanın satılıb-satılmaması ilə bağlı yoxlamalar müvəqqəti olaraq dayandırılıb. Bu, sahibkarlığa dövlət dəstəyi proqramı ilə əlaqədardır. Ancaq bu kimi müraciətlər daxil olduğu zaman dərhal araşdırma aparılır. Nazirlik apteklərdə mütəmadi olaraq belə araşdırmalar aparıb. Qeydiyyata alınmayan dərman preparatı satışı qeydə alındığı təqdirdə həmin aptek cəzalandırıla bilər”.

E.Ələkbərova bildirib ki, aptekdən ona qeydiyyatsız dərman satıldığını bildirən şikayətçi onlara müraciət edə və bununla bağlı addım atılmasına nail ola bilər:

“Şikayətçi öz şəxsiyyət vəsiqəsi, aldığı dərman və onun qablaşdırmasını gətirərək nazirliyin Analitik Ekspertiza Mərkəzinin “pəncərə”sinə müraciət edə bilər. Bu “pəncərə” bu tip müraciətlər üçün yaradılıb. Müraciətdən sonra dərman araşdırılır, tərkibi öyrənilir, qeydiyyata alınıb-alınmadığı yoxlanılır və həqiqətən də şikayətçinin bildirdiyi nöqsanlar qeydə alınırsa, dərmanın alındığı apteklə bağlı müvafiq addım atılır”.

E.Ələkbərov bildirib ki, vətəndaş özü də aptekdən dərman alarkən onun qeydiyyata alınıb alınmadığını öyrənə bilər:

“Qeydiyyata alınmış dərman preparatının qablaşdırmasının üzərində nəzarət markası olur. Bu, dərmanın qeydiyyata alınmasını göstərir. Dərmanın içliyində məlumat Azərbaycan dilində də olmalıdır. Həmçinin Səhiyyə Nazirliyinin saytında da qeydiyyata alınan dərmanların adları qeyd olunub. Burada dərmanın qeydiyyata alındığı və qeydiyyatdan çıxdığı tarix də göstərilir”.

Qeyd edək ki, Azad İsthlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov onlara daxil olan müraciətlərə əsasən, vətəndaşları apteklərdən dərman alarkən diqqətli olmağa çağırıb.


Paylaş:


Müəllif : Tarix:
17-08-2017, 09:02
  
loading...