reklam
» » Maşın bazarında “canlanma”: - satış yüksəlməsə də, qiymətlər yüksəlir

reklam

Maşın bazarında “canlanma”: - satış yüksəlməsə də, qiymətlər yüksəlir

Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır. Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan avtomobillər üçün də idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçünsə 0,70 dollardır.

Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.

Qeyd edək ki, mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.
İdxal rüsumuna edilən dəyişikliyin avtomobil bazarına necə təsir edəcəyini öyrənməyə çalışdıq.

"VİP” Escort MMC-nin baş direktoru, avtomobil satışı üzrə ekspert Rəşad Quliyevbildirir ki, avtomobil bazarında vəziyyət o qədər ürəkaçan olmasa da, alqı-satqı davam edir: "Öncələrdə qeyd etdiyimiz kimi, gömrük və vergi rüsumlarının qaldırılması haqda şayiələrinə inanan insanlar yeni ili gözləmədən artıq işlənmiş və ya yeni avtomobil almağa başlayıblar. Lakin bu gün həmin şayiə öz təsdiqini rəsmən tapdı. İndiyə qədər qüvvədə olan idxal və ixrac gömrük rüsumlarının dərəcələri ləğv edilərək dəyişdirildi. İdxal rüsumlarının dəyişməsi hər bir sektor kimi, avtomobil bazarına da öz təsirini faiz dərəcəsindən asılı olaraq qismən və ya kəskin şəkildə göstərəcək. İdxalda artıq "dizini yerə qoymaq"la üzləşən avtomobil bazarında yeni ildən hansı qiymətlərin olacağını dəqiq demək olmasa da, qiymətlərin artacağı qaçılmazdır”.

Ekspert artımın səbəblərindən də danışdı: "Buna səbəb həm milli valyutamızın xarici valyuta qarşısında getdikcə dəyər itirməsi, həm də gömrük rüsumlarına edilən yeni dəyişiklikdir. Yeni qanunun qüvvəyə minəcəyi tarixə kimi köhnə, yəni - indiki rüsumlarla gömrükdən keçmək istəyən insanlar dayanmadan ilin sonuna qədər avtomobil və ya digər malları ölkəyə idxal edəcəklər. Təbii ki, bundan faydalanan yalnız avtomobil dəllalları və iş adamları olacaq. Sonradan isə bazarda süni qiymət artımının yaranması labüddür. Köhnə qiymətlə gömrükdən keçirilərək ölkəyə gətirilən avtomobil və ya digər mallar stokda saxlanılaraq, yanvar ayının 1-dən sonra yeni qiymətlə satışa çıxarılacaq. Nazirlər Kabineti gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətə davamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” qanuna uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli fərmanına və "Gömrük tarifi haqqında” qanunun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli fərmanına əsasən belə bir qərar qəbul etdiyini bildirir”.

Müsahibimiz sonda onu da qeyd etdi ki, dəyişikliklər yalnız idxal və ixrac gömrük rüsumlarının faizlərinə şamil edilib. Aksiz və ƏDV kimi vergi rüsumlarının dəyişdirilib-dəyişdirilməməyi hələ də sual altındadır.

Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli də idxal rüsumunun artmasının avtomobil bazarında bahalaşmaya səbəb olacağını deyir: "Ümumiyyətlə, Azərbaycanda maşın bazarı idxaldan asılı vəziyyətdədir. Ölkəmizdə nəqliyyat vasitələri demək olar ki, istehsal edilmir, istehsal edilənlər də böyük tələbat olmayanlardır. İdxal rüsumunun artırılması, təbii ki, avtomobil bazarında bahalaşmaya səbəb olacaq. Bu gözlənilən məsələ idi. Azərbaycan nəqliyyat bazarında satışın böyük bir hissə yerli valyuta ilə aparılır. Çox az satış məntəqələrində xarici valyutadan istifadə olunur. Amma avtomobillərin dünya bazarından alışı həm dollar, həm də avro ilə həyata keçirilir. Və avronun da məzənnəsində daimi olaraq yüksəliş müşahidə edilir. Avronun və eyni zamanda idxal rüsumunun artması maşın bazarında bahalaşmaya zəmin yaradır”. \\kaspi.az\\


Paylaş:


Müəllif : Tarix:
25-11-2017, 12:56
  
loading...