X
Vaşinqton “Türk axını”na qarşı - TƏHLİL » Regionxeberleri.com Vaşinqton “Türk axını”na qarşı - TƏHLİL » Regionxeberleri.com

reklam
» » Vaşinqton “Türk axını”na qarşı - TƏHLİL

reklam

Vaşinqton “Türk axını”na qarşı - TƏHLİL

Rusiyanın qaz nəhəngi "Qazprom” qaz ixracını artırdığı barədə hesabat yayıb. Hesabatda vurğulanır ki, inşasına başlanılan "Türk axını” reallaşdıqdan sonra ixracın həcmi daha da artacaq. Elə bu bəyanatla eyni vaxtda Birləşmiş Ştatların Dövlət Departamenti Rusiya ilə Türkiyə arasında inşa edilən "Türk axını” layihəsinə qarşı çıxan bəyanat yayıb. Düzdür, burada siyasi səbəb də rol oynasa da, ekspertlər daha çox iqtisadi səbəbləri qabardırlar. Siyasi mənada məsələ aydındır - Rusiyanın müəllifi olduğu hər iki layihə ("Türk axını” və "Şimal axını-2”) Ukraynanı tranzit ölkə statusundan məhrum edir. Qərb də bu səbəbdən hər iki layihənin reallaşmasına qarşı çıxır. Əsas və haqlı tələbi də Ukraynanın işğal altında olan torpaqlarının azad edilməsidir.

İqtisadi mənada isə ekspertlərin qənaətincə, Vaşinqton Avropa bazarını öz sıxılmış təbii qazı ilə təchiz etmək üçün başqa tədarükçülərin "təmizlənməsi” prosesinə start verib. Düzdür, hələ ki, söhbət mikroskopik həcmdən getsə də, Birləşmiş Ştatlar yeni bazarlarda öz iştirakını genişləndirmək niyyətindədir. ABŞ Energetika Nazirliyinin məlumatına görə, bura elə Türkiyənin özü də daxildir. 2017-ci ilin yanvar-noyabr aylarında "Qazprom” Türkiyəyə qaz ixracını 20 faiz, Yunanıstana 12, Bolqarıstana 7, Macarıstana 22, Serbiyaya isə 26 faiz artırmağa müvəffəq olub. Bu barədə məlumatı TASS qaz konserninə istinadən yayıb. Əldə olunan rəqəmlər "Türk axını”nın gedəcəyi ölkələr boyu qaza olan tələbatın artdığını göstərir. Bütövlükdə uzaq xaric ölkələrinə qaz ixracı qeyd olunan dövrdə 8 faiz artaraq 175 mlrd. kub metr təşkil edib. Lakin deyir "sən saydığını say, gör Dövlət Departamenti nə sayır”. "Qazprom” uğurları barədə hesabat verdiyi vaxt departament nümayəndələri "Türk axını”nın taleyini müzakirəyə çıxarıblar. Müzakirələrdə bu layihə Rusiyanın başqa bir iri layihəsi "Şimal axını-2” kimi arzuolunmaz və təhlükəli adlandırılıb. Məsələn, ötən həftənin sonu dövlət katibinin enerji resursları bürosu rəhbərinin müavinin köməkçisi Con MakKarrik bildirib ki, ABŞ "Türk axını”na qarşı çıxır. Eləcə də, diplomatın "Şimal axını-2” layihəsinin inşa edilməyəcəyi barədə sözləri sitat kimi çəkilir. Bu barədə xəbəri Türkiyənin Hurriyet Daily News qəzeti "Reuters”ə istinadən yayıb. Ötən həftənin sonu Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Noyert jurnalistlərin suallarını cavablandırarkən Vaşinqtonun mövqeyini ortaya qoymalı olub. Və Amerika administrasiyası Dövlət Departamenti rəsmlərindən birinin "Şimal axını-2” layihəsinin reallaşmayacağı barədə söylədiyi fikirlərə aydınlıq gətirə bilməyib. Lakin Noyert sonda təsdiq edib ki, Vaşinqton Rusiyanın ixrac layihələrini qəbul etmir. "Biz "Şimal axını-2” və "Türk axını” kimi çoxkanallı layihələrin Rusiyanın Avropanın qaz bazarlarında dominant mövqeyə gətirib çıxaracağı, eləcə də enerji resurslarının diversifikasiyasını məhdudlaşdıracağı və təhlükəsizlik riski yaradacağı barədə bir çox avropalı tərəfdaşlarımızın fikirləri ilə razıyıq. Rusiya bununla da Ukraynanı əsas tranzit ölkəsi olaraq sıradan çıxarmaq kimi əsas məqsədinə çata bilər”, - deyə o bildirib.

"Sberbank Investment Research”in analitiki Valeri Nesterov hesab edir ki, sanksiyalar ərəfəsində ABŞ nümayəndələri dəfələrlə Balkanlarda və Yunanıstanda olublar. Onlar bu ölkələrə diplomatik təzyiq göstərərək Rusiyanın ixrac layihələrinin reallaşmamasına çalışıblar. O xatırladır ki, bir vaxtlar Nabukko layihəsi "Cənub axını”na qarşı qoyulurdu: "Bu, çox illər əvvəl olub. Nabukko reallaşmadı və digər layihələr ortaya çıxdı. Ardınca da "Cənub axını” baş tutmadı və indi "Türk axını” gəlib. Bu layihənin də reallaşmaması üçün güclü səy göstərilir”.

Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev isə hesab edir ki, burada siyasi məsələ önəmlidir: "ABŞ Avropaya qaz nəql etməklə onlara təsir imkanlarını artırmaq istəyir. Lakin bu mövqeyin formalaşmasında iqtisadi motivlər də az rol oynamır. Başa düşmək gərəkdir ki, yeni prezident ölkəsinin qlobal enerji dominantlığına nail olmasını elan edib və bunun üçün Birləşmiş Ştatların bütün imkanları var. Proqnozlar göstərir ki, ABŞ-da qaz və neft ixracı artmaqda davam edəcək. Bu, çox böyük qüvvədir və artıq bazara daxil olub. ABŞ artıq Çinə neft ixrac edən ölkələrin ilk onluğuna düşüb. Onlar qazı da müxtəlif ölkələrə çatdırmağa nail olublar”.

Skolkov adına biznes-məktəbin analitikləri isə hesab edirlər ki, iqtisadi və siyasi motivləri qarşı-qarşıya qoymaq elə də vacib deyil. Onların qənaətincə, hər iki faktor inşa işlərinin başlanmasına mane olan əsas səbəblər ola bilər. ABŞ-da qaz sıxılması ilə bağlı çoxsaylı yeni layihələr mövcuddur. İndi onun əsas maraqlandıran məsələ yeni alıcılardır. ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkənin təbii qaz ixracı 30 faiz artaraq, rekord həddə - 66 mlrd. kub metrə çatıb. Sıxılmış təbii qaz ixracı isə 2015-ci illə müqayisədə 2016-cı ildə 7 dəfə artaraq 5 mlrd. kubmetrə yüksəlib. ABŞ sıxılmış təbii qazının əsas alıcıları Çili, Meksika, Hindistan, Argentina və Çindir. Son iki ildə tankerlərlə Polşa, Litva, İtaliya, Niderland və Böyük Britaniyaya da sızılmış təbii qaz gedib çıxıb. İspaniya, Portuqaliya və Türkiyəyə sızılmış təbii qazın çatdırılması isə artıq mütəmadi hal alıb. Məsələn, ötən il Türkiyəyə 248, İspaniyaya 83, Portuqaliyaya 105 mln. kub metrlik qaz nəql olunub. Son doqquz ayda İspaniya ABŞ-dan 548 milyon kubmetr, Portuqaliya 448 milyon kubmetr, Türkiyə 407 milyon kubmetr qaz alıb. Lakin Rusiyanın nəql etdiyi qazın yanında bu mikroskopik həcmdə görünür. Və ən əsası, heç kim qarantiya vermir ki, ABŞ qazı rus qazından ucuz olacaq. Lakin bəziləri bu qənaətdədir ki, ABŞ-ın proseslərə, xüsusən də "Türk axını”na mane olmaq üçün bir sıra təsir imkanları var. VETA qrupunun eksperti Dmitri Jarski hesab edir ki, bu, Türkiyəni Rusiyaya qarşı qaldırmaq üçün diplomatik danışıqlar ola bilər. Eləcə də, ABŞ Türkiyə və NATO arasındakı münaqişədən də yararlana, Avropanın cənubunda terminalları maliyyələşdirmək yolu ilə də iqtisadi rıçaqları işə sala bilər. Lakin bütün bunlarla yanaşı, belə bir fikir formalaşıb ki, türk vətəndaşlarının istehlakı üçün "Türk axını”nın birinci xəttinin inşasına mane olacaq hər hansı bir problem mövcud deyil və əsas mübarizə Türkiyəni tranzit ölkəyə çevirəcək kəmərin ikinci xətti ətrafında gedəcək. \\kaspi.az\\


Paylaş:


Müəllif : Tarix:
5-12-2017, 09:25
  


loading...