reklam
» » ABŞ-da benzin ehtiyatlarının kəskin artması nefti ucuzlaşdırıb

ABŞ-da benzin ehtiyatlarının kəskin artması nefti ucuzlaşdırıb

ABŞ-da 25 noyabr-1 dekabr həftəsində benzin ehtiyatları kəskin artım göstərib.
Regionxeberleri.com "Report" - a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.
Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-dakı neft ehtiyatları 5,6 mln. barel və ya 1,2% azalaraq 448,1 mln. barelə düşüb. Qeyd edək ki, analitiklər ehtiyatların 3,4 mln. barel azalacağını ehtimal edirdilər.
Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında kəskin artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 1,7 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 6,8 mln. barel və ya 3,2% artaraq 220,9 mln. barelə çatıb.
ABŞ-da hesabat həftəsində neft hasilatı 25 min barel və ya 0,26% artaraq 9,707 mln. barel/gün təşkil edib və növbəti rekord səviyyə çatıb.
Açıqlanan məlumatlardan sonra "Brent" markalı neftin qiyməti 61 dollar/barelə enib. Qiymət azalmasına səbəb OPEC+ ölkələrinin Vyana sammitindən sonra neft bazarında qiymətləri dəstəkləyəcək xəbərlərin azalması və mövsümi amillərdir.
"Report"un analitik qrupu bildirir ki, ABŞ-da benzin ehtiyatlarının kəskin artması növbəti həftələrdə neft ehtiyatlarının artmasına gətirib çıxaracaq. Belə ki, neft emalı müəssisələri fəaliyyətini bir qədər yavaşladaraq benzin ehtiyatlarının azalmasını gözləyəcək. Qeyd edək ki, Yeni İl bayramı ilə əlaqədar yanacağa tələbat mövsümi səbəblərdən azalır. Bu da öz növbəsində neft ehtiyatlarının artmasına və qiymətlərin böyük ehtimalla 55 dollar/barelə qədər azalmasına gətirib çıxaracaq.


Paylaş:


Müəllif : Tarix:
7-12-2017, 13:06
  
loading...