reklam
» » Daha 3 bank bazarı tərk edir: - BAĞLANACAQ

reklam

Daha 3 bank bazarı tərk edir: - BAĞLANACAQ

Ötən il üçün Azərbaycan iqtisadiyyatında ən aktual məsələ bank sektorunun düşdüyü ağır durum oldu. Hökumət bu problemi aradan qaldırmaq üçün müəyyən addımlar atsa da, görünən odur ki, bunun effekti olmayıb. Belə ki, hal-hazırda da bankların vəziyyəti çox ağırdır və artıq banklar bazardan çıxmağa başlayır.

Ekspertlər hesab edir ki, bankların bağlanması və ya birləşdirilməsi prosesi gecikdirilir və bu da ümumi sektorun vəziyyətini ağırlaşdırır. Görünən odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Dəmirbank”ın bağlanması ilə bu prosesə start verib.

Maraqlıdır, bəs növbədə hansı banklar var?

“Dəmirbank” ardınca xüsusilə, maliyyə vəziyyəti ağır olan bir neçə bankın da bağlanacağı haqqında ictimaiyyətdə və mətbuatda geniş müzakirə aparıldı. Hətta ekspertlər bağlanmaq ehtimalı yüksək olan bankların adını da çəkdilər. Bir sıra banklar rəsmi səviyyədə bu xəbərlərə reaksiya verərək, bağlanmaqla bağlı yayılan məlumatları təkzib etdi. Ancaq mövcud durumunu göz önünə alıb susanlar da oldu.

Bağlanmaq ehtimalı yüksək olan bankların siyahısına başçılığı isə “AGBank” edir. Qeyd edək ki, bu bankın maliyyə vəziyyətinin ağır olması hələ 2016-cı ildən məlumdur. Hal-hazırda bank ümumiyyətlə, kredit siyasətini dayandırıb. Yalnız ipoteka və əmanət üzrə kredit verir. Bu isə bankın maliyyə vəziyyətinin ağır olduğunu gösətərən başlıca amillərdən biridir. Ümumiyyətlə, “AGBank”ın bağlanması və ya birləşdirilməsi istiqamətində müəyyən işlərin aparıldığı haqqında qeyri-rəsmi məlumatlar mövcuddur. Ancaq deyilənlərə kommersiya qurumu tərəfindən rəsmi olaraq heç bir reaksiya verilməyib. Bütün hallarda “AGBank” haqqında yaxın günlərdə, məlumatlara görə fevral ayının ilk ongünlüyünə qədər yekun qərar veriləcək.

Vəziyyəti ağır olan və bağlanmaq ehtimalı yüksək olan digər bank isə “Unibank”dır. Bu bank haqqında isə bir çox təzadlı məlumatlar yayılır. Hətta bank rəhbərinin ölkəni tərk etdiyi haqqında da iddialar səslənir. “Unibank” rəhbərliyi də yayılan xəbərlərə cavab vermək əvəzinə, susmağa üstünlük verir. Bu isə bank haqqında yayılan məlumatların doğruluq ehtimalını artırır. Bankın maliyyə vəziyyəti isə olduqca ağırdır. Nəzərə alsaq ki, devalvasiyadan öncə “Unibank” tək şəxsiyyət vəsiqəsilə böyük həcmli valyuta kreditləri verib. Verilən kreditlərin də böyük həcmi problemlə üzləşib. Təsadüfi deyil ki, bu gün problemli kreditlərin böyük əksəriyyəti məhz “Unibank”ın payına düşür. Bu bankın da yaxın zamanlarda fəaliyyətini dayandıracağı ehtimalı yüksəkdir.

“Turan Bank”da maliyyə vəziyyəti ağır olan banklar siyahısındadır. Məlumatlara görə 2017-ci ilin yekunlarında bank xərclərini azaltmaq üçün bir sıra işçilərini ixtisara salıb. İxtisara düşənlər arasında çoxluğu isə kredit mütəxəssisləri və texniki işçilər tutur. Bankın kredit portfeli isə ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Bu da bankın gəlirlərinə mənfi təsir göstərən başlıca amillərdən biridir.

Əslində bu gün demək olar ki, ölkədə fəaliyyət göstərən bankların 90 faizi müflis vəziyyətindədir. Bu da təkcə bank sektoru deyil, ümumi olaraq ölkə iqtisadiyyatına ciddi zərər vurur. Ekspertlər də vurğulayır ki, bank sektorunun sağlamlaşdırılması vacibdir. Bunun üçün ilk növbədə “xəstə” bankların bağlanması və birləşdirilməsi prosesi aparılmalıdır.

İqtisadi-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında ad çəkməsə də, ümumi olaraq bir çox bankın bağlanmaq ehtimalı olduğunu deyib. N.Cəfərli hesab edir ki, bankların bağlanması bu ilin ən aktual məsələsi olacaq: “Bankların gündəlik işinə maneə yaratmamaq üçün ümumi olaraq belə bir fikir söyləmək olar ki, Azərbaycanın bank sektorunda ümumilikdə ciddi problemlər var. Bu problemlərin başında gələn əsas problem isə verilmiş kreditlərin geri qaytarılmasında yaranan çətinliklərdir. Yəni, proplemli kreditlərin həcmi rəsmi məlumatlara görə 16, qeyri-rəsmi hesablamalara görə isə 25-30 faiz civarındadır. Hətta düşünürəm ki, problemli kreditlərin həcmi bundan da yüksəkdir. Çünki informasiya çıxış imkanları məhduddur və bu da çətinliklər yaradır. Bankların əsas gəlir mənbəyi kreditlər olduğu üçün bu gün ən böyük problem məhz geri qaytarılmayan kreditlərdir.

Banklar kreditlərə tətbiq etdiyi faizlərlə inkişaf edir və əməkdaşlarına əmək haqqı ödəyir. Azərbaycanda demək olar ki, bu sıfırlanıb. Problemli kreditlərin həcmi o qədər artıb ki, artıq bankların ümumi kredit portfelinə ciddi ziyan vurur. Bu da vətəndaşlar və banklar arasında, yəni, ikili münasibətlər çərçivəsində həll olunacaq problem deyil. Nə vətəndaşın əlavə vəsaiti var ki, kreditini bağlasın. Çünki kreditlər son iki ildə iki dəfə bahalaşdı. Kreditlərin böyük əksəriyyəti valyutada idi və devalvasiya kredit ödənişlərinə ciddi zərbə vurdu. Nə də ki, bankların vəsaiti var ki, vətəndaşla uzlaşıb kreditlərin bir hissəsini silsin. Bu məsələ dövlətin dəstəyi olmasa, bank sektorunun ayaqda qalması mümkün görünmür. Dövlət isə təəssüf ki, ancaq özünün bankı olan Azərbaycan Beynəlxalq Bankının ayaqda qalması üçün milyardlar xərclədi. Özəl banklarla vətəndaşlar arasında yaşanan problemlərdə heç bir dəstək göstərmədi. Buna görədir ki, bu gün məhkəmə işlərinin 70 faizində bank-vətəndaş münasibətləri önə çıxır. Bu böyük ailə faciələrinə belə səbəb olan məsələdir.

Dövlət dəstəyinin olmaması həm də bankların müflis olmasına səbəb olub. Artıq yaxın gələcəkdə bir neçə bankın bağlanması və ya birləşməsi qaçılmaz olacaq. Çünki bu bank sektoru üçün çəkiləsi yük deyil. İki ildir ki, bu proses uzanır. Baxmayaraq ki, son iki ildə bir sıra banklar bağlanıb, ancaq bu prosesin sona çatdığı demək deyil. Bir çox bankların bağlanması və ya birləşdirilməsi bu ilin ən aktual məsələlərindən biri olacaq. Bank sektoru isə sağlamlaşması, ümumi iqtisadiyyatda atılan addımların heç bir effekti olmayacaq. Rəsmi rəqəmlərə görə 2016-cı ilə nisbətən 2017-ci ildə bankların kredit verməsi 4 milyard manat azalıb. Nəzərə alsaq ki, 2016-cı il bank sektoru üçün çox ağır il idi. Bu isə o, deməkdir ki, bank sektoru artıq müflis olub və ayaqda durmağa çətinlik çəkir”.


Paylaş:


Müəllif : Tarix:
10-01-2018, 10:33
  


loading...
Загрузка...