reklam
» » Bankların gəlir qapısı bağlandı: - Kredit alan yoxdur

reklam

Bankların gəlir qapısı bağlandı: - Kredit alan yoxdur

Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlər göstərir ki, hazırda ölkə vətəndaşları əvvəlki kimi kredit götürmür.Belə ki, Azərbaycan əhalisi banklardan istehlak krediti götürməyi kəskin azaldıb. 2017-ci il dekabrın 1-ə olan məlumata görə, ölkədə istehlak kreditlərinin ümumi həcmi 4 milyard 672,2 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 1 256 milyon manat və ya 21,2 faiz azdır. Təkcə son iki ayda istehlak kreditləri 210 milyon manata yaxın azalıb. Amma ümumilikdə ölkə üzrə kredit portfeli də kəskin (son bir ildə təxminən 25 faiz) azaldığına görə, istehlak kreditlərinin ümumi kreditlərdəki payı yüksələrək 36,4 faizdən 38,2 faizə çatıb.

İstehlak kreditlərinin tərkibi də dəyişib. Bir il əvvəl götürülən istehlak kreditlərinin cəmi 28,6 faizi evlərin alınmasına xərclənirdisə, indi bu rəqəm 35 faizə yüksəlib. Evlərin alınması üçün xərclənən pullar isə 1 694 milyon manatdan 1 727 milyon manata qalxıb.Bu artımın əsas səbəbi, 2017-ci ildə ipoteka kreditlərinin kəskin artımı olub. Nəticədə əhalinin başqa məqsədlər üçün aldığı kreditlərinin həcmi ötən ilki 4,2 milyard manatdan 2,9 milyard manata düşüb.

Ekspertlər hesab edir ki, kreditlərin azalmasının əsas səbəbi, devalvasiyadan sonra artan problemli kreditlər və banklarla müştəri arasında məhkəmə çəkişmələridir.Əhali bundan sonra istehlak kreditlərinə daha ehtiyatla yanaşır.Digər tərəfdən, əhalinin ödəniş qabiliyyətinin aşağı düşməsi, istehlak kreditlərinə tələbatı aşağı salıb.Nəticədə kreditlə avtomobil və məişət texnikası satışı da kəskin azalıb.Belə olan halda, indiyədək istehlak kreditlərindən böyük faiz gəlirləri götürən bankları əsas gəlir mənbələrinin birindən məhrum edib.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, istehlakçı kreditlərinin bir neçə formada təsnifatı mövcuddur:

“İlk növbədə, kreditlər təyinatlı və təyinatsız olaraq iki yerə bölünür. Bank təyinatlı kreditləri məhz müəyyən məhsul və ya xidmətin alınması üçün verir. Belə olduqda pullar birbaşa nağdsız şəkildə satıcının hesabına köçürülür.Təyinatsız kreditlərdə isə sizə nağd pul verilir və siz onu istənilən ehtiyacınıza yönəldə bilirsiniz.Təminatlı kreditlərdə təminat müştərinin bankdan aldığı borcun geri qaytarılmasında zəmanət qismində çıxış edir.Əgər müştəri borcunuzu vaxtında qaytarmazsa, bank girov qoyulmuş əmlakı mənimsəmə hüququna sahib olur.Təminatsız kreditlər isə daha kiçik məbləğlərdə verilir və faizi daha yüksək olur.Müddət baxımından isə qısa, orta və uzunmüddətli kreditlərə bölünür.Kreditlər adətən, 3 aydan başlayan müddətlərə verilir.1 ilə qədər olan müddətli kreditləri şərti olaraq qısamüddətli, 1-5 il müddətli kreditləri ortamüddətli və 5 ildə daha uzunmüddətli kreditləri isə uzunmüddətli kreditlər olaraq adlanır”.

İqtisadçının sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda kredit faizləri kifayət qədər yüksəkdir:

“İstehlak kreditlərinə nəzər salsaq, görərik ki, ən aşağı faizlə kredit təklif edən banklarda belə kredit faizləri hər min manat üçün 23-27 faiz təşkil edir. Müqayisə olaraq göstərmək istəyirəm ki, Türkiyədə istehlak kreditlərinin faizləri 1,3-1,7 faiz arasında dəyişir. Fərqin nə dərəcədə böyük olduğunu özünüz də görürsünüz.Əksinə, əhalidən cəlb edilən əmanətlərin faizləri isə əvvəlki illərlə müqayisədə aşağı salınmış və aylıq 11 faizlə 6 faiz arasında dəyişilir.Ölkədə orta aylıq əmək haqlarının 200-400 manat arasında olduğu bir şəraitdə, yüksək faizlərlə götürülmüş kreditlərin geri ödənməsi vətəndaşlar üçün çətinlik törədir.Bu səbəbdən də 2016-cı ildə xarici valyutada götürülmüş kreditlərin 744.600.000 manatı, manatla olan kreditlərin isə 631.368.000 manatı problemli kreditlərə aid edilmişdi”.

Vüsalə Əhmədova hesab edir ki, bank sektorunda yaşanan problemlər iqtisadiyyatdakı daha dərin sistematik böhranların katalizatorudur:

“Bank sektorunun çöküşünün əsas səbəbi ölkədə sərbəst dönərli valyuta çatışmazlığı oldu. Yəni, özünün pik həddini yaşayan neft hasilatı (gündə milyon bareldən çox) 2010-cu ildən etibarən tədricən enməyə başladı və 2015-ci ildə gündə 850 min barel səviyyəsinə düşdü.Milli valyuta sürətlə dəyər itirməyə başladı.Mərkəzi Bank manatın kursunu stabilləşdirmək üçün resurslarının üçdə ikisini itirdi. Nəticədə isə ard-arda iki devalvasiya dalğası, manatın 57 faiz dəyər itirməsi, istehlak mallarının qiymətlərinin ani yüksəlməsi, 15 bankın faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın “qurbanına” çevrilməsi və dolayısıyla problemli kreditlərin həcmindəki artım”.

Ekspert onu da əlavə edib ki, 2017-ci ildə bank sektorunun aldığı zərbələrin fəsadlarının aradan qaldırılması yönündə atılan addımlar davam etdirilsə də, problemin kökündən həll edildiyini söyləmək olmaz:

“Bank sektorunun sağlamlaşdırılması istiqamətində dünyada təcrübədən keçirilmiş bir sıra yanaşmalar mövcuddur ki, onların əsas aspektlərini nəzərinizə çatdırmaq istəyirəm. Məsələn, Malayziya yanaşmasında problemlərin öhdəsindən gəlmək üçün ikili metod tətbiq edilib.Belə ki, bir yandan maliyyə qurumlarındakı problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülərkən, digər yandan da real sektordakı şirkətlərin reabilitasiyası həyata keçirilməyə çalışılmışdı.Türkiyə yanaşmasında isə, aktivlər banklarda saxlanılaraq, müəyyən ediləcək lider bir bankın başçılığı altında qurulan komitə vasitəsilə məhkəməyə müraciət etmədən problemlərin həllinə yönəlik strategiyaya üstünlük verilmişdi.Tayland hökuməti isə gecikmiş kreditlərlə bağlı problemə birbaşa müdaxilə etmə prinsipinə üstünlük vermişdi.Tayland Mərkəzi Bankının strukturunda FIDF (Financial Institions Development Fund) adlı qurum yaradılaraq çətin vəziyyətə düşən banklara maliyyə dəstəyi göstərməklə yanaşı, bağlanılan bankların ləğvi prosesini də öz üzərinə götürmüşdü.Bundan əlavə, fəaliyyətini davam etdirməsi mümkün olmayan maliyyə qurumları sektordan kənarlaşdırılaraq, problemlərlə üzləşən maliyyə qurumlarındakı əmanət və kredit sahiblərinin hüquqlarını qorumaq məqsədilə onlara dövlət təminatı verilmişdi.Həmçinin bazarı canlandırmaq və restrukturizasiya fəaliyyətlərinin həyata keçirilməsi üçün zaman ayrılmışdı”.


Paylaş:


Müəllif : Tarix:
19-01-2018, 10:03
  
loading...