reklam
» » AQRAR SEKTORUN PROBLEMLƏRİ və İNKİŞAF İSTİQAMƏTLƏRİ – İqtisadçı alim açıqladı

reklam

AQRAR SEKTORUN PROBLEMLƏRİ və İNKİŞAF İSTİQAMƏTLƏRİ – İqtisadçı alim açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində – UNEC-də professor-müəllim heyətinin elmi potensialından daha səmərəli istifadə etmək, ölkəmizdə dövlət tərəfindən reallaşdırılan proqramlara iqtisadçı alimlərinin də öz töhfələrini verməsini təmin etmək üçün həm universitet səviyyəsində, həm də fakültələrdə vaxtaşırı elmi seminarlar təşkil olunur. UNEC-in İqtisadiyyat fakültəsi bu seminarların işgüzar müzakirələr şəraitində keçməsinə xüsusi önəm verir. Bu baxımdan İqtisadiyyat fakültəsində keçirilən elmi seminarlar daha çox ölkə iqtisadiyyatının aktual problemlərinə həsr olunur. Növbəti seminarın mövzusu da ölkəmiz üçün xeyli aktual olan bir mövzuya həsr olunub.

“Azərbaycan Respublikasında aqrobiznesin formalaşması vəziyyəti və onun inkişafının prioritet istiqamətləri” mövzusunda keçiriləcək elmi seminarın məruzəçisi isə «Müəssisənin iqtisadiyyatı» kafedrasının dosenti, iqtisad elmləri namizədi Qalib Bəhram oğlu Hacıyevdir. Onun maraqlı fikirlərlə zəngim məruzəsi qısa ixtisarla “AzPolitika.info”nun oxucularına təqdim edirik:

Ölkəmizdə istehlak edilən kənd təsərrüfatı və ərzaq məhsullarının 1/3 hissəsindən çoxunu idxal olunan məhsullar təşkil edir

aqrar1Azərbaycan Respublikasının iqtisadiyyatının bazar prinsiplərinə uyğun olaraq formalaşdığı şəraitdə ən mühüm problemlərdən biri aqrobiznesin formalaşması və onun inkişafının prioritet istiqamətlərinin müəyyən olunmasıdır. Ölkənin aqrar sahəsindəki biznes qurumları istehsal olunan məhsulların satışının həyata keçirilməsində bir sıra milli və regional iqtisadi problemlərlə üzləşirlər. Ölkənin aqrobiznes sistemi müstəqilliyin ilk illərində yeni iqtisadi şəraitə uyğunlaşdırılması problemi ilə üzləşmişdir. Keçən əsrin 80-ci illərində dövlətin siyasəti kənd təsərrüfatını kütləvi şəkildə dəstəkləməkdən ibarət idi. Bu halda həm istehsalçılara, həm istehlakçılara subsidiya verilirdi. Dövlət istehlakçılar üçün məhsulun qiymətini aşağı səviyyədə, istehsalçılar üçün isə yüksək səviyyədə saxlayırdı. Həmin siyasət nəticəsində dövlətin aqrar sahə üçün xərcləri hədsiz dərəcədə artmışdı və bu büdcə ehtiyatlarının tükənməsinə səbəb olurdu.
Müstəqilliyin ilk illərində ölkənin iqtisadi böhran vəziyyətinə düşməsi ilə əlaqə¬dar biznesin düzgün təşkil olunmadığı üçün əhalinin ərzaq resurslarının formalaşmasında milli istehsalın həcmi xeyli aşağı düşmüş və ölkəmizə idxal olunan məhsulların həc¬mi isə yüksəlmişdir. Hazırda ölkəmizdə istehlak edilən kənd təsərrüfatı və ərzaq məhsullarının fiziki çəkidə 1/3 hissəsindən çoxunu idxal olunan məhsullar təşkil edir. Ərzaq resurslarının formalaşmasında milli istehsal hesabına müxtəlif növ kənd təsərrüfatı və ərzaq məh¬sulları ilə idxal məhsulları arasında nisbət çox böyük intervalda dəyişikliyə məruz qalır. Bu baxımdan ölkəmizdə bazar iqtisadiyyatının əsas prinsiplərindən istifadə olunduğu müasir şəraitdə aqrar sahədəki biznes qurumlarının rəqabətqabiliyyətliliyinin artırılmasına zərurət yaranmışdır. Bununla əlaqədar mövcud tələblərə uygun biznesin formalaşması məqsədilə biznes qurumlarının iqtisadi potensialından səmərəli istifadə etməklə məhsulun rəqabətqabiliyyətliliyinin artırılması üçün iqtisadi islahatlar həyata keçirilməlidir.

İnkişaf etmiş satınalmalar sisteminin olmamasının yaratdıığı problemlər

ilham-eliyevÖlkə Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixində imzaladığı fərmanı ilə «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi» təsdiq edildi. Milli iqtisadiyyat üçün strateji baxış və prioritet sahələr üçün yol xəritələri hazırlandı.Onlardan biri olan «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi»nin milli iqtisadiyyatın aqrar sahəsində biznesin formalaşmasında və onun səmərəliliyinin artırılmasında böyük əhəmiyyəti vardır. Bu kimi normativ bazanın formalaşdığı şəraitdə bazarda aqrar sahədəki biznes qurumlarının istehsal etdikləri hər bir məhsulun rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə onun öz funksiyalarını digər anoloji məhsullara nisbətən daha yaxşı yerinə yetirilməlidir.
Aqrobiznes sisteminə dövlət maliyyə yardımı məqsədli proqramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə – kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında həyata keçirilir.
Müstəqilliyin ilk illərində ödkədə qiymətlər liberallaşdırılandan və aqrobiznesin dövlət tərəfindən subsidiyalaşdırılması ləğv ediləndən sonra pərakəndə satış qiymətləri sürətlə artmağa başladı. Nəticədə kənd təsərrüfatı məhsullarına tələbat kəskin azaldı və aqrobiznesə ciddi zərər dəymiş oldu. Əhalinin tədiyə qabiliyyətli tələbatının aşağı olması kənd təsərrüfatı məhsulları satışı imkanlarını məhdudlaşdırırdı.

Məhsulun satışı ilə əlaqədar problemlər həm də satışın pis təşkil edilməsi ilə izah edilir. Bunun bir səbəbi bazar infrastrukturunun inkişaf etməmiş olmasıdır. İnkişaf etmiş satınalmalar sisteminin olmaması, məhsulun daşınması, emal edilməsi və marketinqi əməliyyatlarının baha başa gəlməsi transaksiya xərclərinin artmasına gətirib çıxarmış, bu isə xarici ticarətin liberallaş¬dırılması və idxalın artması şəraitində yerli məhsulların hətta daxili bazarda da rəqabət qabiliyyətli olmaması ilə nəticələnmişdir.

Aqrar elmi infrastrukturun əsas problemi informasiyanın yayılması sisteminin olmamasıdır

aqropark_123Azərbaycan Respublikasında aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrobiznes sistemində daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçı¬larına verilən müddətli vergi güzəştləri ilə bərabər, keçən ildən dövlət tərəfindən onlara yanacaq, motor yağlarının və mineral gübrələrin alınmasında güzəştlər edilir, dövlət və özəl toxumçuluq təsərrüfatlarına yetişdirdikləri toxumlara görə subsidiyalar verilir.
Aqrobiznes sistemində məhsulların isteshalını artırmaq və bu sahədə biznesin inkişafını təmin etmək məqsədi ilə bir çox çüzəştlər həyata keçrilib, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslərin vergi borcları silinib.
Müasir iqtisadi şəraitdə aqrobiznes sistemində struktur siyasəti fermerlərin gəlirlərinin birbaşa artması ilə əlaqədar olmayan kənd təsərrüfatının dəstəklənməsi tədbirlərinin məcmusudur. Struktur siyasətinin əsas istiqamətlərindən biri elmi, istehsal və sosial infrastrukturun dəstəklənməsidir.
Aqrar elmi infrastrukturun əsas problemi informasiyanın yayılması sisteminin olmamasıdır. Məhz bu səbəbdən istehsalda elm tutumu nisbətən aşağı olan texnologiya¬lardan istifadə edilir. Özəl kəndli (fermer) təsərrüfatlarının yaradılmasına dövlət dəstəyi, istehsalın təşkil edilməsi üçün kənd yerlərinə köçənlərə müavinətlər verilməsi struktur siyasətinin daha bir mühüm bir sahəsidir.

Maliyyələşdirmənin lazımi səviyyədə olmaması bütün ölkədə torpaqların vəziyyətinin pisləşməsinə səbəb olur

567076Azərbaycan Respublikasının iqtisadiyyatının bütün sahələrində olduğu kimi aqrobiznes sistemində də ən böyük problem xüsusən kənd yerlərində infrastrukturun vəziyyətidir. Eyni sözləri məhsulun saxlanması və emalı ilə məşğul olan müəssisələr barəsində də demək olar. Azərbaycan Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların cüzi hissəsində meliorativ tədbirlər həyata keçirilmişdir.

Maliyyələşdirmənin lazımi səviyyədə olmaması bütün ölkədə torpaqların vəziyyətinin pisləşməsinə səbəb olur. İslahat nəticəsində aqrar-ərzaq bazarında, marketinqin təşkilində və məhsulların təbliğində dövlətin rolu azalmışdır. Nəticədə başqa satış kanallarının əhəmiyyəti artmışdır.
Məlum olduğu kimi, aqrobiznesin normal şəkildə inkişaf etdirilməsi üçün onu büdcə vəsaitləri hesabına dəstəkləmək zəruridir. Bu cür xərclər bütün ölkələrdə tətbiq edilir, lakin xərclərin artması heç də həmişə istehsalçıların vəziyyətinin yaxşılaşması ilə birbaşa bağlı olmur. Dövlətin aqrar siyasəti nəticəsində belə vəziyyət yarana bilər ki, büdcədən birbaşa ödənişlərin artmasına baxmayaraq istehsalçıların real mədaxili azalar.

Topdansatış satınalmalar sisteminin lazımınca inkişaf etməməsi də problemlər yaradır

Topdansatış satınalmalar sisteminin lazımınca inkişaf etməməsi ayrıca bir problemdir. Bu, məhsulun sərbəst kanallar vasitəsilə satışı ilə bağlı çətinliklərə gətirib çıxarır. Dövlətin xarici ticarət siyasəti aqrobiznesin problemlərini daha da kəskinləşdirirdi. İslahatların başlanğıcında ixrac rüsumları və idxal subsidiyaları tətbiq edilmişdir. Yalnız son dövrlərdə yerli istehsalçının qorunması üçün tədbirlər görül¬müş və idxal rüsumları tətbiq edilmişdi. Hərçənd bu cür tədbirlərin tətbiq olunması yalnız islahatın erkən mərhələlərində özünü doğruldur.
Aqrobiznesin normal fəaliyyətini təmin etmək üçün bazarda şəffaflığı artırmaq, onun vəziyyəti barədə siqnalların dəqiq olmasını təmin etmək lazımdır. Başqa sahələrdə olduğu kimi bazar infrastrukturunun inkişafına mane olan barter əqdləri ciddi problemə çevrilmişdir.

Azərbaycanda aqrobiznesin tənzimlənməsi üçün tətbiq edilən əsas üsullar

aqrar51996-2017-ci illərdə ölkədə reallaşdırılan məqsədyönlü aqrar siyasətin və aqrobiznes sistemində köklü islahatların aparılması, torpaqların kənd əhalisinin mülkiyyətinə verilməsi və kənddə biznesin inkişaf etdirilməsinə əlverişli şərait yaratmışdır. Bu dövrdə «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Qanunun (1999), «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının (2002-2005-ci illər)» (2002), Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının (2004-2008; 2009-2013 və 2014-2018-ci illər)», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair» (2008) Dövlət Proqramının təsdiq edilməsi haqqında ölkə Prezidentinin Fərmanları və s. biznesin inkişafına təkan verdi.
Hazırda Azərbaycan Respublikasında aqrobiznesin tənzimlənməsi üçün tətbiq edilən əsas üsullar aşağıdakılardır:
- qiymətlərin və istehsalçıların gəlirlərinin sabit saxlanması. Buraya istehsalçılara birbaşa qiymət subsidiyaları, minimal zəmanətli qiymətlərin müəyyən edilməsi, ordunun və iri şəhərlərin ehtiyaclarını təmin etmək üçün dövlət tərəfindən ərzaq məhsulları tədarükü;
– xarici ticarətin tənzimlənməsi və vergi güzəştləri;
– istehsalçıların xərclərinin azaldılmasına yönəlmiş tədbirlər, məsələn istehsal vasitə¬ləri üçün xərclərin kompensasiya edilməsinin müxtəlif üsulları (istehsalçılara birbaşa kompensasiyalar, lizinq sistemi, istehsal vasitələrinin aşağı qiymətə təqdim edilməsi);
– kənd təsərrüfatı istehsalçılarına güzəştli kredit;
– struktur siyasəti: istehsalçıların gəlirləri ilə əlaqədar olmayan müxtəlif dəstəkləmə tədbirləri.
Yuxarıda sadalanan tədbirlər dövlət səviyyəsində tətbiq edilir. Regional yerli özünü idarəetmə orqanları başqa tənzimləmə üsulları da tətbiq edə bilərlər.

Azərbaycanda aqrobiznesə dəstək məqsədilə həyata keçirilməli tədbirlər

imagesAzərbaycan Respublikasının aqrobiznes sistemində əsas problemlərdən biri kənd təsərrüfatı istehsalçılarının gəlirlərinin iqtisadiyyatın başqa sahələrdəki istehslaçıların gəlirlərdən geri qalmasıdır. Aqrobiznes sistemində əmək haqqı səviyyəsinin də ölkə üzrə orta əmək haqqı səviyyəsindən geri qalması müşahidə olunur. Buna görə də aqrobiznesin kənd təsərrüfatı sahə¬sində dövlət siyasətinin əsas istiqaməti istehsalçıların gəlirlərini, xüsusən də qiymətləri dəstəkləməkdir.
Azərbaycan Respublikasında aqrobiznesə dəstək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilməlidir:
- aqrobiznes sistemində normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
– mərkəzi, regional və yerli səviyyələrdə biznesin inkişafına dəstək verən infrastrukturun yaradılması;
– əhalinin sosial cəhətdən daha az təmin olunan təbəqələrinin,o cümlədən işsizlərin, qaçqınların və məcburi köçkünlərin, əlillərin, şəhid ailələrinin, təqaüdçülərin, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi;
– idxaldan asılılığın aradan qaldırılması və ixracın stimullaşdırılmsaı;
– aqrobiznes sistemində biznesin həvəsləndirmə sisteminin formalaşdırılması və ona miliyyə köməyinin göstərilməsi;
– aqrobiznes sistemində biznes strukturlarının inkişafı üzrə tədqiqatların aparılması;
– aqrobiznes qurumlarına maliyyə, maddi, elmi-texniki və informasiya resurslarını əldə etmələri üçün güzəştli şəraitin yaradılması;
– aqrobiznes sistemində istehsal yönümlü biznesə dövlət himayədarlığının təmin edilməsi.

Qeyd edək ki, həm iqtisad elmləri namizədi Qalib Hacıyevin məruzəsinin tam mətni ilə tanış olmaq, həm də mövzu ətrafında maraqlı müzakirələrdə iştirak etmək istəyənlər, UNEC alimlərinin fikirlərini dinləmək istəyənlər, yanvarın 26-da “İqtisadiyyat” fakültəsində keçiriləcək elmi seminarda iştirak edə bilərlər.
















Paylaş:


Müəllif : Tarix:
25-01-2018, 20:41
  


loading...
Загрузка...