reklam
» » Manatı gücləndirəcək addım... - Gömrükdəki anlaşılmazlıq da aradan qaldırılacaq

reklam

Manatı gücləndirəcək addım... - Gömrükdəki anlaşılmazlıq da aradan qaldırılacaq

Milli valyutanın ölkədən çıxarılması və gətirilməsində məhdudiyyət olmayacaq. Ölkədən milli valyutanın çıxarılması və gətirilməsində məhdudiyyətin olmamasını tənzimləyən xüsusi hüquqi aktın qəbul edilməsinə ehtiyac yaranıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, qüvvədə olan qanunvericilikdə bu əməliyyatları hər hansı qadağan edən normalar mövcud olmasa da, gömrük nəzarəti zamanı vətəndaşlar müəyyən çətinliklərlə üzləşir:

“Yaranmış vəziyyəti, eləcə də ölkənin milli valyutasının sabitləşdiyi bir vaxtda regional səviyyədə dövriyyəsini stimullaşdırmaq məqsədilə milli valyutanın gömrük prosedurları altında məhdudiyyətsiz olaraq sərhəddən keçidini tənzimləyən hüquqi aktın layihəsi hazırlanmış, əlaqədar dövlət qurumları ilə razılaşdırılmış və “Valyuta tənzimi haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqinə təqdim edilmişdir”.(Marja)

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, milli valyutanın ölkədən çıxarılmasına heç bir məhdudiyyət yoxdur:

“Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 min ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Amma milli valyutaya heç bir məhdudiyyət yoxdur, istənilən qədər ölkədən manat çıxarıla bilər. Gömrük orqanları tərəfindən hər hansı məhdudiyyətin tətbiq edilməsi qanunsuzdur. Yəqin ki, Mərkəzi Bank bu anlaşılmazlığın qarşısını almaq üçün bu sahədə xüsusi qaydaların tətbiq olunmasını istəyir. İlk baxışdan ortaya müəyyən suallar çıxır. Dövlətimizi ölkədən xarici valyutanın çıxarılmaması maraqlandırır. Əgər milli valyutamızı kimsə, haradasa istifadə etmək istəyirsə, bu yalnız manatın güclənməsinə səbəb ola bilər. Məsələn, ABŞ dolları istənilən qədər çap olunur və dünyada dönərli valyuta hesab olunur. Amma Amerikada Azərbaycanda olan problem yoxdur. Burada müəyyən sui-istifadə halları baş verə bilər. Tutaq ki, hansısa bir şəxs ölkədən 1 milyon dollar çıxarmaq istəyir, amma çıxara bilmir. Çünki qanunvericilikdə gömrük orqanında şifahi formada bəyan etməklə 10 min dolların çıxarılmasına icazə var. Bu zaman həmin şəxs 1 milyon dollar əvəzinə, 1 milyon 700 min vəsaiti manat şəklində çıxardar. Həmin pulları xaricdə satsa, əvəzinə ona 1 milyon dollar verəcəklər. Azərbaycana qayıdan həmin xarici vətəndaş qanunvericiliyə əsasən bəyan edir və ölkəyə 1 milyon 700 min manatla girir. O, Azərbaycandan dolları alıb gedir və bu zaman ona heç kəs məhdudiyyət qoya bilməz. O deyə bilər ki, ölkəyə milli valyuta gətirib, əvəzində dollar alıb aparır. Son nəticədə ölkədən 1 milyon dollar çıxır”.

Əkrəm Həsənov hesab edir ki, sözügedən məsələdə ehtiyatlı olmaq lazımdır:

“Yeni qaydalar məhdudiyyətsiz olsun, amma qeydiyyatla olsun. Yəni, maliyyə monitorinqi xidmətinin imkanı olsun ki, bu qaydalardan sui-istifadə etmək istəyənlərə qarşı müəyyən tədbirlər görmək mümkün olsun. Elə olmasın ki, ölkədən milli valyutanın məhdudiyyətsiz çıxarılmasından, reallıqda xarici valyutanın məhdudiyyətsiz çıxarılması üçün istifadə edilsin. Reallıqda Azərbaycan manatını xaricdə kim istifadə edər? Mən xaricə gedəndə 1 və ya 5 manatı getdiyim ölkədə tanışlara verirəm ki, bu, Azərbaycanın milli valyutasıdır. Milli valyutanı bir növ öz ölkəmizi populyarlaşdırmaq üçün hədiyyə kimi vermək olar”.


Paylaş:


Müəllif : Tarix:
15-11-2018, 09:21
  


loading...
Загрузка...