reklam
» » “OPEC artıq bazara təsir edə bilmir” - Neft yenə ucuzlaşır…

reklam

“OPEC artıq bazara təsir edə bilmir” - Neft yenə ucuzlaşır…

Xəbər verdiyimiz kimi, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 8% azalaraq 46,90 dollar olub.

Neftin qiymətinin düşmə səbəbləri barədə BakiPost.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, əslində, son 2 ayda dünya neft bazarındakı balans "qara qızıl”ın qiymətinin azalacağına işarə verirdi: "Qlobal neft bazarı yenidən çalxalandı. Bu il ilk dəfə olaraq Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşdü. Əslində, son 2 ayda dünya neft bazarındakı balans "qara qızılın” qiymətinin azalacağına işarə verirdi. OPEC-in hasilatın azaldılması ilə bağlı razılaşması artıq bazara təsir imkanları məhdudlaşmaqdadır.

Hasilatın azaldılması OPEC və eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən də Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırmaqdadırlar. ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirməkdədir. Həmçinin şist neftin maya dəyəri aşağı düşdükcə OPEC-in bazara təsir imkanları azalır. Bir neçə il öncə hər barelinin maya dəyəri 65 dollara başa gələn şist neftin xərci artıq 35 dollara yaxınlaşır. Bu isə o deməkdir ki, şist neft bazarda "əsas rəqib” statusunu gücləndirməkdədir.

Eyni zamanda Səudiyyə Ərəbistanın bazarda kiçilən mövqeyi İran və İraq tərəfindən tutulmaqdadır. Gündəlik hasilatını 486 min barel azaldaraq 10.4 milyon barelə düşürən Səduiyyə gündəlik 4.351 milyon barel istehsalı olan İraq və gündəlik hasilatı 3.797 milyon barelə çatdıran İranın bazar payının artmasında maraqlı görsənmir. Həmçinin gündəlik 2.2 milyon barel hasilatı olan Nigeriya istehsalı 1 il sonra 2.5 milyon barelə çatdırmaq niyyətindədir. Liviya gündəlik hasilatı 700 min barelə çatdırıb və il ərzində əlavə yarım milyon barel gündəlik hasilat da hədəfləyir. Bunlar isə neft bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərməkdədir.

Saudi Armako şirkəti 2018-ci ildə Muajjiz yatağından neft hasilatını artımağı planlaşdırır ki, bu da sözügedən ölkənin gündəlik hasilatını 15 milyon barelədək yüksəldə bilər. Nəhayət, OPEC hasilatın azaldılması ilə bağlı anlaşmanı uzatsa belə bunun uzun ömürlü olacağı gözlənilmir. Artıq ölkələr bazar payını itirməkdən ehtiyatlanırlar.

Ötən ilin aprel ayında Vyanada OPEC-nin baş katibi ilə görüşəndə o bildirdi ki, təşkilat qiymətin yaxın illərdə hər barel üçün 55-60 dollardan çox olacağını gözləmir. Onun fikirincə, yüksək qiymət daha çox şist neft hasilatı və potensial kəskin qiymət azalmaları deməkdir”.

Hansı halda neftin bazarda vəziyyətinin stabilləşəcəyinə gəlicə, iqtisadçı hesab edir ki, OPEC hasilatın azaldılması ilə bağlı anlaşmanın ən azı birinci mərhələdə nəzərdə tutulan müddət qədər uzadarsa o halda qiymət stabilliyi müşahidə edilə bilər: "Amma uzun müddətli qiymət stabilliyinə nail olmaq çox çətin görsənir.

Neft ölkələri və eləcə də Azərbaycan üçün bu xammalın dünya bazar qiyməti olduqca vacibdir”.

Vüqar Bayramov qeyd edib ki, əslində, neftin bir barelinin 50 dollar olması da ölkəmiz üçün uyğundur: "Amma ən vacibi təbii ki, qiymət stabilliyidir. Qırmızı xətt isə neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər. Azərbaycanın gündəlik neft ixracatı 596 min bareldir. Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, gündəlik neft ixracatından Azərbaycana daxil olan vəsaitin həcmi kiçik kənarlaşmalar ilə istehsal və daşınma xərcləri də daxil olmaqla 29,0 milyon dollardır. Bu vəsaitin orta hesabla 75 faizi Azərbaycan dövlətinə çatır. Deməli, neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik 1 milyon dollardan artıq fərq deməkdir”.


Paylaş:


Müəllif : Tarix:
5-05-2017, 11:32
  
loading...