reklam
» » Toy bazarında monopoliya. Məclisləri ələ keçirən məşhurlarımız – ARAŞDIRMA

reklam

Toy bazarında monopoliya. Məclisləri ələ keçirən məşhurlarımız – ARAŞDIRMA

Günümüzdə baş tutan evliliklər "Arşın mal alan" filmindəki "Bir molla, 3 manat pul, bir kəllə qənd" ifadəsi qədər sadə deyil. Müasir dövrümüzdə evlənmək qərarı verən cütlüklər ilk növbədə şadlıq sarayı axtarışına çıxır. İstədiyini tapdıqda isə əsas məsələ olan müğənni seçiminə keçid edirlər. Burada seçim bol, qiymət və repertuar fərqli, xidmət isə demək olar ki, eynidir. PrimeTime.Az saytı olaraq bu dəfə toy bazarını zəbt edən müğənniləri araşdırdıq. "Kim daha çox toy oxuyar" yarışına girən məşhurların çoxunun öz dilləri ilə desək "kalendarnı" (bütün ay məclisdədir) toyu var. Belə müğənnilər sırasına əsasən kişi ifaçıların adlarını qeyd edə bilərik. Məclisi öz orkestri ilə idarə edən Elton Hüseynəliyev, Zamiq Hüseynov, Ayaz Qasımov, Nuri Sərinləndirici, Samir Piriyev, Abbas Bağırovu qeyd etmək yerinə düşər. Miri Yusif, Ədalət Şükürov və Eyyub Yaqubov isə daha çox yarım saatlıq məclislərə qatılırlar. Bəy məşhurların sırasında bəstəkar-aparıcı-müğənni Murad Arifi qeyd etmək olar. Murad toya artıq unudulmuş terminlə danışsaq tamada qismində getdiyi kimi, bütov toyu idarə edən aparıcı kimi də üz tutur. Tələbatlı kişi müğənniləri sırasında Ceyhun Qalanın da adı tez-tez çəkilir. Xanım ifaçılardan isə bütün toyu idarə edənlər sırasında daha çox Xatirə İslamın adı çəkilir. Toy sahəsində daha bir deyim var - elit məclislər. Bu sahənin də öz seçimləri mövcuddur. Əsasən yarım saatlıq proqramla çıxış edənlər sırasında xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, əməkdar artist Röya Ayxan, müğənnilər Günay İbrahimli və Gülay Zeynallı var. Yeni ifaçılar sırasında tez-tez tələb edilənlərin sırasına Çinarə Məlikzadə də adını yazdıra bilib. Məsələ ilə bağlı prodüser Təranə Səmədova ilə söhbətləşdik. O, qeyd edir ki, toylarda ən çox gördüyü simalar sırasında Ruhəngiz Allahverdiyeva, Mətanət İsgəndərli, Könül Kərimova, Brilliant Dadaşova və Nazpəri Dostəliyevadır:   "Lalə Məmmədova da toy bazarında yeni-yeni aktivləşməyə başlayıb. O, toylara öz ansamblı ilə gedir. Bəlkə də desəm inanmayacaqsınız, amma son zamanlar Tünzalə Ağayeva da öz musiqiçiləri ilə ümumi məclisləri idarə edir". Azərbaycanda bir o qədər olmasa da Rusiya toy bazarını ələ keçirən müğənni isə Rəqsanə İsmayılovadır. Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin şad günlərini idarə edən ifaçı sanki təyyarə ilə səfər etməkdən bezərək Rusiyaya köçüb. İndi isə daha çox bölgələrimizdə tələb olunan ifaçılarımıza nəzər salaq. Təbii ki, paytaxta baş tutan toyla, bölgələrimizdə keçirilən məclislər arasında fərq var. Bu həm də müğənni seçimində özünü hiss etdirir. Daha çox rayon toylarına dəvət olunan müğənnilər sırasında Təranə Qumral və Musa Musayev cütlüyü var. Buraya Nazənin və Şəbnəm Tovuzlu da daxildir. İfaçılar daha çox Şəmkir toylarında çıxış edir. 3 ay öncədən "bron" edilməsi lazım olan müğənnilər də var. Belə ifaçılardan biri də Damladır. Bu müğənninin toyunun çox olmasının səbəbi onun üçün məclisin baş tutacağı məkanın önəmli olmaması ilə bağlıdır. Tələbatlı Damla paytaxt və bölgələr arasında heç bir fərq qoymur. İfaçı şadlıq sarayında ifa etdiyi repertuarı ilə, "Palatka" toyunda da çıxış edir. Təbii ki, hazırki toyları rəqqasəsiz düşünmək mümkün deyil. Bu bazarda öz yerini möhkəmlədənin kimliyi yəqin ki, hər kəsə bəllidir. Demək olar ki, baş tutan bütün məclislərdə rəqqasə Renkanı görürük. Sonda isə toydan öncə baş tutan xına məclislərini də qeyd etmək istəyərdik. Bu sahə də toylarda olduğu kimi işğal edilib deyə bilərik. Xınayaxdı məclislərini ələ keçirənlər rəqqasə Fatimə Fətəliyeva, şairə Nazilə Səfərli və müğənni Xuraman Şuşalıdır. Əksər xınalarda rəqqasə qismində yenə də Renka çıxış edir. Bu xidmətlərdən istifadə edənlərin xərcinin toya bərabər olduğu, hətta toy qiymətlərini geridə qoyduğu da bir çoxlarına bəllidir. Uzun illərdir ən gəlirli ifaçılarla çalışan prodüser Anar Mədətov da məsələyə münasibət bildirib: "Bu gün toylarda ən çox görünən müğənnilər Ədalət Şükürov, Tünzalə Ağayeva, Röya və Miri Yusifdir.   Bildiyiniz kimi son zamanlar toylarda muğam ifaçılarını görmək istəyənlər olur. Bu kateqoriyada isə ən çox tələb olunan Cabir Abdullayev və Mənsum İbrahimovdur. Aşıqlardan isə son zamanlar məclislərdə aşıq Əlini görmək mümkündür. Bütün toyu isə əsasən Nuri Sərinləndirici və Samir Piriyevə həvalə olunur. Aparıcılara gəldikdə isə onların hər birinin öz tələbi olur. Çünki onlar da kimlərləsə işləyir. Hazırda gündəmdə Nərgiz Cəlilova, Afaq Gəncəli, Nəsib Nur və Şəhriyar Əbilovdur". Meyxançıların da toyla bağlı məsələlərdə xüsusi qazanc yeri var. Pərviz Bülbülə, Rəşad Dağlı, Orxan Lökbatanlı və Ağamirzə əsasən kişilərin toplaşdığı toy axşamında iştirak edirlər. Sonda paytaxtda fəaliyyət göstərən restoranlara da müraciət etdik. Məkan sahiblərinin məsələyə müxtəlif yanaşması oldu. "Bizim restoranda şou-proqramlar da təşkil edilir. Bu üzdən əksər müğənniləri tez-tez görə bilirik. Ümumilikdə toyu idarə edənlər olduğu kimi, yarım saatlıq çıxış etmək üçün qatılanlar da var. Bu günə kimi demək olar ki, bütün müğənnilər ən azı bir dəfə də olsa burada çıxış ediblər"-deyə restoran administratoru bildirib.


Paylaş:


Müəllif : Tarix:
27-09-2017, 10:40
  


loading...
Загрузка...