reklam
» » Böyük ajiotaj yaradan film Bakıda - bilet tapılmır

reklam

Böyük ajiotaj yaradan film Bakıda - bilet tapılmır

Rusiyada imperator II Nikolayın şəxsi həyatından bəhs edən film ətrafında qalmaqallar səngimək bilmir. Pravoslav fəalları filmin kinoteatrların repertuarından çıxarılması üçün bütün tədbirlərə əl atırlar.

Qeyd edək ki, Aleksey Uçitelin çəkdiyi film 1890-96-cı illər ərəfəsində 22 yaşlı Rusiya imperatoru II Nikolayla 18 yaşlı balerina Matilda Kşeşinskaya arasında baş verən məhəbbət macərasını əks etdirir. Hansı ki, həmin vaxt imperator evli deyildi. Filmin büdcəsi 25 milyon dollardır və pul daha çox filmdə olan dekorasiyalar və kostyumlara xərclənib. Maraqlıdır ki, filmin üzərində 9 ssenarist işləyib, hansı ki, onların arasında ABŞ, Fransanın ən yaxşı ssenaristləri var. Filmin beynəlxalq nümayişi martın 30-na planlaşdırılsa da, sonradan 26 oktyabradək təxirə salındı. Avqustun 10-da isə Rusiyanın Mədəniyyət Nazirliyi filmi 16+ kateqoriyasına salıb.

Filmin ilk premyerası Sankt-Peterburqda Marinski teatrında baş tutub. Hansı ki, Matilda Kşeşinskaya məhz bu teatrın səhnəsində çıxış edib. Lakin film təqdim olunmazdan əvvəl Sankt-Peterburda dindarlar böyük etiraz aksiyası keçirib. Onlar bildiriblər ki, film pravoslavların heysiyyətini təhqir edir. Çünki II Nikolay Rusiya Pravoslav Kilsəsi tərəfindən övliyalaşdırılaraq müqəddəslər sırasına daxil edilib. Pravoslavlar hətta məhkəmə yolu ilə filmin nümayişinin qadağan olunmasına çalışıblar. İstədiklərinə nail olmadıqda isə kəskin hərəkət etməyə başlayıblar. Onlar sentyabrın 12-də Sankt-Peterburqda filmin nümayiş olunmasına etiraz olaraq xaç yürüşü keçiriblər. Məlumata görə, yürüşdə 20 min insan iştirak edib. Bununla kifayətlənməyən dindar fəallar filmin rejissoru Aleksey Uçitelin studiyasına “Molotov kokteylli” hücum təşkil edib, vəkilinin maşının yandırmağa cəhd ediblər.

“Matilda” ətrafında gedən qalmaqallar üzündən artıq bir çox Rusiya kinoteatrları onun nümayişindən imtina edib. O cümlədən, İnquşetiyada filmin nümayişinə icazə verilməyib. Həmçinin bəzi əyalətlərdə də filmin nümayişinə icazə verilməyib.

26 oktyabrdan başlayaraq isə film beynəlxalq kinoteatrlara buraxılıb. Bəs Rusiyada qalmaqal yaradan “Matilda” Bakıda nümayiş olunacaqmı?

Məsələ ilə bağlı paytaxtdakı kinotearlarla əlaqə saxladıq. Nizami Kino Mərkəzindən Musavat.com-a verilən məlumata görə, artıq oktyabrın 26-dan başlayaraq film tamaşaçılara təqdim olunur. “CinemaPlus” kinoteatrlar şəbəkəsindən isə bildirildi ki, kinoya böyük maraq var: “Filmin 26 oktyabrdan nümayişi başlayır. Xeyli sayda tamaşaçı zəng vuraraq bilet sifariş edib. Kinoya maraq çox böyükdür”.

Bəzi iddialara görə, “Matilda” filminə qoyulan qadağalar əslində onun piarına hesablanıb. Çünki qadağalar qoyulduqca, tamaşaçıların filmə marağı bir o qədər artır. Məsələn, ötən illərdə dünyada məşhurluq qazanan “Bozun 50 çaları” filmi bir çox müsəlman ölkələrində qadağan olunmuşdu. Buna baxmayaraq, insanlar müxtəlif yollarla filmə tamaşa etmək üçün nümayiş olunan kinoteatrlara axın etmişdilər. Məsələn, Qaraçay-Çərkəs Respublikasından filmə baxmaq üçün tamaşaçılar dolu avtobuslar Pyatiqorska yola düşmüşdülər. Nəticədə yerli kinoteatrların filmin qadağasına görə gəlirləri artmışdı.

Dünyada bir çox qadağan olunmuş, ətrafında qalmaqallar dolaşan filmlər var ki, onların nümayişinə əngəllər yaradılsa da, tamaşaçılar tərəfindən böyük maraq var.

Məsələn, məşhur “Şeytan” filmi saysız-hesabsız mükafatlar alsa da, onun nümayişi bir çox ölkələrdə qadağan olunub. O cümlədən Malayziya və Sinqapurda.

Cazibədar Şeron Stounun baş rolda çəkildiyi “Əsas instinkt” filminə baxmayan az adam tapılar. Lakin film 1992-ci ildə ekranlara çıxandan sonra həm liberalların, həm də konservatorarın qəzəbinə səbəb oldu. Filmə qarşı belə aqressiv münasibətin səbəbi onun zorakılıqla dolu və seksual xarakterli olmasından daha çox siyasi motivlərlə bağlı idi. Şeron Stounun qatil qadın qəhrəmanının biseksual olması geylərin və lesbiyanların qəzəbinə səbəb olmuşdu. Onların fikrincə, kişilərlə yanaşı qadınlara da meyl edən şəxsin filmdə silsilə qətllər törətməsi homofobiyanı gücləndirir, cəmiyyətdə cinsi azlıqlara qarşı onsuz da müsbət olmayan rəyi daha da korlayırdı. Buna etiraz olaraq cinsi azlıqlar filmə qarşı sərt etiraz aksiyalarına başladılar. Sahibi olduğu kafenin çəkiliş meydançası kimi istifadə edilməsinə razılıq vermiş sahibkar və geylər üçün buraxılan qəzetin təsisçisi Çokerin maşınının şüşələrini sındırır, evinin qarşısında etiraz aksiyaları keçirir, ona hədə-qorxu gəlirdilər. Yalnız bir neçə senzura mərhələsindən, dövlət və din xadimləri məsələyə qarışıb, filmdə bəzi səhnələrin təzədən çəkilməsinə nail olandan sonra filmin rahat nümayişinə icazə verildi.

Mel Gibsonun “İsanın əzabları” adlı yeni filmi də böyük qalmaqala səbəb olmuşdu. Film İsa peyğəmbərin son 12 saatından bəhs edir. Lakin katoliklər bu filmə qarşı böyük etiraz etmişdilər. Bütün qalmaqallara baxmayaraq, film nümayiş olunan andan 26 milyon dollar gəlir əldə edib.

Bəs Azərbaycanın qadağan olunmuş filmi varmı? Bəli, var. Bu, 1995-ci ildə böyük çətinliklərlə ərsəyə gələn “Yarasa” filmidir. Filmin rejissoru Ayaz Salayev, baş rolun ifaçısı isə xalq artisti Rasim Balayevdir. Filmin ideyası belədir: kinonun ölümü. “Yarasa” tamaşaçıya həsr olunmuş kino əsəridir, daha doğrusu, sənət əsərinə tamaşa edən gözlər haqqındadır. Məhz buna görə də onun qəhrəmanı kor olur. Film bir çox beynəlxalq festivallarda əsas mükafatı alıb. Lakin ölkəmizdə televiziya ekranlarından yığışdırılıb. Səbəb isə filmdəki açıq-saçıq səhnələrdir. Qeyd edək ki, filmdə cəsarətlə açıq-saçıq səhnələri yaradan aktrisa Mariya Lipkinadır.


Paylaş:


Müəllif : Tarix:
27-10-2017, 09:05
  


loading...
Загрузка...