reklam
» » “FOLKLORÇULAR” İCTİMAİ BİRLİYİNİN YENİ LAYİHƏSİ

reklam

“FOLKLORÇULAR” İCTİMAİ BİRLİYİNİN YENİ LAYİHƏSİ

 
2012-ci ildən bəri fəaliyyət göstərən və ard-arda uğurlu layihələr həyata keçirən “Folklorçular” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə növbəti layihəsinini icrasına başlamışdır.

Layihəni adı “Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” adlanır, adından da anlaşıldığı kimi layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət nümunələrinin tanıdılması, qorunması və təbliğ edilməsidir.

Birlik daha əvvəlki layihələrində ölkə daxilində onlarla tədbir həyata keçirmiş, paytaxtda, regionlarda, xüsusilə də, cəbhə bölgəsində folklorun, milli-mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin təbliği sahəsində əhəmiyyətli işlər görmüşdür. Birliyin işinə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları, alimləri yaxından köməklik göstərmiş, bütün tədbirlərdə iştirak etmiş, İnstitutun fondundan tədbir iştirakçılarına kitablar, audio disklər hədiyyə etmişlər. “Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” layihəsinin icrasına da İnstitutun alimləri ekspert qismində cəlb edilmişdir.

Əsas məqsədi ölkəmizdə folklor ənənələrinin qorunmasına və folklorşünaslığın inkişafına dəstək olan birliyin hazırkı layihəsi 01 may 2017-ci il tarixdən fəaliyyətə başlamış və 2 ay davam edəcəkdir. Layihə çərçivəsində Azərbaycandan başqa, qonşu ölkə Gürcüstanda da tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bu layihənin bundan sonrakı layihələr silsiləsinin başlanğıcı olması ümid edilir və Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrinin bütün dünyada, o cümlədən ilkin mərhələdə Avropada tanıdılması planlaşdırılır.

Bilindiyi kimi, Azərbaycanın 7 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 1 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

1. "Azərbaycan Muğamı" 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

2. "Azərbaycan Aşıq Sənəti” 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası

çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

3. "Novruz" 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

4. "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti" 15-19 noyabr 2010-cu il tarixində Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

5. "Tar və Onun İfaçılıq Sənəti" 3-7 Dekabr 2012-ci il tarixində Parisdə keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 7-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Tar və onun ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

6. "Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" 2-8 dekabr 2013-cü ildə Bakıda keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu" YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

7. "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması"24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

8. “Lahıcın misgərlik sənəti”30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Azərbaycanın iki maddi irs nümunəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir: "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” və "Qobustan Qaya Sənəti Mədəni Landşaftı".

“Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” layihəsi çərçivəsində qeyd olunan qeyri-maddi mədəni irs nümunələrinin hər biri haqda qısa sənədli film hazırlanıb bir video diskdə cəmləşdiriləcək. Düşünürük ki, belə disklərin həm ölkəmizdə, həm də xarici dövlətlərdə paylanması Azərbaycan mədəniyyətinin tanıdılması yönündə atılmış böyük addım olar.

Layihə rəhbəri, AMEA Folklor İnstitutunun hüquq məsləhətçisi  Sevda Kərimova


Paylaş:


Müəllif : Tarix:
10-05-2017, 21:55
  
loading...