reklam
» » Yeni tikililərdə xidmət haqqı necə müəyyənləşdirilməlidir?

reklam

Yeni tikililərdə xidmət haqqı necə müəyyənləşdirilməlidir?

İyunun 13-də Milli Məclisin növbədənkənar plenar iclası keçirilib. Növbədənkənar plenar iclasda bir sıra məsələlərlə yanaşı, Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirə olunub. Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir.

Layihədə qeyd olunub ki, Mənzil Məcəlləsinin XV fəsli çoxmənzilli binanın idarə edilməsi ilə bağlı müddəaları (çoxmənzilli binanın idarə edilməsi üsulu, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi, binanın mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunması və s.) nəzərdə tutsa da, çoxmənzilli binanın idarə edilməsi ilə bağlı vahid qaydaların olmaması bu müddəaların həyata keçirilməsində problemlər yaradır.

Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Hazırkı qanunvericiliyə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Dəyişiklik layihəsində bu müddət bir aya endirilir.

Plenar iclasda komitənin digər üzvü, millət vəkili Zahid Oruc da məsələ ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, tikinti şirkətləri çoxmənzilli binaların idarə edilməsi zamanı nöqsanlara yol verir. "Biz öz mənzilimizdə kirayəçi kimi qalırıq. Belə ki, bəzən mənzil sahibi 100-150 manat kommunal haqq ödəyir. Qapalı şəhərciklərdə bu məbləğ hətta 200 manata da yüksəlir. Əslində, mənzil sahibi blokun təmizlənməsi, liftdən istifadə, eləcə də binaların təmirinə görə pul ödəyir. Nəzərə alsaq ki, binalar 5-7 ildən bir təmir edilir, əvəzində də sakinlərdən xeyli pul alınır. Belə olan halda ödənilən vəsait hara gedir? Birbloklu binalarda mühafizəyə ehtiyac yoxdur. Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşmalar olmalıdır. Binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbəsindəki arasında fərq olmalıdır. Buna görə də yeni qanuna ehtiyac var”.

Məsələ ilə bağlı iqtisadçı, ekspert Vüqar Bayramovun da fikrini öyrəndik. Onun sözlərinə görə, heç bir iqtisadi səbəb olmadan "kommunal pulu” adlandırılan aylıq ödənişlərin məbləğinin son günlər daha da artırılması bir sıra yeni inşa edilmiş yaşayış binalarında sakinlərlə MTK sahibləri arasında narazılığa səbəb olub. Vüqar bəy deyir ki, hətta bəzi MTK sahibləri hər evin kvadrat metri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin ediblər: "Bu, o deməkdir ki, 130 kvadrat metrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın pul ödəməlidir. Bu isə əsaslandırılması mümkün olmayan ödəniş məbləğidir. "Əvvəla, MTK-lar bu məbləğdə ödəniş tələb edə bilərlərmi? Qanunvericilik nə deyir? MTK sahibləri qeyri-dəqiq rəqəmlərə söykənib, aylıq ödəniş tələb edə bilməzlər. Ümumiyyətlə, MTK sahibləri ayrıca, sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, "Kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir”. Elə həmin məcəlləyə əsasən, "Yeni binalarda daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir”. Bu isə o deməkdir ki, bina istifadəyə verildikdən 6 ay sonra idarəetmədə həmin tikilidəki mənzil sahibləri də iştirak etməlidirlər. Təəssüf ki, bu qaydalar təhvil alınmış, yəni dövlət qeydiyyatı olan binalara aid edildiyindən, "kupçasız" binalar bu şərtləri əksər hallarda pozurlar. MTK sahibləri bina sakinlərinin razılaşmadığı aylıq ödəniş məbləği təyin edə bilməzlər. Amma problem ondadır ki, indiyədək cəmi 43 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib. Deməli, əksər binalarda belə cəmiyyətlər fəaliyyət göstərmir. Bundan da belə nəticə çıxır ki, MTK sahibləri şişirdilmiş aylıq ödənişlər müəyyənləşdirirlər”.

İqtisadçının sözlərinə görə, bu cür cəmiyyətləri formalaşdırmaq üçün kommunal xidmətlərlə təmin edilmiş, tam yaşayışlı binalar gərək sadə şərtlərlə dövlət qeydiyyatına alınıb, "kupça” ilə təmin olunsunlar: "Bununla belə, qanunvericiliklə, kommunal xidmətlərlə təmin edilmiş, amma hələlik dövlət qeydiyyatına alınmayan binalar üçün də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması məcburi hala gətirilə bilər. Digər tərəfdən, əksər MTK sahiblərinin yüksək aylıq ödənişlər müəyyənləşdirildiyini nəzərə alsaq, o zaman Nazirlər Kabineti tərəfindən maksimum aylıq ödənişlərinin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu zaman, MTK sahibləri istədikləri rəqəmi aylıq ödəniş kimi elan edə bilməyəcəklər. Bütün hallarda, aylıq ödənişlərin əhalinin ödəmə qabiliyyətinə uyğunlaşdırılmasına ehtiyac var. Deməli, aylıq haqların müəyyənləşdirilməsinə nəzarətin gücləndirilməsi olduqca vacibdir. Hüquqi baza və nəzarəti gücləndirməklə, bir sıra MTK sahiblərinin müəyyənləşdirdiyi şişirdilmiş aylıq ödəniş problemini həll etmək mümkündür”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Ramil Osmanlı bildirir ki, yığılan pullara əslində, kommunal xərclər demək olmaz: "Çünki kommunal xərclər deyəndə, su, elektrik, qaz pulu da bura daxil olur. Bu yığılan pullar əsasən binanın saxlanması üçün nəzərdə tutulan xərclərdir. Çoxmənzilli binaların saxlanması üçün tələblər müxtəlifdir. Bu tip məsələlərin həlli mülkiyyətçilərin iştirakı ilə həyata keçirilməlidir və xidmət haqları müəyyənləşdirilərkən vətəndaşların tələb və təklifləri nəzərə alınmalıdır. Amma çox təəssüf ki, MTK- lar tərəfindən bu qaydalar çox kobud şəkildə pozulur. Bir kvadrat metrə qoyulan məbləğ çox olduğundan, mülkiyyətçi bunu ödəyə bilmir. Bu zaman vətəndaşla MTK arasında problemlər yaranır. İnsanlardan yığılan pullar tam olaraq binanın təmirinə xərclənməlidir. Buradan mənfəət götürmək olmaz. Amma MTK-lar bu puldan mənfəət də götürürlər. Bu da qanunvericiliyin tələblərini kobud şəkildə pozmaq deməkdir. Düşünürəm ki, dövlətin iştirakı ilə bu problemi aradan qaldırmaq üçün müəyyən addımlar atılmalıdır. Artıq bununla bağlı işlər görülür. Milli Məclisdə müzakirələr gedir, yəqin ki, yaxın günlərdə konkret olaraq problem öz həllini tapacaq”. \\kaspi.az\\


Paylaş:


Müəllif : Tarix:
17-06-2017, 12:42
  
loading...