reklam
» » "Azər Mühafizə" MC-nin rəsinin məhkəmə istintaqı başladı

"Azər Mühafizə" MC-nin rəsinin məhkəmə istintaqı başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azər Mühafizə" MMC özəl mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Regionxeberleri.com bildirir ki, Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən N.Məhərrəmov ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, ittihamlarla razılaşmadığını, heç kəsi işə qəbul etmədiyini, işə düzəlmək istəyənlərə sadəcə istiqamət verdiyini deyib.

Zərərçəkmiş şəxs qismində dindirilən İsmayıl Xəlilov ifadəsində təqsirləndirilən şəxsi mühafizə xidmətində işləyən zaman tanıdığını, işə girmək üçün 3 min manat verdiyini, bir-iki ay işlədikdən sonra maaşlar verilmədiyini, pulunu tələb etdiyini deyib.

N.Məhərrəmov bildirib ki, X.İsmayılov cinayət işində olan 67 zərərçəkmişdən biridir, lakin onun işə qəbul olunmasında, şirkətlə bağladığı müqavilədə heç bir imzası yoxdur.

Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.

İttihama görə, 2015-ci il Daxili İşlər Nazirliyi iş adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb. Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər. Müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər. Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M.Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə iş üzrə 38 nəfər təqsirləndirilən şəxs və 5200 nəfər isə zərərçəkmiş var. Həmin şəxslər Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 218.3-cü (cinayətkar birlik (təşkilat) yaratma, bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Qəniyevin sədrliyi ilə "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov və daha 37 nəfər şəxsin cinayət işi üzrə məhkəməyə baxılır.

Xatırladaq ki, Namiq Məhərrəmov da eyni əmələ görə təqsirli bilinir. O, 38 nəfər şəxs həbs edilərkən istintaqdan yayınıb. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. Daha sonra həbs edilib, işi ayrıca icraata verilib. İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.


Paylaş:


Müəllif : Tarix:
29-08-2017, 13:57
  
loading...