X
Tam orta təhsil bazasından kolleclərə qəbul qaydaları açıqlandı » Regionxeberleri.com Tam orta təhsil bazasından kolleclərə qəbul qaydaları açıqlandı » Regionxeberleri.com

reklam
» » Tam orta təhsil bazasından kolleclərə qəbul qaydaları açıqlandı

reklam

Tam orta təhsil bazasından kolleclərə qəbul qaydaları açıqlandı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu qaydasını müəyyən edir.

Qaydalara əsasən, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər.                                          

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Dövlət təhsilalanların orta ixtisas təhsili pilləsində yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir.

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında,  digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (90 ballıq şkala üzrə topladıqları bala) əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir.

Müsabiqədə  iştirak ödənişlidir.

Bildirək ki, tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildə və sonrakı illərdə bitirən abituriyentlər tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və müvafiq düyməni basmaqla ərizəsini təsdiq etməlidirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurduqdan sonra aşağıdakı sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər:

Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (tam orta təhsil haqqında sənədin  əslini təqdim etməyən abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı (1 nömrəli əlavə);

Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisəsini bitirən  abituriyentlərə həmin təhsil müəssisəsi tərəfindən verilən və orta ixtisas təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (2 nömrəli əlavə).

Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər isə bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

Qaydalarda qeyd edilir ki, tam orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.

Qəbul imtahanı Mərkəz  tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanların məzmunu, forması, keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfin­dən müəyyənləşdirilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən  hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.

Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 15 dəqiqədir.

Nəzərinizə çatdıraq ki,  cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili  fənnindən  də imtahan verməlidirlər.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə)  buraxılırlar.

Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

İxtisas seçiminə gəldikdə isə, ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. Abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər göstərə bilərlər.

Qaydalara əsasən, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.


Paylaş:


Müəllif : Tarix:
11-02-2017, 11:28
  


loading...