reklam
» » "MİS-dən icazə almışıq, yer bizimdir" - PROBLEM

reklam

"MİS-dən icazə almışıq, yer bizimdir" - PROBLEM

Köhnə binaların əksəriyyətinin həyətində tikinti zamanı avtomobillərin park edilməsi üçün parklama meydançası nəzərdə tutulmayıb. Buna görə də sakinlər avtomobillərini harada və necə gəldi park edirlər. Hətta bəzi həyətlərdə uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasını parklama yerinə çevirənlər də var. Etiraz edəndə isə, "MİS-dən icazə almışıq, yer bizimdir" deyə cavab verirlər.

Belə bir hal Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli 127A ünvanında yaşanır. Binanın həyətindəki uşaq meydançası bir ailə tərəfindən "zəbt" edilib. Və həmin ailə ərazidə heç kimə avtomobil saxlamağa icazə vermir ki, yer onlarındır.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət edib. O, açıqlamasında bildirib ki, "Yol hərəkəti haqqında qanun"da bununla bağlı hər hansı müddəa yoxdur: "Çünki əsas xidmət yollarda aparılır. Həyətyanı sahə orada yaşayanların ümumi mülkiyyəti sayılır. Hər kəsin oradan istifadə etmək hüququ var. Bununla bağlı sahə müvəkkilərinə müraciət edilə bilər".

"Elə mədəniyyətsiz sürücülər var ki, maşını düz blokun ağzında saxlayırlar, girişin-çıxışın qarşısını kəsirlər. Camaat oradan keçəndə maşına sürtünmək məcburiyyətində qalır. Bu, mədəniyyətdən irəli gəlir. Mənə elə gəlir ki, bu kollektiv şəkildə müzakirə edilib, həll ediləcək bir məsələdir. Sakinlər hamı yığışıb, ümumi razılığa gəlməlidir. Elə bir ortaq məxrəcə gəlmək lazımdır ki, kiməsə görə başqalarının hüququ pozulmasın. Bu, ərazidə yaşayan insanların və onlara məxsus nəqliyyat vasitələrinin sayından asılıdır. Bunu hansısa formada həll etmək lazımdır" — deyə qurum rəsmisi əlavə edib.

Məsələyə münasibət bildirən əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, sovet dövründə avtomobil parkı indiki qədər deyildi. Tikinti aparılarkən iş görülərkən bu proses tələbata nəzərən həyata keçirilib. Həmin dövrlərdə avtomobil parkı məhdud olduğu üçün köhnə binaların həyətində parklama meydançaları nəzərdə tutulmayıb.

Osmanlı vurğulayıb ki, hansısa sakinin həyətdə müəyyən ərazini zəbt edib öz adına çıxarması yolverilməzdir: "Mənzil Məcəlləsinin 35-ci maddəsində sahə mülkiyyətçilərinin ümumi əmlakı anlayışı var. Bura binanın həyətyanı sahəsindən tutmuş, bir nəfərdən artıq şəxsə xidmət edən qurğu və avadanlıqlar, liftlər, lift meydançaları, lift şaxtaları, texniki mərtəbələr, pilləkənlər, elektrik ötürücü qızdırıcıları, su ötürücü qurğuları və s. aiddir".

Ekspert bildirib ki, sakinlər bu barədə şikayətlərini İqtisadiyyat Nazirliyinin mənzil-təsərrüfat şöbəsinə etməlidir: "Ümumiyyətlə, bina sakinlərinin ümumi xidməti üçün nələr varsa, onlar sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Ümumi əmlakdan istifadə qaydaları qanunvericiliklə tənzimlənir və bu da sahə mülkiyyətçilərinin birgə razılığı əsasında, kollegial qərara əsasən həyata keçirilə bilər. Məsələn, hansısa bir qonşu yer zəbt edib qaraj tiksin və ya bir neçə yeri zəbt edib, desin ki, MİS-dən icazə almışam. MİS-in belə icazə vermək hüququ yoxdur. Çünki həmin sahə MİS-in deyil, mülkiyyətçilərindir".

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyini sədri Elməddin Muradlının sözlərinə görə, parkinq məsələsi həqiqətən sakinlərin böyük probleminə çevrilib. Xüsusən də köhnə binaların həyətində avtomobillərin parklanması üçün yerlərin olmaması həmin sakinlərin digər binaların həyətlərində, küçə və yollarda avtomobil saxlamasına gətirib çıxarır. Amma dünya təcrübəsində də var ki, sıxlıq olan ərazilərdə avtomobilin binanın həyətində saxlanılması mütləq deyil. Buna görə, binadan 300-500 metr aralıda xüsusi parkinq salınır. Çünki həmin binaları sökmək mümkün deyil: "Eyni zamanda uşaq meydançalarının da ərazisini zəbt etmək olmaz. Amma təəssüflər olsun ki, Azərbaycanda uşaq meydançalarını park yerinə çevirənlər az deyil. Hərə əlinə bir zəncir alıb özünə yer zəbt edir. Bu biabırçı hal bir çox ərazilərdə müşahidə edilir. Məsələn, Yasamal rayonunda elə bir ərazi var ki, az qala sakinlər bunun üstündə davaya çıxırlar. Hərə özü üçün yer zəbt edib, digərləri isə maşın saxlamağa yer tapmır".

Ekspert bildirir ki, bu məsələnin həlli ərazi üzrə yol polisi bölmələrinin üzərinə düşür. Onlar həyətlərdə yoxlamalar aparmalıdırlar. Fövqəladə Hallar Nazirliyi bu barədə ciddi tədbirlər görməlidir. Çünki çox zaman insanlar parklama nəzərdə tutulmayan əraziləri parkinqə çevirirlər: "Əgər həmin binada hansısa fövqəladə hadisə baş versə, ora nə təcili yardım, nə yanğınsöndürən, nə də digər maşınlar girə bilməyəcək. Bu yaxınlarda "alimlərin binasında" yanğın baş vermişdi və yanğınsöndürənlərin hadisə yerinə yaxınlaşması yarım saatdan çox vaxt almışdı. Çünki həyətdə avtomobillər düzgün şəkildə park edilməmişdi".

Muradlı deyir ki, insanlar o qədər tənbəlləşib ki, imkanları olsa, avtomobillərini balkonda saxlayarlar:"Bu problem yeni binaların həyətində də hökm sürür. Yeni tikilən binaların ərazisində parkinq üçün kiçik yer ayrılır".

"Sovet dövründə 300 min avtomobil var idisə, indi bu rəqəm 1 milyon 400 minə çatıb. Başa düşmək olur ki, o vaxtlar avtomobillərin bu qədər artacağı düşünülməyib. Amma indi düşünmək lazımdır", – deyə ekspert qeyd edir.


Paylaş:


Müəllif : Tarix:
22-02-2018, 09:39
  


loading...
Загрузка...