“Vurulmuş” generalların aptekləri bağlanır: - İzlər kimə aparır? » Regionxeberleri.com “Vurulmuş” generalların aptekləri bağlanır: - İzlər kimə aparır? » Regionxeberleri.com

reklam
» » “Vurulmuş” generalların aptekləri bağlanır: - İzlər kimə aparır?

reklam

“Vurulmuş” generalların aptekləri bağlanır: - İzlər kimə aparır?

  Paytaxtın mərkəzində fəaliyyət göstərən apteklərin bir neçəsi artıq bağlanıb. Apteklərin bağlanma səbəbləri konkret olaraq məlum olmasa da, ehtimal olunur ki, məsələnin kökündə duran səbəb son günlər mövqeləri xeyli zəiflədilmiş “dərman mafiyası” ilə bağlıdır.

Cebhe.info xatırladır ki, Dövlət Gömrük Komitəsində aparılan islahatlar çərçivəsində vəzifəsindən kənarlaşdırılan generalların adı ölkəyə qanunsuz, satışına icazəsi verilməyən dərmanların gətirilməsində hallanır.

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə sədr təyin olunmasından sonra başlayan islahat dalğası ilk növbədə məhz bu generalları “vurdu”. Qeyd edək ki, Səfər Mehdiyevin qərarı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad ediliblər.

İşdən çıxarılan generalların ağır cinayətdə ittiham edilməsi isə məsələnin kökündə qaranlıq məqamların olduğundan xəbər verir. Nəzərə alsaq ki, bu proseslə yanaşı, həm də şəhərin mərkəzində fəaliyyət göstərən apteklər bağlanır. Bu da “gömrük işi”ndə hələ çox qaranlıq məqamların üzə çıxacağına işarədir. Ard-arda apteklərin bağlanması bu işin bir ucunu da məhz “vurulan” generallara bağlayır.

Məlumata görə, səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərir, həmçinin əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Qeyd edək ki, bu, Azərbaycan Respublikası Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə məlumatıdır.

Görünən odur ki, generallar rəhbərlik etdiyi “dərman mafiyası”nın ölkəyə gətirdikləri saxta dərman vasitələrini satmaq üçün həm də aptek şəbəkəsi qurub. Əslində bu şəbəkənin böyük bir sistem şəklində qurulması öncədən məlum idi. Çünki bu qədər saxta dərman preparatlarını adi qaydada işləyən firmalar tərəfindən apteklərə paylamaq mümkün olmazdı. Şəbəkənin əhatə dairəsinin nə qədər böyük olması haqqında isə artıq ilkin məlumatlar var. Belə ki, bir neçə gün öncə Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olub və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediliblər. Bu məlumata apteklər şəbəkəsini də əlavə etsək, kifayət qədər böyük bir cinayətkar dəstə yaranar.

Məsələnin maraqlı tərəfi isə ondadır ki, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev hələlik bu prosesdən kənarda qalıb. Aydın Əliyevin uzun zamandır “dərman mafiyası” yaradaraq insanların sağlamlığına zərər vurmaqla külli miqdarda gəlir əldə edən gömrük generallarının fəaliyyətindən xəbərsiz olduğunu düşünmək sadəlövlük olardı. Əgər Aydın Əliyev bu məsələdən doğrudan da xəbərsizdirsə, bu, daha da pisdir. Çünki bir quruma rəhbərlik edən şəxsin nəzarətində işləyən şəxslər ondan xəbərsiz belə bir şəbəkə yaradırlarsa, deməli Aydın Əliyev Gömrük Komitəsinin rəhbəri olduğu zaman işinin öhdəsindən gəlməyib. Bu baxımdan, “dərman mafiyası” ilə bağlı məsələ bütövlükdə Aydın Əliyevi hədəfə gətirir.

Ehtimal olunur ki, şəhərin mərkəzində fəaliyyət göstərən apteklərin bağlanması da məhz prosesdə adı çəkilməyənlərin qorunması üçündür. Həmin şəxslər məsuliyyətdən kənarda qalmaq üçün “özünümüdafiə” kampaniyasına başlayıblar. Ancaq görünən odur ki, artıq prosesin çevrəsi genişlənir və bu işə rəhbərlik edənlər, göz yumanlar, bu və ya digər qaydada dəstək verənlər cəzalandırılacaq.


Paylaş:


Müəllif : Tarix:
11-05-2018, 10:06
  


loading...