X
Valideynlər Ceyhun Bayramova müraciət etdilər - “Şamaxı Dövlət Regional Kollecində baş verən biabırçılıqları durdurun!” » Regionxeberleri.com Valideynlər Ceyhun Bayramova müraciət etdilər - “Şamaxı Dövlət Regional Kollecində baş verən biabırçılıqları durdurun!” » Regionxeberleri.com

reklam
» » Valideynlər Ceyhun Bayramova müraciət etdilər - “Şamaxı Dövlət Regional Kollecində baş verən biabırçılıqları durdurun!”

reklam

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - “Şamaxı Dövlət Regional Kollecində baş verən biabırçılıqları durdurun!”

 Təhsilin ən böyük bəlası hesab edilən rüşvətxorluğa qarşı sərt tədbirlər görülməsinə baxmayaraq təəssüf ki, bu bəla metastaz kimi sistemi sarmaqda və çökdürməkdədir. Ulu öndərin millətin gələcəyi adlandırdığı bu sahəni şəxsi qazanc mənbəyinə çevirən, elmin müqəddəs işığını rüşvətin müdhiş qaranlığında söndürən bəzi rəhbər “təhsil xadimləri”nin vurduğu zərbələrin acısı yəqin ki, hələ uzun müddət sızıldayacaq. Tələbələrə potensial qazanc mənbəyi kimi yanaşılan belə təhsil ocaqlarında hər şey əlahəzrət pulun iradəsinə tabe edilib.

3 fevral 2016-cı ilə qədər Şamaxıda Dövlət Sənaye - İqtisad Kolleci və Şamaxı Humanitar Kolleci ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Rubrika.az bildirir ki, birləşdirilmədən öncə hər iki kollecdə rüşvətxorluq və korrupsiyanın ən yüksək həddə olması haqqında informasiyalar verilirdi. Hər iki kollecdə acınacaqlı durum yaranmışdı və vəziyyətdən çıxış yolu kimi kolleclərin birləşdirilməsi məqbul hesab edildi. Ümid edilirdi ki, mərkəzləşdirilmiş idarəçilik sistemi təhsil müəssisəsində rüşvətin azalmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

Amma, hər şey heç də gözlənilən nəticəni vermədi. Yeni yaradılan Şamaxı Dövlət Regional Kollecində baş verənlər isə heç də bir regiona sığan əməllər deyil. Rubrika.az-a verilən məlumatlara əsasən Kollecdə hökm sürən ab-hava tədrisin demək olar ki, məhvinə səbəb olub. Tələbələr Kollecə daxil olan gündən rüşvətxorluqla üz-üzə qalırlar. Bu “möhtəşəm qarşılaşma” qeydiyyat prosesindən başlanır və sonrakı pillələrdə artan xətt üzrə davam edir. Kollecdə tələbələrdən oxuduqları üçün yox, oxumadıqları üçün pul alırlar. Semestr imtahanlarında isə əsl həngamə başlanır. Bildirirlir ki, imtahanlar zamanı Kollecdə əsl bazar açılır. Müəllimlər isə qiymətlərin baha olduğuna etiraz edən tələbələrə “ direktorun faizi çoxdur, bizə bir şey qalmır” deyərək cavab verirlər.

Kollecin direktoru İlham müəllimin idarəetmə prinsipində pul əsas meyardır. Hətta vəziyyət elə acınacaqlı hal alıb ki, nəinki tələbələr, hətta müəllimlər də narazılıq edirlər. Adlarının çəkilməsini istəməyən müəllimlər bildirir ki, artıq pedaqoji kollektiv İlham müəllimin rüşvət mexanizminin bir hissəsi olmaq istəmirlər. Kollecdə baş verənlər müəllim adına heç də baş ucalığı gətirmir.

Xatırladaq ki, yay imtahan sesiyasının yaxınlaşması ilə əlaqədar olaraq Kollecdə artıq “qiymətləndirmə meyarları” formalaşdırılmağa başlayıb. Ötən illərə nisbətən qiymətlərdə artımın olduğunu bildirən tələbələr müəllimlərin də narazılıq etdiyini söyləyirlər. Elə vəziyyət yaranıb ki, tələbələrin hər addımından

“ÇP” axtarırlar. “Burada bir aldığımız havaya görə pul istəmirlər, yəqin tezliklə o da olar” deyə tələbələr bildirirlər.

Məlumatlara görə, bu kollecdə imtahanların qiyməti fənlərə və müəllimlərə görə dəyişir. Belə ki, hər bir fənnin və həmin fənn üzrə dərs deyən müəllimin “özünün” qiyməti var ki, tələbələr də artıq bunları çox gözəl bilirlər. Bundan başqa isə, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdan başlanır. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar.

Rubrika.az bildirir ki, Şamaxı Dövlət Regional Kollecində baş verənlər artıq böyük narazılıq doğurub. Bizə çatan məlumatlara görə valideynlər Prezidentə, birinci vitse-prezidentə müraciət etməyə hazırlaşırlar. Burada təhsilin birmənalı olaraq məhv edildiyini bildirən valideynlər övladlarının taleyindən narahat olduqları üçün bu addımı atmağa hazırlaşırlar. Onlar yeni Təhsil naziri Ceyhun Bayramova müraciət edərək tezliklə vəziyyətə müdaxilə etməsini, baş verənlərin durdurulmasını tələb edirlər. “Belə davam edə bilməz, Şamaxı Dövlət Regional Kollecində baş verən biabırçılıqları durdurun!”


Paylaş:


Müəllif : Tarix:
25-05-2018, 12:53
  


loading...