“Kontakt Home”la kontaktan girməyin... - GİLEY » Regionxeberleri.com “Kontakt Home”la kontaktan girməyin... - GİLEY » Regionxeberleri.com

reklam
» » “Kontakt Home”la kontaktan girməyin... - GİLEY

reklam

“Kontakt Home”la kontaktan girməyin... - GİLEY

Son zamanlar “Kontakt Home”un keyfiyyətsiz məhsul satması və alıcıları aldatması barədə çoxsaylı xəbərlərə rast gəlinir

“Kontakt Home”un alıcılarının demək olar ki, əksəriyyəti narazılıq edir və yenidən bu mağazaya müraciət etməyəcəklərini bildirirlər.

Onların fikrincə, “Kontakt Home”dan mal alan müştərilərin çoxu yolunu mütləq servisdən salmalı olur.

Yazılardan birində qeyd edilir ki, müştərilər donma, şarjda partlama və bu kimi müxtəlif şikayətlərlə “Nizami” metro stansiyasının yanında, Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Servis Link” texniki servis mərkəzinə üz tuturlar.

Mikayıl adlı şikayətçi telefonun enerji yığarkən partladığını deyir.

Rafiq adlı alıcı iddia edir ki, telefon alandan iki ay sonra servisdədir. 14 günə düzələcəyinə söz versələr də, iki aydır nəticə yoxdur:

“LG Q6” markalı telefonu 800 manata kreditə götürmüşəm. Artıq telefona yox, verdiyim 800 manata yanıram. Telefon mənim əlimdə olmayandan sonra niyə görə kredit ödəməliyəm, bilmirəm. Ayda 40 manat pul ödəyirəm. Dekabr ayında telefonu kreditə götürmüşəm, mart ayının ikisindən servisdədir. Telefonu şarja qoymuşdum, gördüm işləmir. İki gün sonra gətirdim buraya. Əvvəl dedilər ki, 14 gün ərzində düzəldib verəcəklər. Artıq iki aya yaxındır ki, bura boş-boşuna gəlib gedirəm”.

Şikayətçilər eyni zamanda, “Kontakt Home” kredit şərtlərini asan edərək müştəriləri aldatdığını qeyd edirlər. Onların dediyinə görə, bunun əvəzinə məhsullar digər mağazalarla müqayisədə həddən artıq baha qiymətə insanlara satılır.

Şirkətin saytında paltaryuyan “Gorenje W7523A/S”in qiyməti 703.2 AZN göstərilib. Reklamda 12 ay faizsiz yazılıb. Kredit şərtlərində paltaryuyan maşının ödənişi 12 ay boyunca 74 manatdan təklif olunur. Bunu hesabladıqda isə 12 ay boyunca ödənilən cəmi məbləğ 888 manat olur ki, bu da öz qiymətindən 185 AZN (26.3%) çoxdur. Sual oluna bilər: əgər məhsulu faizsiz təklif edirsinizsə bəs bu 185 manat, yaxud 26.3 faiz nədir?

İnternetdə kiçik araşdırma ilə şirkət barəsində onlarla şikayətə rast gəlmək olar.

"Kontakt Home”dan Publika.az-a verilən məlumatda bildirilib ki, mətbuatda şirkətin məhsulları və xidməti barədə yazılan məlumatlarla bağlı araşdırma aparılır:

“Mətbuatda qeyd olunan yazılarda şikayətçilərin ad, soyadı qeyd edilməyib, ümumi məlumatlar yazılıb. Onlar haqqında da şirkətimiz tərəfindən araşdırma aparılır. Aktiv şikayətlər, şikayətçilərin ad, soyadı barədə dəqiq məlumat olacaqsa, biz həmin məlumatları araşdırmağa hazırıq”.

Müraciətlərin aylarla yubadılmasına gəldikdə şirkətdən bildirdilər ki, ümumilikdə müraciətlərə 2-4 həftə arasında baxılır:

“Prosedur qaydada müraciətlərə bu müddətə baxılması yer alıb. Telefonla bağlı problem varsa, servis xidmətimiz 14 gün ərzində məhsula baxır, həmin müddət ərzində alıcıya əlavə mobil telefon verilir. Mətbuatda yazılanlar haqqında araşdırma aparılır. Əsaslı olan şikayətlər barədə bizim sistemdə məlumat olur. Hər bir əsaslı şikayət araşdırılıb, həllini tapır. Əsassız şikayətlərlə bağlı isə özümüz araşdırma aparırıq”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, “Kontakt Home”la bağlı istehlakçılardan davamlı müraciətlər olur, lakin yaranan bu problemlər həllini tapmır:

“Kontakt Home” şirkəti istehlakçı ilə kontakta girmir, “Qaynat xətt” nömrələrinə cavab verənlər istehlakçın hər yerə göndərir, ancaq özləri qəbul etmir. Ofislərinə müraciət edəndə belə, müştərilərini qəbul etməkdən boyun qaçırırlar. Bizim hüquqşünaslar ərizə ilə ofisə müraciət edib, onu belə, qəbul etməyiblər. “Azad İstehlakçılar” İctimayi Birliyinə şikayət edən Ziyafət Abbasova bu şirkətdən aldığı və tələbatını ödəməyən malı qanunla nəzərdə tutulan vaxtda dəyişmək və ya qaytarmaq istəsə də bu, mümkün olmamışdı. Şirkətin nə hüquqşünasları, nə də “Qaynar xətt”i cavab verir və ya bunu istəmir. Ümumiyyətlə, bu şirkət insanları aldadıb mallarını satır, sonra qapıları bağlayır, geriyə yol olmur. Neçə illərdir bu şirkətin istehlakçılarla normal davranması üçün İqtisadiyyat Nazirliyi ilə iş aparırıq. Lakin bu məsələ hələ ki, həllini tapmır. Getdikcə şirkət şəbəkələrini genişləndirir, lakin istehlakçının problemlərini həll etmir”.

E.Hüseynov şirkətin qanunvericiliyin tələblərini pozduğunu vurğulayıb:

“Şirkət mürəkkəb texniki cihazların ancaq özləri istəyən hissələrinə zəmanət verir. Təəssüf ki, Nazirlər Kabineti tərəfindən məhsulun hansı hissələrinə zəmanət verilməsi barədə təsdiqlənmiş sənəd yoxdur. Bu da şirkətin istədiyi hissəyə zəmanət verməsinə imkan yaradır. Vətəndaş aldığı telefon bir neçə saat sonra xarab olduğuna görə servisə müraciət edir, lakin xidmət əməkdaşları telefona üzlük çəkildiyini görən kimi onun cızıldığını bildirir və buna görə zəmanətdən çıxdığını deyirlər. Bu şirkət satılan mallara ancaq “ödənilib” möhürü vurur ki, bununla da vergi qanunvericiliyini pozur. Üzərində VÖEN olan kassa çeki vermir. Bunlar hamısı istehlakçı hüquqlarının pozulmasıdır. Üstəlik, satdıqları mal da keyfiyyətsiz olur. Təəssüf ki, illərdir bu şirkətlə bağlı şikayətlərə cavab tapa bilmirik”.

Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov isə Publika.az-a açıqlamasında vətəndaşların bu hallarla qarşılaşmaması üçün atmalı olduğu addımlardan danışıb:

“Belə hallar yaşanmaması üçün vətəndaş məhsul alarkən onun sənədlərini, texniki pasportu-işləmə qaydasının əks olunduğu təlimatı tələb etməlidir. Bundan başqa aldıqları məhsulun aksessuarlarının da üzərində olmasına diqqət etməlidirlər. Şirkətlər təkcə telefonu yox, bir çox hallarda qulaqcığı pulla satırlar. Bu isə qadağandır. Telefona aid bütün aksessurlarla birlikdə satılmalıdır. Təlimatda aksessuarların nə üçün istifadə edildiyi göstərilir. Bu məsələdə vətəndaşlar ayıq-sayıq olmalıdır. Bundan başqa, təlimatda avadanlığın necə işlədilməsi qeyd edilir. Həmin məlumatlar Azərbaycan dilində olmalıdır. Malın uyğunluq sertifikatı olmalıdır. Onun təhlükəsizlik tələbini ödəməsi, yerli standartlara uyğun olması, sağlamlığa ziyanlı olub-olmaması kimi tələbləri yoxlayıb uyğunluq sertifikatı verilməlidir”.

Vəkil onu da vurğulayıb ki, “Texniki Məhsullara dair istehlakçıların hüquqlarını müdafiəsinə dair” qanunda məhsulun üzərində zəmanətin olması göstərilir:

“Alıcılar hansı hallarda zəmanət verilməsi, malın servisdə qalma müddəti barədə əvvəldən məlumatlı olmalıdır. Bir-iki ay servisdə qalmaq həddən artıq çox müddətdir, bu istehlakçıların hüquqlarının pozulması, hüquqdan sui-istifadə halıdır. Vətəndaş bu məqamla razılaşmaya bilər. Bir məhsulun ki, zavod istehsalında çıxan problemi aradan qaldırmaq üçün iki ay vaxt tələb edilirsə, bu, artıq onun qüsurlu mal olmasından xəbər verir. Vətəndaş həm müqavilə, həm də zəmanət şərtlərinə baxmalıdır. Müqavilə şərtlərinə diqqət edilməlidir. Bəzən vətəndaş aldığı telefonla, müqavilədə məhsulun markası arasında fərq olduğu ilə bağlı şikayət edir. İstehlakçının 14 gün ərzində malı dəyişmək hüququ var, bu zaman alıcının istədiyi mal olmazsa, ödədiyi pul geri qaytarılır. Əvvəldən bu məsələ nəzərə alınmalıdır ki, istehlakçı hüquqlarının pozulması halları azalsın”.

Bu problemlərin yaşandığı halda alıcının hüquqlarının necə qorunmasına gəldikdə, vəkil bildirib ki, onlar şirkətdən dəymiş zərərin ödənilməsini tələb edə bilər:

“Keyfiyyətsiz, yararlılıq müddəti bitən məhsullar satan şirkətlərlə bağlı araşdırma aparılıb cərimə tətbiq edilməlidir. Araşdırma zamanı cinayət tərkibli əməl olduğu müəyyən edilə bilər. Məsələn, vətəndaşa bilərəkdən dəyəri 100 manatdan yuxarı keyfiyyətsiz, saxta telefon satılsa bu, cinayət hesab edilir. Bu məsələnin araşdırılması səlahiyyətli dövlət orqanına göndərilə bilər. İstehlakçı aldığı telefon keyfiyyətsiz olsa, bir müddət telefonsuz qalsa, dəyən maddi ziyan, əldən çıxan fayda aşkar olunarsa, məhkəməyə üz tutaraq hüququnu müdafiə edə bilər”.


Paylaş:


Müəllif : Tarix:
25-05-2018, 16:21
  


loading...