reklam
» » Əbülfəs Qarayev bu sahəni nədən çinlilərə əmanət edib? - ARAŞDIRMA

reklam

Əbülfəs Qarayev bu sahəni nədən çinlilərə əmanət edib? - ARAŞDIRMA

Ötən illər ərzində Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Bu, bir tərəfdən ölkəmizin beynəlxalq aləmdə tanınması, digər tərəfdən də Azərbaycana turistləri cəlb etmək məqsədi daşıyır. Adətən, ölkəyə gələn turistlər Bakını və müxtəlif rayonların tarixi-memarlıq və dini-mədəni abidələrini ziyarət edir, respublikamızla bağlı məlumatlar əldə edirlər. Şəhərimizə, mətbəximizə heyran olan əcnəbilər Bakıdan xoş xatirələrlə ayrılırlar. Və sözsüz ki, hər bir turist ənənəvi olaraq , özü ilə Azərbaycanın və ya Bakının simvolunu əks etdirən suvenirlər alıb aparır. Suvenir bazarında isə yaxşı mədəniyyət nümunələri ilə yanaşı, həm də ölkə barədə mənfi imic yaradan personajlar da yer alır. Misal üçün, uzunqulaqla, qatırla, çadralı qadınlarla, ya da təsbeh çevirən kişilərlə Azərbaycanı necə xarakterizə etmək olar ki?

Suvenirlərlə bağlı araşdırma apararkən məlum olur ki, Azərbaycanda satılan suvenirlərin böyük əksəriyyəti Çindən gətirilir. Suvenir satıcıları bunu məhsulun ucuz başa gəlməsi ilə izah edirlər. Lakin sözsüz ki, “Azərbaycan” yazılan bu suvenirlərin sifarişini ölkəmizdə bu sahə ilə məşğul olan sahibkarlar verir.

Çin malı olan suvenirlərin dəyərinə gəlincə, qiymətlər 2 manatdan başlayır. Satıcıların fikrincə, ucuz olmasına baxmayaraq, bu suvenirlər keyfiyyət baxımından heç də yerli istehsaldan geri qalmır. Maraqlıdır ki, satıcılar uzunqulaq, qatır və ya milli dəyərlərimizə zidd olan bu suvenirlərin turistlərə satılmasında heç bir qəbahət görmürlər.

Suvenir dükanlarında az sayda olsa da, yerli ustaların hazırladığı məhsullar satılır. Qiymət 15 manatdan başlayır. Məsələn, keramikadan hazırlanan kiçik bir kasanın qiyməti 15 manatdır. Düzdür, bahadır. Çünki zavod istehsalı deyil, usta işidir. Ümumilikdə, müşahidələr onu deməyə əsas verir ki, suvenir bazarında qeyri-peşəkarların olması nəticə etibarı ilə bu sahədə xaos yaradıb. Yəni kim necə istəyir, o cür də hərəkət edir və məsələnin mahiyyətinə varmadan Azərbaycanın imicinə böyük zərbə vurur. Ancaq nəzərə alınmalıdır ki, hər gün ölkəmizi yüzlərlə turist ziyarət edir və bir neçə aydan sonra “İslam Həmrəyliyi Oyunları” keçiriləcək. Demək, təbliğat və xatirə rəmzi olan milli suvenirlərlə bağlı ciddi işlər görülməlidir.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan sənətşunas Ziyadxan Əliyev bildirib ki, bu məsələdə olduqca böyük problemlər var:

“Ümumiyyətlə, istər sovetlər dönəmində, istərsə də indiki dövrdə Azərbaycanda suvenir məsələsi həll olunmayıb. Uzunqulağı, qatırı milli atributa çeviriblər və bu, yaxşı hal deyil. Halbuki, Azərbaycanın milli, ədəbi və mənəvi dəyərlərini özündə əks etdirən suvenirlər satıla bilər. İndiki Çindən gətirilən suvenirlər ancaq Bakının və yaİçərişəhərdəki tarixi abidələrin təsvirlərindən ibarətdir. Demək olar ki, azərbaycanlı olmağımızı ifadə edən suvenirlər yox dərəcəsindədir. Düşünürəm ki, bu sahədəki vəziyyəti qaydaya salmaq üçün mərkəzləşdirmə aparılmalıdır və ya hansısa Bədii Şura yaradılmalıdır. Müsabiqə yolu ilə rəssamları cəlb etmək olar. Artıq milli suvenirlərin yaradılmasının vaxtı çatıb. Bu, istehsalla bağlı olduğundan sovet dönəmində bu sahə ilə Yerli Sənaye Nazirliyi məşğul olurdu. O zamanlar bu nazirlik sexlərə, kiçik istehsal müəssisələrinə nəzarət edirdi. Bu sexlərdə müxtəlif parçalardan, kəlağayılardan, keramikadan suvenirlər hazırlanırdı. Sovet dövrünün dağılması ilə bu sistem də dağıldı. Hazırda bu işlərlə konkret məşğul olan bir idarə yoxdur. Elə ona görə də işlər xaotikdir və kimin əlinə haradan nə keçirsə, gətirib satır. Hələlik, satılan suvenirlər bizim xalqın bacarığını, qabiliyyətini əks etdirən bədii nümunələr deyil”.

Kulturoloq İlqar Hüseynov isə bildirir ki, mağazalarda xalqımızın milli mentalitetinə uyğun suvenirlər satılmalıdır:

“Biz o süvenirləri əsas götürməliyik ki, bilavasitə həyat tərzimiz, adət-ənənələrimiz, mərasimlərimiz öz əksini tapmalıdır. İlk növbədə milli xüsusiyyətlərimizi əks etdirmədən beynəlmiləlçi suvenirləri təqdim edə bilmərik. Azərbaycan tarixindən, folklorundan irəli gələn o qədər milli xüsusiyyətlər var ki… Bundan çıxış edərək, həmin suvenirləri yaratmaq lazımdır. Çünki öz milli tarixini əks etdirməyən xalq heç vaxt beynəlmiləl ola bilməz. Məmməd Araz demişkən, “vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”. Bu mənada biz öz milli dəyərlərimizə sahib olmalı və təbliğ etməliyik. Azərbaycanın hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri var və düşünürəm ki, həmin ənənələr suvenirlərin üzərində əksini tapmalıdır. Yəni, bütövlükdə azərbaycançılıq məfkurəsi hər bir sahədə özünü göstərməlidir. Uzunqulaqla milli mədəniyyəti təbliğ etmək olmaz. Hazırda öz mədəni irsimizi qoruyub, gələcəyə ötürmək əvəzinə yabançı mədəniyyəti gətirib təbliğ edirik. Mən bunun əleyhinəyəm. Yabançı mədəniyyətin təbliğinin də bir çərçivəsi var. Bizdə tarixən misgərlik, zərgərlik, dulusçuluq, metal işləmə və daş işləmə sənəti olub. Eyni zamanda xalçaçılıq geniş yayılıb. Təkcə xalçalar üzərindəki naxışların suvenirlərin üzərində tətbiqi nə qədər gözəl sənət nümunələrini ortaya qoya bilər”.

İ. Hüseynov deyib ki, sivenirlərlə bağlı nəzarət mərkəzləşdirilməlidir:

“Belə bir nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən də ola bilər. Ya da ki, Mədəniyyət və Turizm Nazirliyi yanında qurum yaradılmalıdır və o da nəzarəti həyata keçirtməlidir. Elə bir dövlət orqanı tanımıram ki, hazırda bu sahəyə hansısa nəzarəti həyata keçirtsin. Çünki nəzarət olmadığı üçün keyfiyyətli və milli mədəniyyətimizi əks etdirən suvenirlər azlıq təşkil edir. Hazırda suvenir işi ilə məşğul olan iş adamları var ki, onlar dövlətin milli maraqlarını deyil, öz şəxsi maraqlarını üstün tuturlar”.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov isə deyir ki, suvenirlərin istehsalı və ölkəyə gətirilməsi ilə sahibkarlar məşğul olur:

“Nazirlik suvenirlərin istehsalı və gətirilməsi ilə məşğul olan qurum deyil. Bu, özəl bir sahədir. Amma onu deyə bilərəm ki, Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq, həm ölkə daxilində, həm də xaricdə keçirilən tədbirlərdə Azərbaycanın yerli sənətkarlarının fəaliyyətinin stimullaşdırılması, genişləndirilməsi və təşviqatı ilə bağlı müəyyən addımlar atır. Yəni hər hansı beynəlxalq sərgidə stendin və ya ərazinin ayrılması, eləcə də Azərbaycanda keçirilən böyük tədbirlərdə eyni şəraitin yaradılması, həmçinin yerli sənətkarların hazırladığı məhsulların ayrıca olaraq ölkə xaricindəki tədbirlərdə satışına dəstək göstəririk. Suvenirlərin mövzularına gəlincə, sahibkarlar bunu özləri müəyyənləşdirir və sifariş verirlər”.

Suvenirlərin hazırlanması birbaşa sahibkarlıqla bağlı olduğu üçün məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi ilə də əlaqə saxladıq. Cavab konkret oldu: məsələnin İqtisadiyyat Nazirliyinə heç bir aidiyyatı yoxdur.


 


Paylaş:


Müəllif : Tarix:
2-03-2017, 16:07
  


loading...
Загрузка...