X
Zal Yusifov 81 nəfərin milyonlarını qaytarmır - Şok qərar » Regionxeberleri.com Zal Yusifov 81 nəfərin milyonlarını qaytarmır - Şok qərar » Regionxeberleri.com

reklam
» » Zal Yusifov 81 nəfərin milyonlarını qaytarmır - Şok qərar

reklam

Zal Yusifov 81 nəfərin milyonlarını qaytarmır - Şok qərar

81 nəfər zərərçəkmiş vətəndaşın milyonlarla pulunu ələ keçirən “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifovun 2012-ci ildə Cinayət Məcəlləsinə edilən dəyişikliyin ona tətbiq olunması barədə müraciətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Zal Yusifov həmin dəyişikliyi rəhbər tutaraq, vaxtından əvvəl azadlığa buraxılması və qanunla müsadirə olunması üçün üzərində həbs olunan əmlakların ona qaytarılmasını tələb edib.

Xəzər Rayon Məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə baş tutan iclasda Zal Yusifovun istəyi nəzərə alınıb. Hakim onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasını 12 ilə endirib.

Həmçinin 81 nəfər zərərçəkmişin hüquqları pozularaq, Zal Yusifovun bankda işlədiyi dövrdə cinayət yolu ilə əldə etdiyi bütün əmlaklarının üzərindən həbs götürülüb.

Bu qərarla razılaşmayan baş prokurorun müavini Namiq Əsgərov apelyasiya protesti verib. Prokurorun protesti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Namiq Məmmədovun icraatına verilib.

Məhkəmə baxışı iyulun 16-na təyin edilib.

Qeyd edək ki, Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək, işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.

Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.

Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq, Zakir Yusifov yenə də şikayətçidir. O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib. Həmin il Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zal Yusifovun atası Zakir Yusifovun üzərinə həbs qoyulan əmlakların ona qaytarılması ilə bağlı iddiası araşdırılıb.

Hakim heyəti araşdırma apararaq, Zakir Yusifovun iddiasını əsassız hesab edib. Bu səbəbdən hakimlər onun şikayətinin rədd olunması barədə qərar qəbul ediblər. Bu qərardan sonra əmlakların hərraca çıxarılması üçün Binəqədi rayon Məhkəmə qərarları icraçıları şöbəsinə məktub göndərilib. Amma məlum olmayan səbəblərdən əmlakların satılması süni şəkildə uzadılıb.


Paylaş:


Müəllif : Tarix:
11-07-2018, 13:22
  


loading...