reklam
» » Zaur Hüseynov Bakı metrosunu necə iflic etdi... - İTTİHAM

reklam

Zaur Hüseynov Bakı metrosunu necə iflic etdi... - İTTİHAM

Zaur Hüseynovun "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunmasından 5 ilə qədər bir müddət keçir. 2014-cü ildə Tağı Əhmədovu əvəz edən Hüseynovdan gözləntilər böyük olsa da, bu gün o, jurnalistlər arasında mənfi formada məşhur olsa da metro işinin ilk pilləsindən birinci pilləsinə qədər gəlib çıxmış Tağı Əhmədovu "yerin altında çıraqla axtarmağımıza səbəb olub. Bunu görmək o qədər də çətin deyil: hər gün yarım milyondan çox Bakı sakininin istifadə etdiyi metroya sadəcə baxmaq lazımdır. Dəyişən nəsə varmı, əksinə, ümumilli lider Heydər Əliyevin paytaxtımız üçün böyük xidməti olan metro bu gün Zaur Hüseynovun "hücumları”na artıq tab gətirə bilmir.

Azərbaycan Prezidenti İlham Əliyev xalqın nəqliyyatdan təhlükəsizlik istifadəsi üçün bütün lazımi addımları atır, hər il Metropolitenə dövlət büdcəsindən dotasiya ayrılır, dövlət başçısı zaman-zaman metroya düşərək, "yeraltı” nəqliyyatla əyani şəkildə tanış olur, tapşırıqlar verir.

Amma doğrudanmı Zaur Hüseynov Bakının ayrılmaz parçası olan metronun qədrini ona göstərilən etimad qədər bilirmi?

Z. Hüseynovun metro işində naşı olması əvvəlcədən bəlli idi. Lakin o, sədr kimi sadəcə işin təşkilinə nəzarət edə, işi isə əhlinə verə bilərdi. Hüseynov bunu etdimi? Xeyr. Bu gün ömrünü "Bakı Metropoliteni”nə həsr etmiş təcrübəli mütəxəssislər evlərində oturublar. Niyə? Çünki Zaur Hüseynov bu vəzifəyə gələn kimi onları işdən qovdu. Mətbuatda Hüseynovun işdən çıxardığı təcrübəli metro işçilərinin bir çoxunun adı yayılmışdı. Onlardan bir neçəsini təqdim edirik:

1. Yol-texniki istehsalat şöbəsinin rəisi - Yəhyayev Əşrəf
2. Yol xidməti rəisinin müavini - Məmmədov Adil
3. Yolun vəziyyətinə və diaqnostika nəzarət hissəsinin rəisi - Bayramov Arif
4.Yol hissə rəisi-1 - Babayev Həmzə
5.Yol hissə rəisi-2 - İsayev Abbas
6.Yol Xİdmətinin baş mühəndisi - Ağayev Əhmədağa
7.Yol əsaslı təmir hissəsi rəisi - Bəşirov Daşdəmir.

Bunlar işdən çıxarılan onlarla təcrübəli metroçunun bəzilərinin adlarıdır. Bu gün onların yerinə Zaur Hüseynovun qohumları, hansı ki, onların heç birinin Hüseynovun özü kimi metro işindən heç bir xəbəri yoxdur, əyləşiblər.

Şöhrət ordenli, Prezident təqaüdçüsü, Fəxri dəmiryoçu, müharibə veteranı, 39 il fasiləsiz rəis vəzifəsində işləyən və 54 il əmək stajı olan (metropolitendə və dəmir yolunda) vətəndaş Akif Mehdi oğlu Zeynalovun Prezidenti İlham Əliyevə müraciəti Zaur Hüseynovun "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmniyyətini taladığını, metroda hər an dəhşətli qəzanın baş verə biləcəyi vəziyyətini yaratdığını və bir sıra təkzibolunmaz faktları aşkara çıxarması yəqin ki, çoxlarının yadındadır.

Təcrübəli metroçunun açıqladığı faktlara qısa nəzər yetirək: 2015-ci il may ayından istismarda olan 4,8 milyon dollar dəyərində alınmış "Diaqnostik vaqon-laboratoriya kompleksi” (qısaca olaraq "Diaqnostika vaqonu”) yolun parametr ölçülərinin vəziyyətini yoxlayıb, düzgün qiymətləndirmək imkanına malik deyil. Bu vaqon ümumiyyətlə öz funksiyasın icra etmək qabiliyyətinə malik deyil. Bu səbəbdən "Bakı Metropoliteni” yollarında qatarların təhlükəsiz hərəkətinə zəmanət verən avadanlıq və qanuni sənəd yoxdur. Yolun nə vəziyyətdə olduğunu bilmədən və əsaslı sənəd olmadan kor-koranə qatarları təyin edilmiş surətlə yola buraxırlar. "Diaqnostika vaqonu”nun rəisi Arslanbekov Ebazər hər ay vaqonun yolun vəziyyətini göstərdiyi faktları gizlədir, rəhbərliyi və iqtisad-plan şöbəsini aldadaraq saxta sənədlər təqdim edərək 70% miqdarında əlavə mükafat alırlar. "Diaqnostika vaqonu” "Bakı Metropoliteni” yollarının qəza vəziyyətində olduğunu göstərir. Yəni yolun vəziyyətinin cərimə bal qiymətinin 5 min baldan çox olduğunu göstərir. Metropolitenin yollarında ən vacib və təhlükəli sahə hesab edilən 45 ədəd "strelka"ların qabarit ölçülərinə nəzarət edilmir. Strelkaların qabarit ölçülərinə nəzarət edilməməsi qatarların hərəkətinə qəza vəziyyəti yaratmaq deməkdir. Hal-hazırda qatarlar Allah ümüdinə bu strelkaların üzərində hərəkət edir. Qeyd edək ki, 2014-cü ildə Moskva Metropolitenində məhz strelkada dəhşətli qəza baş vermişdi.
Yeni alınan qatarların ilk istismarı vaxtı qəzalı vəziyyət yaranıb. Belə ki, 8 iyun 2015-ci il tarixində qatar "Elmlər Akademiyası”ndan gələrək, "Nizami” stansiyasında dayananda vaqonların alt hissəsində güclü qızma baş verib və şpalı yandırıb. Eyni hadisə 9 və 10 iyun tarixində də olub. Lakin bu hal ictimaiyyətdən gizlədilib. Hazırda təzə vaqonlar nasaz vəziyyətdədir. Buradan məlum olur ki, Zaur Hüseynov 15 ədəd yararsız qatar və öz funksiyasını icra etmək imkanına malik olmayan "Dioqnostika vaqonu” alaraq, birbaşa Prezidenti aldadıb.

(BAX: http://www.miq.az/az/baki-metrosunda-gezen-lum-meleyi-metropoliten-reisi-insan-heyatini-nece-pula-deyisir-dehsetli-faktlar/)

Bu linkə daxil olub faktları oxumaq insanı dəhşətə salır. Axı bizim hər birimiz günün müxtəlif saatlarında metrodan istifadə edirik. Zaur Hüseynov faktiki olaraq, insanların təhlükəsizliyi ilə çiling-ağac oynayır. Metronun rəisini isə yalnız qazanacağı pullar maraqlandırır.

Faktları yenidən diqqətinizə çatdırırıq:

1. Dəmir Beton Konstruksiyalar Zavoduna dövlət büdcəsindən QSC-yə ayrılan maliyyə hesabına yeni texnika alınıb. Alınan texnikalardan təkcə birinin qiyməti 4 milyon manatdır. Rəsmi sənədlərdə yeni texnikanın zavodda istifadə olunduğu göstərilsə də, əslində QSC rəisinin göstərişi ilə büdcənin pulları hesabına alınan texnika rayonların birində təyinatından kənar istifadə olunur. Əvəzində zavodun ehtiyaclarını ödəmək üçün lazım olan texnika başqa şirkətlərlə müqavilə bağlanaraq, icarəyə götürülüb. Hər iki halda pul mənimsənilir. Birinci: dövlətin malı olan texnika fərdi şəxslərə icarəyə verilir və oradan gələn gəlir şəxsi ciblərə gedir. İkinci: şirkətlərdən müqavilə əsasında götürülən texnikanın icarə haqqı rəsmi sənədlərdə ikiqat yüksək göstərilərək, məbləğin yarısı mənimsənilir.

2. Texnikaların alınması zamanı da dövlət büdcəsindən ayrılan supsidiyalar mənimsənilməsi baş verir. Belə ki, yaxın günlərdə QSC-yə yeni texnikalar alınıb. Lakin bu texnikaların qiyməti dəfələrlə şişirdilərək aktlaşdırılıb. Həmçinin, texnikanın malik olduğu yükgötürmə qabiliyyəti də dəfələrlə şişirdilib. Misal üçün, yeni alınan "kranlar” rəsmi sənədlərdə 25 ton yük qaldırma qabiliyyətinə malik olduğu göstərilir. Lakin reallıqda bu kranlar 7 tondan artıq yük qaldıra bilmir. Belə aydın olur ki, QSC rəhbərliyi büdcədən ayrılan puldan 25 ton yükgötürmə qabiliyyətinə malik olan "kranlar” almaq üçün lazım olan məbləği götürür, lakin 7 ton yükgötürmə qabiliyyətinə malik texnika alaraq, pulları mənimsəyir. Sənədlər və pulun hara xərcləndiyini təsdiqləyən aktlar yerindədir, yerində olmayan alınan texnikanın keyfiyyəti və həcmidir.

3. "Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentində də ciddi maxinasiyalar baş verir. Məlumata görə, departamentin rəisi olan Səbuhi adlı şəxs (onun soyadına heç bir yerdə rast gəlmək mümkün deyil. Hətta QSC-nin rəsmi saytında belə Tikinti Departamenti bölməsi boşdur. Bunun özü də diqqət çəkən məqamdır) beton maşınlarının sürücülərini rüşvətlə işə götürməsi iddia olunur. Belə ki, böyükhəcmli yük maşınlarının sürücüləri "rol arxasında oturmaq” üçün 5 min manat, kiçikhəcmli yük maşınlarının sürücüləri isə 3 min manat rüşvət verməlidirlər. Bu "işəgötürmə” prosesinin də birbaşa Zaur Hüseynovun nəzarətində olduğu da şübhəli məqamlardan biridir.

4. Z.Hüseynovun yeznəsi olan Tərlan adlı şəxs isə sözün əsil mənasında QSC-də at oynadır. Yeznənin Mərdəkanda 1,5 milyon manatlıq villası var. Z. Hüseynova məxsus "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Yaşıl Məkan” restoranını idarə edən Tərlan yeni şadlıq sarayı da inşa etdirir.

Və sair, və ilaxır... (BAX: http://miq.az/az/yeralti-dunyanin-kralini-zaur-huseynovu-hebse-aparacaq-9-fakt-fotolar/).

Bu faktları saydıqca bitmək bilmir. Ortaya çıxan nəticə budur ki, Zaur Hüseynov 5 illik fəaliyyəti boyunca "Bakı Metropoloteni”ni korrupsiya yuvasına çevirib. Qohumbazlıqdan tutmuş metro əməkdaşlarına qarşı ən çirkin addımlara qədər edilir. Dövlət büdcəsindən ayrılan dotasiyalar mənimsənilir, kağız üzərində alqı-satılarla külli miqdarda maxinasiyalar edilir, bir sözlə Heydər Əliyevin yadigarı olan Bakı metrosu məhv edilir. Burada şairin gözəl sözləri yada düşür: "Səhv düşəndə yerimiz...”. Zaur Hüseynovun yeri səhv düşüb və hazırda o, "yeraltı dünyanı” əsl cəhənnəmə çevirib. Buna dur deyilən olacaqmı, yoxsa Bakı sakinləri hər gün "yerin altına” bir daha oradan çıxmamaq qorxusu ilə düşəcəklər?!
Miq.Az


Paylaş:


Müəllif : Tarix:
15-08-2018, 09:18
  


loading...
Загрузка...