reklam
» » 21 il həbsdə olan üç ömürlük məhbusun əfvi gündəmə gəldi

reklam

21 il həbsdə olan üç ömürlük məhbusun əfvi gündəmə gəldi

3 ömürlük məhbus - 21 ildir cəza çəkən keçmiş OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov əfv edilmək üçün prezident İlham Əliyevə müraciət ediblər. Ötən il olduğu kimi, bu il də prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

OMON-çuların yaxınları da ümid edirlər ki, imzalanacaq əfv sərəncamında onları da adları olacaq. Eyni zamanda son günlər Əfv Komissiyasının ard-arda iclaslarının keçirilməsi ilə bağlı da məlumatlar var. İnsan Haqları üzrə Birgə İşçi Qrupu Əfv Komissiyasına 27 nəfərlik siyahı təqdim edib ki, əfv sərəncamı imzalanarsa, həmin şəxslərin də azadlığa çıxacağına ümidlər böyükdür.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, Əfv Komissiyasının əsasnaməsinə görə, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər əfv olunmaları üçün prezidentə müraciət edə bilərlər: “Ancaq ömürlük həbsə məhkum olunmuş belə müraciəti cəzasının 10 ilindən artığını çəkdikdən sonra edə bilər. Belə şəxlər əfv edilən zaman onların cəzası 25 ildən az olmayan cəza ilə əvəzlənə bilər. Qanunverici ömürlük məhkumların əfv üçün müraciət etmək hüququnu tanıyır. Amma əfv fərdi akt olduğundan, eyni zamanda ölkə prezidentinin iradəsindən asıl olduğundan həmin şəxslərin əfv edilib-edilməməsi, cəzalarının müddətli cəza ilə əvəzlənməsi və ya əvəzlənməməsi haqda qərar qəbul oluna bilər”.

Əliməmməd Nuriyev deyir ki, Azərbaycanda ömürlük həbsdə olan şəxslərin əfv olunması praktikası var: “Bu praktika illərdir ki, mövcuddur. Ömürlük həbsdə olaraq əfv üçün müraciət edənlər sırasından əfv edilənlər olub. Belə müraciətlərə baxılarkən ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin törətdiyi cinayət əməli öyrənilir, cinayətin hansı şəraitdə törədilməsi, kimə qarşı törədilməsi və bir çox amillər diqqətlə nəzərdən keçirilir. Hər bir halda müraciət müəlliflərinin işləri çox ciddi şəkildə yoxlanılır, islah olunub-olunmaması ilə bağlı rəylər nəzərdən keçirilir, eyni zamanda ailə vəziyyəti, xüsusilə zərərçəkənin məsələyə münasibəti öyrənilir”.

Ə.Nuriyev bildirib ki, bu il müraciət edənlərin sayı ötən ildə müraciət edənlərin sayından artıqdır: “2016-cı ildə 600-ə yaxın məhkum müraciət etmişdi. Bu il isə 800 nəfər məhkum əfv edilmələri üçün cənab prezidentə müraciət ünvanlayıblar. Digər tərəfdən, əfv üçün müraciət edənlərin sayında artımın olması ötən il 1 dəfə əfv sərəncamının verilməsi ilə əlaqədar ola bilər. Elə il olur ki, 2, hətta 3 dəfə əfv sərəncamı verilir. Ötən il isə 1 dəfə belə sərəncam verilib. Hər il olduğu kimi, bu il də müraciətlər Əfv Komissiyasında öyrənilir, müvafiq rəylər verilir. Müraciətlərin çoxluğu məhkumların azadlığa çıxmaq istəyi ilə bağlıdır. Hər bir məhkum azadlığa çıxmağın yollarını arayır. Buna görə də əfv üçün müraciətlər artmaqdadır. Əfvlə azadlığa çıxanların əlavə məhkəmə araşdırmasına ehtiyac yoxdur, bu, azad edilmək üçün ən asan yoldur”.

Xatırladaq ki, 2016-cı ildə prezident İlham Əliyevin imzaladığı sərəncamla 148 nəfər əfv olunub. Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib. \\musavat.com\\


Paylaş:


Müəllif : Tarix:
7-03-2017, 10:36
  
loading...