reklam
» » Əkbər Hacıyevin fəaliyyəti araşdırılmalıdır - İTTİHAM

reklam

Əkbər Hacıyevin fəaliyyəti araşdırılmalıdır - İTTİHAM

Payız fəsli gələr-gəlməz Bakıda təbii qazın verilişində problemlər başlayır, fasələlər yaranır. Artıq bəzi rayonlarda qazın verilişi saatlarla dayandırılır, digər ərazilərdə isə təzyiq aşağı salınır.

Xatırladaq ki, bu günlərdə bu problemi 255 ailənin məskunlaşdığı Səbail rayonu Salyan yolu 22 ünvanında yerləşən binanın (“Jurnalistlərin binası”) sakinləri də yaşayıblar. İki gün müddətində binaya qaz verilməyib. Sakinlər əvvəlcə bunun Bayıldakı sürüşmə ilə əlaqədar görülən tədbirlərlə bağlı olduğunu düşünsələr də, sonra qonşu binada qaz təminatının qaydasında olduğu məlum olub. Sonradan aydın olub ki, binanın həyətindəki qazpaylayıcı qurğuda nasazlıq yaranıb, amma “Azəriqaz” 255 ailənin qazsız qalmasına laqeyd yanaşıb. Belə olan halda, jurnalistlər əlaqədar təşkilatlara üz tutmaq məcburiyyətində qalıblar. Yalnız bunlardan sonra qazın verilişi bərpa edilib.

Təbii ki, bu günlər ərzində qaz təhcizatı ilə bağlı problem təkcə jurnalistlər yaşayan binanı əhatə etməyib. Paytaxtın digər ərazilərinin sakinləri də bu cür problem yaşayıblar. Süleyman Rəhimov küçəsinin sakinləri qazın təzyiqinin aşağı olmasından şikayətləniblər. Onlar bildiriblər ki, qaz təzyiqi o qədər aşağı olub ki, sakinlər hətta xörək, çay hazırlamağa çətinlik çəkiblər. Bakıətrafı kəndlərdən isə Kürdəxanı qəsəbəsində bu cür hal müşahidə olunub.

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi yayda dəfələrlə qışa hazırlıq işlərinin gücləndirildiyini açıqlayıb. Birliyin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev yay ərzində qaz təhcizatının dayandırılması ilə bağlı suallara qışa hazırlıq işləri ilə bağlı hansısa diametrli boruların yeniləri ilə əvəzlənməsi, hansısa ərazilərdə təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı standart cavablar verirdi. “Azəriqaz” rəsmilərinin cavabları, ümumiyyətlə, bu il payız və qışda qaz probleminin olmayacağına istiqamətlənmişdi. İbrahim Kərbalayev konkret olaraq, qəzetimizə verdiyi açıqlamasında bildirmişdi ki, zərurət yaranmadığı halda, qaz təhcizatı dayandırılmayacaq:

“Zərurət yarandıqda, hər hansı xətdə qaz sızması baş verdikdə və ya hər hansı xətdə təmirə ehtiyac yarandıqda, qaz təhcizatı dayandırılır. Payız-qış mövsümünə hazırlıqla bağlı qaz təhcizatının dayandırılması halları olmayacaq. Çünki işlər görülüb. Artıq oktyabr ayından başa çatdırılır”.

Onu da xatırlatmaq yerinə düşərdi ki, ölkəmiz qaz ixracatçısıdır. Bu ildən Cənub Qaz Dəhlizi Layihəsi də fəaliyyətə başlayıb ki, bu layihə çərçivəsində hasil edilən təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılır.

Məhz qazın zəiflədiyi bu günlərdə qaz ixracatının artırıldığı ilə bağlı xəbərlər də mətbuatda yer alıb. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, yanvar - sentyabr aylarında Azərbaycan 5262.743 mli kubmetr təbii qaz ixrac edib ki, bu da 1 028,245 mln. ABŞ dolları təşkil edib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “Cumhuriyət” qəzetinə verdiyi açıqlamasında bildirib ki, ölkədə artıq üç ildir ki, qaz problemi var:

“Bu problemin kökündə “Azəriqaz” tərəfindən hətta ölkə başçısına da düzgün olmayan məlumatların verilməsi dayanır. Onlar düz üç ildir ki, ölkənin 95 faiz qazla təmin olunduğunu deyirlər. 95 faizdən nə aşağı düşürlər, nə də yuxarı qalxırlar. Problem təkcə qaz təminatı ilə bağlı deyil, dələduzluq da müşahidə olunur. Qaz itkisi, qeydiyyatsız qaz paylamaları, yeraltı qaz kəmərlərində sızmalar mövcuddur. İl ərzində neçə dəfə bununla bağlı məhkəmələr olub, amma vətəndaşlar uduzublar. Vətəndaşlara yalandan cərimələr yazılır”.

Mirvari Qəhrəmanlı deyir ki, dayandırılan qaz təchizatı bərpa edilən zaman maxinasiya edilir:

“Sayğac yarım saat boş-boşuna fırlanır, amma qaz əvəzinə hava vurulur. Bu abonentlərin cibinə girməkdir. Hələ ilin sonunda da yeni məsələlər ortaya çıxacaq. Bir tərəfdən, Cənub Qaz Dəhlizi Layihəsini həyata keçirərək, Avropanın qaz təminatını boynuna götürür, digər tərəfdən, mətbuatda gedən məlumatlara görə Gürcüstanın qaz təminatı ilə 96 faiz təmin etməyi də Azərbaycan öz boynuna götürüb. Bu cür vəziyyətdə ölkə ərazisində qaz təminatının aşağı səviyyədə olması biabırçı haldır”.

Mirvari Qəhrəmanlı deyir ki, vəziyyətdən çıxış yolu “Azəriqaz” İstehsalat Birliyinin Dövlərt Neft Şirkətinin tərkibindən çıxarılmasıdır:

“Çünki, hasilatla tədarük bir əldə cəmlənə bilməz. Mütləq Hesablama Palatası “Azəriqaz”-da ciddi yoxlamalar aparıb, parlament qarşısında hesabat verməlidir. Çünki, ölkədə qaz maxinasiyası var. Buna son qoyulmasa, bu il əhalinin qazla təminatında ciddi qüsurlar ortaya çıxacaq”.


Paylaş:


Müəllif : Tarix:
17-10-2018, 09:15
  


loading...
Загрузка...