reklam
» » Şəhid ailələri nazirliyi məhkəməyə verə bilər - PROBLEM

reklam

Şəhid ailələri nazirliyi məhkəməyə verə bilər - PROBLEM

Məlum olduğu kimi, bəzi şəhid vərəsələrinə birdəfəlik ödəmələrdə problem yaranıb. 11 min manat sığorta haqqını almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən bəzi şəhidlərin ailə üzvlərinə onların bu hüquqdan məhrum edildiyi bildirilib. Səbəb isə 1990-cı illərdə Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən verilən sığorta haqqını almaları göstərilib. Şəhid vərəsələri isə həmin ödənişi almadıqlarını bildiriblər. Onlar çıxış yolunu nazirliyin və parlamentin qarşısında toplaşmaqda görüblər.

Nazirlik rəsmiləri isə məsələ ilə bağlı mətbuat konfransı keçirib, şəhid vərəsələrinin sığorta ödənişi alması ilə bağlı sıyahı dərc edib. Nazirliyin açıqlamasında bu məsələ ilə bağlı aidiyyatı qurumlarla birlikdə araşdırma aparılması da əlavə olunub:

“Bir qrup şikayətçinin müraciətlərinin araşdırılması zamanı vərəsələri olduqları şəhid hərbi qulluqçulara görə onların indiyədək heç zaman sığorta ödənişi almadıqları barədə iddialarının əsassız olduğu müəyyən edilib. Belə ki, həmin vərəsələrə hələ 1990-cı illərdə Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən müvafiq şığorta ödənişinin həyata keçirildiyi, şığorta ödənişinin alınmasına hüquq verən sənədlər əsasında təsdiqini tapıb. Sığorta ödənişini almadıqlarını iddia edən digər bir sıra vərəsələrlə bağlı araşdırmalar davam etdirilir. Bu və ya digər şəhid hərbi qulluqçunun vərəsəsinə illər öncə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilibsə, bölmədə sorğunun nəticəsi kimi bu məlumat qeyd olunur və həmin şəhid hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun olmadığı bildirilir”.

Qeyd edək ki, nazirliyin siyahısında 15 nəfər şəhid vərəsəsinin adı qeyd olunub və onların 1992-ci ildən 1997-ci ilə qədər müxtəlif vaxtlarda bəzilərinin 500 min rubl, bəzilərinin isə 50 000 manat dəyərində sığorta ödənişi alması qeyd olunub. Hətta nazirlik konkret şikayətlərlə bağlı fotolar da yayımlayıb. Belə ki, mətbuat xidmətinin rəhbəri Fazil Talıbov müraciətinin araşdırıldığını və Səlminaz Allahyarova adlı şikayətçiyə sığorta ödənişinin verildiyinin sənədlər əsasında təsdiqini tapdığını bildirib.

Zaqatala rayon dövlət notariat kontoru tərəfindən1997-ci il 15 oktyabr tarixində reyestrdə qeydiyyata alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən şəhid Allahyarov Hüseyn Ələkbər oğlunun vərəsəsi kimi anası Allahyarova Səlminaz Cavad qızı “Şəhid ailəsi üçün 50000 manat sığorta pulu”, eyni zamanda, 1998-ci il 28 dekabr tarixində reyestrdə qeydiyyatda alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən “Özəlləşdirmə payı almaq üçün” vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub. “Həmçinin, Səlminaz Allahyarova qardaşı Səmədov Cövdət Cavad oğlunun şəhid hərbi qulluqçu olması ilə əlaqədar əvvəllər onlara hər hansı ödəniş edilmədiyini də bildirib. Amma Zaqatala rayon dövlət notariat kontoru tərəfindən1997-ci il 14 aprel tarixində reyestrdə qeydiyyata alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən şəhid Səmədov Cövdət Cavad oğlunun vərəsəsi kimi anası Səmədova Gülüzar Bayram qızı “Şəhid ailəsi üçün 50000 manat sığorta pulu” vərəsəlik əmlakı üzrə vərəsə müəyyən olunub”,- deyə nazirlik əməkdaşı vurğulayıb.

Burada bir neçə məqam ortaya çıxır. Qeyd edək ki, sığorta ödənişi edilməsi üçün əsas olan Prezident İlham Əliyevin bu ilin aprel ayında imzaladığı Sərəncamda bu, əvvəllər sığorta ödənişi alanlara şamil edilmir:

“Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.

Digər məqam isə 1992-1997-ci illərdə şəhid ailələrinə verilən 50 min manat və ya 500 min rublun indiki 11 min manata odekvat olmamasıdır. Həmin vəsait 1992-1997-ci illərdə böyük məbləğ olmayıb. Hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, adı siyahıda olmayan şəhidlərin vərəsələrinə o vaxt verilən məbləğ həmin vaxta olan kursla 100 dollara yaxın olub. Onun sözlərinə görə, məhz bu məqam nəzərə alınaraq, aradakı fərq həmin şəhid ailələrinə ödənilməlidir:

“İndi isə ölkə Prezidenti 11 000 manat təyin edib. Ən azı həmin fərqi ödəməlidilər”.

Millət vəkili Fazil Mustafa da parlamentdə çıxışı zamanı bu məsələyə toxunub:

“1990-cı illərdə verilən 50 min manat o dövrün şərtlərinə görə böyük pul olmayıb. Hesab edirəm ki, şəhid ailələrinə bu kompensasiya verilməlidir”. Qeyd edək ki, digər deputatlar da - Zahid Oruc, Qənirə Paşayeva və Aqil Abbas bu fikirləri müdafiə edib.

Fazil Mustafa dövlət qurumlarını bu məsələni araşdırmağa çağırıb: “Bəlkə də, bu insanların sayı çox deyil, amma bu insanların narazılığına cavab verməlidir. Ola bilər ki, onların arasında kimlərsə haqsızdır, lakin hər bir halda vətəndaşların müraciətləri dövlət tərəfindən araşdırılmalıdır”.

ADP sədri Sərdar Cəlaloğlu isə “Cumhuriyət” qəzetinə verdiyi açıqlamasında bildirib ki, qanunun ağırlaşdırıcı hallarının geriyə qüvvəsi yoxdur:

“Əgər bu gün şəhid ailələrinə 11 min manat dövlət yardımının ayrılması nəzərdə tutulubsa, əvvəllər belə bir yardım olubsa, bunu əsas götürüb, indiki yardımdan imtina etmək olmaz. Ona görə də Nazirliyin bu addımı Konstitutsiyaya ziddir. Şəhid ailələri nazirliyi məhkəməyə verə və məhkəmə yolu ilə həmin vəsaiti ala bilərlər. Bir halda ki, bu, şəhid ailələrinin vəziyyətinin yaxşılaşdırılması məqsədilə edilib, bu, bütün hallara aid edilməlidir”.


Paylaş:


Müəllif : Tarix:
19-10-2018, 10:38
  


loading...
Загрузка...