reklam
» » BNA rəhbərinin padşah qiyafəsi və kepkası - Dövlət məmurunun saxta profili var

reklam

BNA rəhbərinin padşah qiyafəsi və kepkası - Dövlət məmurunun saxta profili var

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin bu günlərdə modern.az saytına verdiyi müsahibə birmənalı qarşılanmayıb.
 
Regionxeberleri.com BakuPost-a istinadən xəbər verir ki, onun "libasımı dəyişib, xəlvətcə reydlərə çıxıram” deməsi müzakirələrə yol açıb.

BNA rəhbəri qurumda, həmçinin, "BakuBus”da vəziyyətin necə olduğunu yoxlamaq üçün bəzən reydə çıxdığını, bu zaman isə libasını dəyişdiyini deyib: "Elə bilirsiniz, əməkdaşlarımın mənə verdiyi məlumatların hamısına inanıram? Sözümdən belə anlaşılmasın ki, məni aldadırlar. Əsla! Sadəcə, problemi özüm yerində görməmiş rahat ola bilmirəm. "BakuBus”da da, BNA-da da hansısa məqamı yoxlamaq üçün libasımı dəyişib əraziyə gedirəm. Lazım olanda şəkil də çəkirəm. Bizim işçilərlə birgə "WhatsApp” qrupumuz var. Məsələn, hansısa avtobusla bağlı daxil olan şikayətə əməkdaşlarımız yerində baxır, "hər şey normaldır” deyir. 1 həftə sonra özüm həmin şikayəti araşdırıram”.

Vüsal Kərimli bununla bağlı bir misal da çəkib: "Bu yaxınlarda yenə ənənəvi olaraq başıma kepka qoydum "Gənclik Mall”ın qarşısına getdim. Deməli, sürücü ərazidə avtobusu qeyri-qanuni saxlayıb, mən də onun şəklini çəkirəm. Televiziya kanallarından biri kadrda məni göstərir və deyir ki, "baş verənlərdən Bakı Nəqliyyat Agentliyinin xəbəri yoxdur”.

Yeri gəlmişkən, BNA rəhbəri jurnalistlərin də "bostanına daş atıb”: "Operator və "jurnalist”in BNA rəhbərinin kimliyindən xəbəri belə yoxdur. Olsaydı, kadrda ən azı məni tanıyardı”.
Əlbəttə, hansısa qurumun rəhbəri məsul olduğu sahədə real vəziyyəti öyrənmək üçün "reyd”lərə çıxa bilər. Ancaq həmin şəxsin bunu çıxıb mətbuatda cəmiyyətə açıqlaması nə dərəcədə düzgündür?! Nəzərə alsaq ki, BNA yaxın tarixdə yaranıb, bu, daha çox özünü reklam təəssüratı yaradır ki, bu da normal sayıla bilməz. Həm də "Gənclik Mall” kimi məkanlarda insan bəzən heç öz dostunu da diqqətlə baxmasa, tanımaz. Axı belə yerlər insanların kütləvi toplaşdığı və hərəkət etdiyi məkanlardır.

Vüsal Kərimli media camiəsində o qədər də yaxşı tanınmırsa, telekanallardan hər hansı birinin jurnalisti, operatoru çəkiliş zamanı kepkalı BNA rəhbərini seçə bilməyibsə, buna görə günahı kimdə axtarmaq lazımdır?! Hər halda BNA rəhbəri intensiv mətbuatla təmasda olsa, son müsahibəsindəki kimi reklam məqsədli yox, mətbuatla intensiv ünsiyyətdə olmaq xəttini seçsə, yəqin ki, istənilən media təmsilçisi hətta onu kepkalı halda da tanıyar.

Bir qurumun rəhbərinin kepka qoymasını libas dəyişməsi kimi təqdim etməsi isə tamam başqa mövzudur. Məsələn, real vəziyyətdən xəbər tutmaq üçün libas dəyişərək xalq arasına çıxmaq ənənəsindən söz düşəndə istər-istəməz Şah Abbasla bağlı rəvayətlər yada düşür. Ancaq hələ o vaxt da yəqin ki, Şah Abbas, ümumiyyətlə, şah geyimini dəyişib, təkcə kepka ilə kifayətlənməyib.

Bundan əlavə, axı biz hansı əsrdə yaşayırıq ki, rəhbər şəxs xalqın arasına "qiyafəsini dəyişib" çıxır? Olmazmı ki, BNA rəhbəri reydlərə elə "özü kimi" çıxsın və pozuntularla bağlı yerində tədbirlər görsün?! Bu zaman avtobus sürücüləri və digər məsul şəxslər də işlərinə daha ciddi yanaşar, hər an Vüsal müəllimlə qarşılaşmaq və yol verdiyi pozuntuya görə cəzalandırılmaq təhlükəsini üzərində hiss edib, daha məsuliyyətli davranar.

Yeri gəlmişkən, bu gün də sosial şəbəkələrdə müsahibə ilə bağlı aparılan müzakirələr zamanı ən çox verilən suallardan biri budur ki, "Vüsal müəllim nə geyinir ki, reydə çıxarkən libasını dəyişmək ehtiyacı hiss edir”. Hər halda cavablandırılması cəmiyyət üçün maraqlı sualdır…

Vüsal Kərimli eyni müsahibədə başqa bir "gül də vurub". BNA rəhbəri deyib ki, sosial şəbəkədə yazılanları izləyir, ancaq... FAKE PROFİLLƏ! Diqqət edin, BNA kimi ciddi bir qurumun rəhbəri öz ağzı ilə deyir ki, sosial şəbəkədə fake, yəni SAXTA PROFİLLƏ "oturur". Milli Məclisin bəzi deputatlarının sosial şəbəkələrdəki saxta profillərin qarşısını almaq məqsədilə giriş üçün şəxsiyyət vəsiqəsi tələb etdiyi bir zamanda hökumətin ən ciddi qurumlarından birinin rəhbəri SAXTA PROFİLDƏN istifadə etdiyini etiraf edir. Nə deyə bilərik?!

P.S. Kim bilir, bəlkə də BNA-nı tənqid edəndə profilləriniz altında sizi söyən FAKE, SAXTA adamlardan biri də elə... Adam heç inanmaq istəmir!


Paylaş:


Müəllif : Tarix:
7-11-2018, 15:04
  


loading...
Загрузка...