reklam
» » Qeyri-peşəkarlar ümidinə qalan aqrar sektor - FAKTLAR

reklam

Qeyri-peşəkarlar ümidinə qalan aqrar sektor - FAKTLAR

Tam səmimi olaraq etiraf edilməlidir ki, Ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında daxili və xarici siyasətimizdə əldə etdiyimiz bütün uğurların başında xalqımızın ölkə rəhbərliyinə olan güclü inamı və Prezidentimizin siyasi iradəsi, itkilərimizin başında isə Prezidentin yüksək etimad göstərdiyi bəzi yüksək ranqlı məmurların feodal təfəkkürlü düşüncələri və ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən məsələlərə qeyri-peşəkar münasibətləri dayanır. Qlobal dəyərlər baxımından işinin çoxluğuna baxmayaraq Cənab Prezident bütün müşavirələrdə ölkənin daxili və xarici siyasətinin gələcək inkişaf konturlarını tam çılpaqlığı ilə ortaya qoyur, “yol xəritə”sini cızır, qalır prioritetlərin icrasına, burada isə şəxsi maraqlar, qeyri-peşəkar yanaşma müsbət nəticələrin əldə olunmasında ciddi əngəlliklər yaradır.

Bəzi hallarda mətbu orqanlarda belə bir məsuliyyətsiz fikirlər irəli sürülür ki, güya Ölkə Prezidenti neft erasının bitişindən sonra qeyri-neft sektorunun inkişafına ciddi önəm verməyə başlayıb, hansı ki, neftdən gələn gəlirlərin dominatlıq etmədiyi dövrlərdə Cənab Prezidentin sərəncamı ilə “Aqrolizinq”ASC təsis edildi, dövlət büdcəsindən bu quruma ayrılan maliyyə vəsaitləri hesabına fermerlərə güzəştli qaydada texnikaların, cins mal-qaranın, mineral gübrənin və s. satışı reallaşdırıldı, 2007-ci ildən prioritet sahələrə dövlət büdcəsindən subsidiyaların verilməsinə başlanıldı, geniş tutumlu investisiya tələb edən meliorasiya - irriqasiya və digər infrastruktur layihələr həyata keçirildi. Və bu gündə aqrar sahəyə sistemli imtiyazların tədbiqi davam etdirilir, aqrar sektorun inkişafından ötəri qaldırılan bütün mütərəqqi təşəbbüslər Ölkə Prezidenti tərəfindən tam dəstəklənir. Aərbaycan dünyanın barmaqla sayılacaq ölkələrindəndir ki, kənd təsərrüfatı istehsalçıları simvolik torpaq vergisi istisna olmaqla bütün növ vergi ödənişlərindən azaddırlar. Dövlət Başçısının ortaya qoyduğu siyasi iradə ilə yanaşı, Ulu Tanrı da aqrar sektorun dinamik inkişafı üçün ölkəmizə çox böyük potensiallı, geniş profilli təbii resuslar bəxş edib. Ekvator xəttinin şimal qütbündə yeləşən ölkələrindən fərqli olaraq Azərbaycana nəsib olmuş böyük ölçüdə aktiv bioloji temperatur eyni əkin sahəsindən ildə ən azı iki dəfə məhsul götürülməsi üçün əvəz olunmayan təbii imkanlar yaradır. Keçirdiyi bütün müşavirələrdə Prezidentimiz İ.Əliyev cənabları cəmiyyətdə ciddi sosial gərginlik yaşadan heyvandarlıq və quşçuluq məhsullarında qiymət artımı məsələsinə toxunanda, bəzi məmurlar qiymət artımını xaricidən idxal olunan yem əlavələrinin və dərmanların dollarla ekivalentdə manatın məzənnəsinin aşağı düşməsi nəticəsində baş verdiyini izah etməyə çalışırlar. Tutaq ki, yerli dərman istehsalı uzaq hədəfimizdir, bəs qüvvəli yem əlavələri necə? Yuxarıda qeyd etdiyimiz təbii resus hesabına biz taxıl biçinindən sonra qısa vegetasiya müddətli (70-80 gün) soya sortları ilə sənaye texnologiyası əsasında əkin aparıb məhsul əldə edə bilərik. Özüdə bu bizim üçün yenilik deyil, bu sahədə tarixi ənənəmiz var, əski sovetlər dönəmində sənaye texnologiyası əsasında soya məhsulu istehsal etmişik. Soyanın emal məhsullarının daxılı bazarda iri quşçuluq fabrikləri, heyvandarlıq kompleksləri və bitki yağları emal edən müəssisələri kimi potensial alıcıları var. Bu qədər imkanlarımız ola-ola nədən biz soya şrotunu idxal yolu ilə buzlaq Kanadadan alıb ölkəmizə gətiririk? Məgər bu məsələlərə məsul olan şəxslər Kömrük Komitəsinin hesabatlarına baxmırlar ki, soya məhsullarının alınıb ölkəyə gətirilməsi üçün hər il milyonlarla dollar vəsait ölkədən çıxarılır. Digər aspekdən yanaşsaq, soya bitkisi əkin sahəsinin hər hektarına 200-250 kq azot topladığından torpağın uducu kompleksinin qida maddələri ilə təminatını yaxşılaşdırır və münbitliyini artırır. Keçən il biz sınaq üçün İrandan gətirdiyimiz qısa vegetasiya müddətli soya toxumu ilə buğda biçinindən sonra- iyul ayında bir hektar sahədə səpin apardıq və oktyabr ayının sonunda biçin apararaq 22 sentner məhsul əldə etdik, 2016-cı ildə eyni aqrotexniki qulluq şəraitində bir hektardan digər sahələr ilə müqayisədə 15 sentner artıq buğda məhsulu götürdük.. Kənd Təsərrüfatı Nazirliyi təşəbbüs göstərərək Quşçular Birliyinin, iri heyvandarlıq komplekslərinin və “Azərsun” Şirkətinin mütəxəssisləri ilə birlikdə çox uzağa yox, bizimlə eyni coğrafi zonada yerləşən İran İslam Respublikasının bu sahədə əldə etdiyi təcrübəni öyrənmək və sonda ölkəmizdə bu işin reallaşması üçün optimal master plan hazırlayıb Hökumətə təqdim etmək əvəzinə gözləmə mövqeyi tutur, çünki təşəbbüs üçün Nazirlikdə aqrar sahə üzrə peşəkərlar çox azdır. Nə vaxtsa cənab Prezident bu məsələyə münasibət bildirsə,o zaman başlayacaqlar bu ideyadan özlərinin “reklam”ı üçün genə-bola istifadə etməyə.

Azərbaycan tarixən zəngin aqrar potensiala sahib bir ölkə kimi dəyərləndirilib, hələ sovetlər dönəmində mərkəzi büdcədən dotasiya almayaraq özünü yaşadan üç respublikadan biri olub. O zaman yerli büdcəmizin formalaşmasında əsas yük aqrar sektorun üzərinə düşürdü, pambıqçılıq və üzümçülük bu sahənin əsas lokamotivləri idi. Qəbul edək ki, M.Qarbaçov düşünülmüş şəkildə üzümçülüyü məhv etdi, bəs ənənəvi pambıqçılıq kimi strateji sahə niyə bu vəziyyətə salındı. 2015-ci ildə içi biz qarışıq olmaqla yüzlərlə istehsalçının əkin sahəsində pambıq yığılmamış qadı. Bunun adı xəyanət idi! Keçən məqaləmizdə də bildirdirmişdim ki, əlacsız qalıb iki dəfə kənd təsərrüfatı naziri

H.Əsədovun qəbulunda oldum və min bir əziyyətlə yetişdirdiyimiz şöhrətli “ağ qızıl”ın sahələrdə qalmamasına köməklik göstərməsini xahiş etdim. Hər iki halda nazir pambıqçılığın iqtisadi baxımdan səmərəsiz sahə olduğunu bildirdi və heç bir əməli köməklik göstərmədi. Cənab nazir, hər il təkcə 70 milyon cüt corab idxal edən bir ölkədə nədən pambıqçılıq bu qədər dəyərsizləşdirilib? Nədən biz yüksək texnologiyalar əsrində ancaq pambığın çiyidini çıxarıb satmağı bacarırıq? Əsrin əvvəlində heç bir təhsili olmayan milli messenat H.Z. Tağıyev toxuculuq fabriki açdı, insanları işlə təmin etdi, milli tekstil məhsullarımızı şöhrətə mindirdi, gəlir əldə etdi, ancaq 21-ci əsrdə biz pambıqçılığı dəyərsiz bir duruma saldıq. Yadımdadır, pambığa sahib çıxılmayan həmin dönəmdə nazir müavini Seyfəddin Talıbov (bildiyim qədər nazir müavini olana qədər Hesablama Palatasında Aparat rəhbəri olub) televiziyalardan birinə müsahibə verərkən bildirdi ki, belə şəraitdə pambıq istehsalçıları sığortadan yararlanmalıdırlar, ortada sığorta mexanizmi yoxdursa, bu halda Hökümət qarşısında məsələ qaldırsınlar, əgər Hökumətdən bizə müvafiq tapşırıq versələr, biz də həmin tapşırığı icra edərik. Bax budur kənd təsərrüfatının problemlərinə “peşəkar” yanaşma! Birincisi, möhtərəm nazir müavini bilməlidir ki, sığorta hadisəsi fors-mojor şəraiti baş verdikdə yaranır, istehsal olunmuş məhsula sahib çıxılmırsa, və yaxud, satılmış məhsulun dəyəri ödənilmirsə belə halda hansı sığorta hadisəsindən danışmaq olar? İkincisi, bu gün də risklərlə əhatə olunmuş aqrar sahədə normal sığorta bazarı formalaşmayıbsa, bunun günahkarı kəndli yox, birbaşa Kənd Təsərrüfatı Nazirliyidir. Digər halda, yaradılmış acınacaqlı vəziyyətlə bağlı Hökumətə təkliflər paketi göndərmək məhsul istehsalçısının işi deyil, bi iş ölkənin aqrar siyasətini işləyib hazırlamalı olan Kənd Təsərrüfatı Nazirliyinin işidir. Amma kənd təsərrüfatının spesifakından bixəbər olan nazir müavini də elə bilir ki, Nazirliyin işi gübrə, heyvan, tenika satmaq kimi kommersiya işləri, və yaxud, böyük maliyyə tutumlu tikinti işləri aparmaqdır. Vəziyyətlə bağlı bir qrup pambıq istehsalçısı ilə birlikdə Nazirlikdə olduq. Bizi şöbə müdiri Firdovsi adlı birisinin yanına göndərdilər. Biz pambıqçılıqda yaranmış mövcud vəziyyəti ona danışdıq. Cavabının müqabilində o, bizə bir cədvəl gösrərək bildirdi ki, mən filan alimin dusturu əsasında hesablama aparmışam və müəyyən etmişəm ki, “əlverlişli bazar şəraiti”ndə Gədəbəy-Qazax zonasında kartofçuluğun, Aran zonasında pambıqçılığın, Lənkəran-Astara zonasında çayçılığın iqtisadi effektivliyi vahiddən kiçikdir, ona görə də bu məhsulların idxalı yerli şəraitdə istehsalından daha səmərəlidir. Bax budur qeyri-peşəkarlıq! Bizim “bəs subtropik iqlim qurşağında yerləşən, podzol torpaq tipinə, çayçılıq sahəsində tarixi ənənəyə sahib Lənkəran-Astara zonasında hansı kənd təsərrüfatı bitkisi əkilməlidir”-sualımız qarşısında çiyinlərini çəkdi. Bəs məsələnin sosial tərəfi, ölkədən çıxarılacaq valyuta vəs. sizi düşündürmürmü, ay Firdovsi müəllim!

Ölkə Prezidentinə minnətdarıq, ona görə ki, digər prioritetlərlə yanaşı pambıqçılığın inkişaf etdirilməsi, bu ənənəvi bitkinin şöhrətinin bərpası üçün siyasi iradə nümayiş etdirdi və kənd adamları da həmişə olduğu kimi bu dəfə də Prezidentimizin bu çağrışına yekdilliklə qoşuldular. 2015-ci ildə bu siyasətin əlehinə gedən qeyri-peşəkarlar bu dəfə də ucuz “özünü reklam” axtarışında bulunaraq televiziya kanallarının qapısından əl çəkmirlər. Təzad ondadır ki, əkinçilər Prezidentimizin bu siyasətini dəstəklədiyi bir vaxtda yenə bir qrup”möhtəkir” təfəkkürlü məmur təbəqəsi əməlləri ilə süni əngəllər yaratmağa cəhd göstərirlər. Prezidentimiz xam pambığın satın alma qiymətini 8 (19%) qəpik artıran kimi başladılar istehsal vasitələrinin qiymətini 70-80% artırmağa. Əvvəlki illərdə istehsalçıya toxumluq çiyidin hər kq-ı 3 manata satılırdısa, cari ildə bu qiymət 5 manat (60%) oldu, və yaxud, pambıqyığan maşın əvvəlki illərdə bir hektar sahənin pambığını 65 manata yığırdısa, indi 100 manata (34%) yığır. Belləliklə, əvvəlki illərdə bir hektara çəkilən xərc 400-450 manat təşkil edirdisə, cari ildə bu rəqəm 800-900 manat civarındadır. Əski sovetlər dönəmində kənd təsərrüfatı məhsulları istehsalçıları ilə tədarük təşkilatları arasında həmişə münaqişələr yaşanıb. Həmin dövrdə münaqişənin aradan qaldırılması üçün rayon kənd təsərrüfatı idarələrinin, kolxoz və sovxozların təcrübəli mütəxəssisləri tədarük təşkilatlarına təhkim edilirdi. Xam pambıqda nəmlik, zibillik və digər keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi dəqiqlik tələb edən texnoloji prosseslərdi, təbiidir ki, siravi pambıq isyehsalçısı diaqnostik qimətləndirmədən anlayışsızdırlar, belə olan halda istehsalçıların maraqlarını kim müdafiə edir? Niyə Kənd Təsərrüfatı Nazirliyi bəh-bəhlə yaratdığı rayon kənd təsərrüfatı idarələrinin təcrübəli, bu məsələlərdən anlayışı olan (əgər varsa) mütəxəssislərini tədarük məntəqələrinə ezam etmir? Ümumiyyətlə, Nazirliyin ölkəyə 5-10 ədəd pambıqyığan kombayn gətidiyini nəzərə almasaq, pambıqçılıqla bağlı hədəflərimizin reallaşmasında bu Nazirliyin hər hansı başqa rolunu hiss edirikmi? Əgər cari ildə pambiqçılıq sahəsində müsbət nəticələr əldə olunubsa, bu ilk növbədə Cənab Prezidentin və eləcə də Prezident Administrasiyasının, Iqtisadi İnkişaf Nazirliyinin və rayon icra hakimiyyətlərinin uğuru hesab olunmalıdır. Rejimin xarekterinə uyğun olaraq sovetlər dönəmində kənd təsərrüfatı məhsulları istehsalında əmək tutumu çox olduğundan inzibati əkinçilik sistemi tədbiq olunurdu. İstər üzüm, istərsə də pambıq yığımı dövründə inzibati yolla sosial təbəqəsindən asılı olmataraq bütün əhali səfəbər olunurdu, hətta həmin aylarda toy mərasimlərinin keçirilməsi belə yasaq idi. İndi dünya həmin dünya deyil, bəs hanı Kənd Təsərrüfatı Nazirliyinin az məsrəfli və az əmək tutumlu cənaye

texnologiyası əsasında pambıqçılığın inkişaf strategiyası? Bütün çıxışlarında Nazirlik rəsmiləri pambıqçılıq, tütünçülük, baramaçılıq sahələrində cari ildə əldə olunan nəticələri bu sahələr üzrə faciəli il olmuş, əslində nəticələrin dillə izharı belə utandırıcı olan 2015-ci illə müqayisə etməklə özləri haqqında süni “müsbət fon” yaratmaq istəyirlər. Nəzərə almırlar ki, yüksək texnologiyalar əsrində 2016-cı ildə ölkə üzrə hər hektar pambıq sahəsindən 15-16 sentner (bir-çox rayonlarda bu nəticə 9-10 sentner civarındadır) xam pambıq məhsulu götürüb, hansı ki, Azərbaycan Çar Rusiyasının tərkibində olduğu 1913-cü ildə pambıq sahəsinin hər hektarından 15 sentner məhsul götürülüb. Nonotexnologiyaların, biotexnologiyaların, malekulyar biologiyanın kənd təsərrüfatında tədbiq olunduğu bir dönəmdə nədən çiyidin lifsizləşdiririlməsi kimi primitiv bir texnologiya bizim üçün əl çatmaz olub ki, biz lifsiz çiyidi xarici valyuta ilə Türkiyədən alırıq. Nə vaxta kimi biz balıq alacağıq, bəs balıq tutmağı nə vaxt öyrənəcəyik? Ölkəmiz dörd hakim hava kütləsinin daxil olduğu coğrafi məkanda yerləşdiyindən və bunun nəticəsində fəsillərin bir-birini əvəzləməsi qısa dövrdə baş verdiyindən bizim üçün qısa vegetasiya müddətli, torpaq- iqlim şəratimizə uyğun, lift çıxımı və lift keyfiyyəti yüksək məhsuldar milli pambıq sortlarının əkilməsi daha münasibdir. Hanı pambıq əkin dövriyyəsində milli sortların xüsusi çəkisi? Yaxud, Çindən dövlətin o qədər pulunu verib tut çili alıb gətirirlər. Bu ölkədə bəyəm yerli xüsusiyyətlərə, iqlimə uyğun tut çili yetişdirmək çox çətin işdi? İxtisasca “prorab” olan nazir müavini İlham Quliyev qürurla deyir ki, bu tut tinglərin başqa tinglərdən fərqi ondadır ki, bunlar kökə edilən calaqla əldə olunub. Ay “prorab” nazir müavini, kənd təsərrüfatından uzaq bir adamsan, bu başqa bir dərd, heç olmasa ictimaiyyət qarşısında danışanda sözlərinə məsuliyyətli yanaş, bilmədiyini danışıb özünü gülünc vəziyyətə salma, kökə calaq vurub heç bir yeni genetik xüsusiyyət əldə etmək olmaz, bəlkə kök boğazı demək istəyirsən, bunlarda həm morfoloji, həm də fizioloji xüsusiyyətlərinə görə fərqli-fərqli şeylərdir. Nə üçün Nazirlik tərəfindən külək eroziyasının əkin sahələrinə vurduğu ciddi ziyanı nəzərə alıb, tut çilləri Şəki-Zaqatala regionunda tarla qoryucu zolaqlarının salınmasına tövsiyyə olunmur? Hər il kimyəvi mübarizə tədbirlərinə külli miqdarda vəsaitin sərf edilməsi məhsulun maya dəyərini yüksəltməklə yanaşı, pestisidlərin çoxqat tətbiqi ətraf mühitin çirklənməsinə və ekoloji tarazlığın pozulmasına səbəb olur, nədən bu gün pambıq sovkasına qarşı mübarizə işində süni tutuculardan və bioloji metodlardan istifadə etməyək, hansı ki, bu metodun tədbiqi üçün regionlarda kifayət qədər mütəxəssislər və keçmişdən qalma infrastruktura var. Yoxsa Fitosanitar Nəzarət Xidməti öz işini idxal-ixrac əməliyyatları zamanı sahibkarlardan topladığı “haqqı” yuxarıya ötürməklə bitmiş hesab edir. Kimsə ölkəmizdə Nazirliyin tabeliyində olan Elmi-Tədqiqat Texniki Bitkilər və Bitki mühafizəsi İnstitutunun varlığını hiss edirmi? Nazirlikdə çalışan bir əməkdaş ürək ağrısı ilə bizə bildirdi ki, ölkə Prezidenti texniki bitkilər istehsalını artırmaq üçün tapşırıqlar verir, nazir isə struktur dəyişikliyi adı altında texniki bitkilər sektorunu ləğv etdi, indi nazirlikdə texniki bitkilər üzrə təcrübəyə sahib bir mütəxəssis belə yoxdu.

Mütəmadi olaraq nazir H. Əsədov dövlət büdcəsininin külli miqdarda vəsaitləri hesabına tikilmiş bərli-bəzəkli, ümumilikdə kənd təsərrüfatının keyfiyyət mahiyyətinə zərrə qədər də müsbət təsir imkanı olmayan, amma nazirin maraqlarına xidmət edən tikliləri nümayiş etdirir. Cənab nazir bu yaxınlarda bir qrup Milli Məclisinin deputatlarına “Baytarlıq şəhərciyini” nümayiş etdirirdi. Görünüş çox gözəl idi, amma mahiyyət yox! Nə dəyişilib baytarlıq sistemində? Müasir dünyada məscidlər çoxalıb, amma İslam dini bunun müqabilində mahiyyətini itirərək daha çox deqredasiyaya uğrayır. Yaranmışların əşrəfi olan insanın sağlamlığını özəl klinkalara etibar etdiyi bir dönəmdə, yaraşıqlı binalara dövlət büdcəsindən sərf olunan xərclərin müəyyən hissəsini kompensasiya etmək üçün bir dənə də olsun baytarlıq sahəsində özəl klinka yaradılıbmı, yaxud vahid baytarlıq nəzarət sistemi tədbiq olunurmu? Bakı şəhərində gün ərzində ən azı 800-1000 yerdə ət kəsilib satılır. Fiziki baxımdan mümkündürmü ki, bu qədər pərakəndəlikdə kəsilən heyvan ətindən nümunə götürülsün, labarator analizlər aparılsın və sonda satışa rəsmi icazə verilsin? Bizim yaxın qohumlarımız Bakı şəhərində ət satışı ilə məşğuldurlar. Etiraf edirlər ki, əvvəlki dövrlərdə olduğu kimi indi də sahə baytar həkimləri ilə “dil tapıb” ət satışını həyata keçirirlər.

Məhsul istehsalçısı kimi etiraf edirik ki, qarşılaşdığımız problemlərin həlli rayon icra hakimiyyətlərində aqrar şöbələrin mövcudluğu dönəmində daha effektli olurdu, nəin ki, kənd təsərrüfatı idarələrinin fəaliiyət göstərdiyi indiki dönəmdə, çünki nazirlik heç bir vaxt rayon icra hakimiyyəti başçıları qədər həmin rayonda dövlət idarələrinin fəaliyyətlərinin koordinasiya olunması, problemlərə operativ münasibət göstərmək gücündə ola bilməz.. Hesab edirik ki, ölkənin maliyyə sıxıntıları keçirdiyi bir vaxtda yüz milyon manatdan çox vəsait xərcləyərək 40 rayonda belə dəbdəbəli binaların tikilməsi ölkəmizin aqrar sahəsinə effektli heç nə verə bilməz. Əksinə, kənd təsərrüfatı idarələri yaratmaqla Siz sadə əkinçilərə “barmaq silkələyənlər”in sayını artırdınız. Təsəvvür edin ki, Ölkə Prezidentinin Sərancamı ilə “Aqrolizinq” ASC Nazirliyin tabeliyindən çıxarılıb müstəqil qurum kimi və yaxud özəl bir qurum kimi fəaliyyət göstərəcəyi təqdirdə indiki yanaşma ilə ölkədə Kənd Təsərrüfatı Nazirliyinin varlığı hiss olunacaqmı? Bu qədər vəsaiti ictimai baxımdan

(şəxsi maraqlar baxımından yox) səmərəsiz yerə xərcləməkdənsə 10-15 səviyyəli uşağın xarici unversitetlərdə biotexnologiya, malekulyar biologiya, virusologiya, hibrid toxumçuluğu üzrə seleksiyaçı vəs. sahələr üzrə müasir çağrışlara cavab verəcək mütəxəssislər hazırlansaydı, biz aqrar sahədə daha effektli nəticələr əldə edərdik, çünki kənd təsərrüfatının elmi yanaşmaya böyük ehtiyacı var. Yaxud, əski sovetlər dönəmindən sonra ölkəmizdə kompleks torpaq tədqiqatı aparılmayıb. Aqrar yönümlü xarici şirkətlər hər hansı bir layihənin rallaşmasına başlamamışdan öncə geniş həcmdə torpaq tədqiqatı işləri aparırlar, torpağın mexaniki,fiziki və kimyəvi göstəriciləri əlverişli olduğu təqdirdə, layihənin maliyyələşdirilməsinə başlayırlar. Hanı ölkəmizdə torpaqların mexaniki, fiziki və kimyəvi xüsusiyyətlərini özünbə birləşdirən və hər on ildən bir hazırlanmal olan torpaq xəritələri və hesabatları, yaxud, hər beş ildən bir hazırlanmalı olan torpaqların qida maddələri təmin olunma (aqrokimyəvi kartoqrmma) kartoqramması və hesabatları, yaxud, torpaqların şorlaşma və şorəkətləşmə dərəcələrini və tiplərini birləşdirən şorlaşma və şorəkətləşmə xəritələri və hesabatları, yaxud, iqtisadi amilləri özündə cəmləşdirən torpaqların kadastr xəritələri və hesabatları? Başlıca istehsal vasitəsi olan torpağın keyfiyyət göstəriciləri dəyərləndirilmədən biz hansı intensiv inkişafdan danışa bilərik. Cənab Heydər Əsədov nazir təyin olunduqdan sonra effektiv nəticələrin əldə edilməsi istəyində olsa idi, onu binaların bəzədilməsi yox, vacib olan bu məsəllər düşündürərdi. Azca aqrar sahəyə bələdçiliyi olsa idi, bilərdi ki, aqranomiyanı elm kimi formalaşdıran doqquz qanunun birincisi və aqranomiyanın “qızıl qaydası” itirilmiş qida maddələrinin torpaqda bərpası qanunnudur. Xəstəliyin ilk növbədə diaqnostik üsulla diaqnozu qoyulur, sonra müalicəsinə başlanılır. Qiymətli torpaqlarımızdan uzun müddətli insafsızcasına istifadə olunması onun deqradasiyaya uğramasına gətirib çıxarıb, torpaq tədqiqatı aparılmadan “xəstəliyi”ni müalicə etmək olmaz. Nazir müsbət mənada fərqli nəticə ortaya qoymaq istəyidirsə, ilk növbədə aqrokimya – torpaqşünas və coğrafiya ixtisaslı mütəxəssislərdən komplektləşdirilmiş xüsusi ekspedisiya qrupları tərəfindən (zona aqrokimyəvi laboratoriyaları hər bir mənada kompleks tədqiqat aparmaq, xəritələr və hesabatlar tərtib etmək gücündə deyillər) kompleks tədqiqatların və götürülmüş nümunələr əsasında geniş profilli analizlər əsasında texniki sənədlərin və hesabatların hazırlanması üçün Hökümət qarşısında təşəbbüslə çıxış etməli idi. Bu gündə mövcud 17 problemin fundamental həlli bundan keçir. Keyfiyyətli və bol məhsulu bizə nə yaraşaqlı binalar, nə də onun içində “mürgü” vuran insanlar yox, qiymətli torpaqlar verə bilər. “Halva-halva deməklə ağız şirin olmaz”- cənab Nazir!

Bütün danışıqlarında nazir H. Əsədov şəstlə bildirir ki, Cənab Prezident məni nazir təyin edərkən ilk növbədə dövlət tərəfindən verilən subsidiyalarda mövcud olan neqativ halların aradan qaldırılması barədə konkret tapşırıqlar verib. Bəs kimin təqsiri üzündən Prezidenti narahat edən əyri-əskikliklərə yol verilib? Nazirlikdə subsidiyaların verilməsi ilə bağlı yardılmış işçi qrupunun rəhbəri və “Aqrolizinq”ASC-də Müşahidə Şurasının sədri sizin də hesablaşdığınız İlham Quliyev olub. Mən bu adamı Nazirlikdə “kuru”nun rəisi olandan tanıyıram. O dövrdə sabiq nazir İrşad Əliyev nazirlik işçilərinin kütləvi etirazlarına baxmayaraq onu “kuru”nun rəisi təyin edə bildi. Və İ.Əliyevin çətiri altında o ölkənin aqrar-sənaye kompleksinin bütün stünlarını məhv etdi. Sonra sələfiniz İsmət Abasovun dönəmində nazirlikdə əsas söz sahibinə çevrildi, bütün maliyyə maxinasiyalarının başında bu adamın adı çəkilirdi. Ümumiyyətlə İ.Quliyevin qafasında aqrar sektora xeyir gətirəcək heç nə yoxdur, amma üç işin - ilk növbədə istənilən halda “qarayaxma” işinin, işi aşana kimi rəhbərə müthicəsinə yaltaqlıq etməyin və maliyyə maxinasiyalarının mahir ifaçısıdır. Hesab edirəm ki, onun bu keyfiyyətləri sizin maraq dairənizlə üst-üstə düşdüyündən onunla hesablaşırsınız və hətta prezidentin iradəsinin əlehinə gedərək “yüksək xidmətlərinə” görə qeyri-peşəkar bir insana “Əməkdar kənd təsərrüfatı işçisi” kimi fəxri adın verilməsinə də nail olursunuz. “Aqrolizinq”ASC-də və subsidiyaların verilməsində baş vermiş maliyyə fırıldaqlarına görə məsuliyyət daşıyan bir insana bu dərəcədə “səxavətlə” yanaşmanın başqa nə adı ola bilər? Rayonlar səviyyəsində isə bu işlərə rayon icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri rəhbərlik ediblər. Deməli, neqativ halların yaranması respublika və rayon komissiyalarının ya səhlənkarlıqlarının, ya da şəxsi maraqlarının ucbatından baş verib. Respublika İşçi Qrupun rəhbəri İlham Quliyevə göstərdiyiniz sayğını qeyd etdik, əksər rayonlarda da kənd təsərrüfatı idarələrinə rəis Siz tərəfdən müavinlər təyin olunub. Məntiqlə bu məsələyə yanaşdıqda belə bir nəticəyə gəlmək olar ki, subsidiyaların veriməsində yol verilmiş maliyyə pozuntuları sizin etimad göstərdiyiniz məsul şəxslərin məsuliyyətsizlikləri və şəxsi maraqları ucbatından baş verməyibsə, onda “yad planetlilər”in təqsiri ucbatından baş vermişdir! Digər bir məsələ isə dövlət büdcəsindən subsidiyaların indiki qaydalar çərçivəsində verilməsinin effektiv nəticəsinin olmamasıdır, başqa sözlə subsidiyaların verilməsindən əvvəlki 2006-ci ilin statistik hesabatlarının subsidiyaların verildiyi dövrlərin illik statistik hesabatları ilə müqayisəsində məhsuldarlıq göstəricilərində ciddi bir müsbət dinamikanın olmadığını görmək olar. Əksinə subsidiyaların verilməsinə şablon yanaşma nəticəsində taxılçılığın eksintensiv yolla inkişafına stimul yaranıb, ümumu əkin strukturasında taxıl əkinlərinin xüsusi çəkisi artıb, növbəli əkin

dövriyyəsinin tədbiqində ciddi əngəllər yaranıb, uzun müddət bir ərazidə taxıl əkilməsi spesfik xəstəlik və ziyanvericilərin artmasına səbəb olub və ən başlıcası “işbazlar”ın asan qazanc əldə etməsinə münbit şərait yaradıb. Mənim tanıdığım bir “işbaz” 500 hektar dövlət fond torpağını uzun müddətə icarəyə götürüb, özü isə Bakıda kommersiya fəaliyyəti ilə məşğul olur. Bu adam hər il həmin sahəni şumlatdırır və 100-120 kq keyfiyyətsiz taxılla səpin apatdırır və il boyu taxıl sahəsində heç bir aqrotexniki qulluq işi aparmır, son nəticədə hər hektardan 14-15 sentner məhsul götürür. Niyə torpaqdan bu şəkildə istifadə edirsən deyənlərə cavab verir ki, əlavə xərc çəkmək mənə sərf eləmir, götürdüyüm məhsul mənim cüzi xərclərimi kompensasiya edir, hələ xərclikdə qalır, əsas odur ki, heç bir əziyyət çəkmədən onsuzda hər il 45 min manat subsidiya alıram.Yaxud, digər bir imkanlı adam müxtəlif yollarla əldə etdiyi böyük həcmdə dövlət fond torpaqlarını subicarəyə verir, sonda heç bir əziyyət çəkmədən dövlətdən iri məbləğdə subsidiya alır, torpağı faktiki əkən istehsalçı isə bu yardımdan yararlana bilmir və maliyyə sıxıntısı ucbatından normal əkin-biçin işləri apara bilmir. Təəssüf ki, yanlış subsidiya siyasəti nəticəsində torpağa bu cür münasibət göstərən “işbazlar” çoxalıb. Subsidiyaların effektiv nəticəsinin aşağı olmasının digər bir səbəbi də verilən subsidiyaların məhsuldarlığı artıracaq texnoloji prosseslərdə iştirakçı olmamasıdır. Konkret 2015-2016-cı təsərrüfat ilində əkinçi buğda toxumu alanda, şum qaldıranda, səpinə hazırlıq işlərini görəndə, səpin aparanda, digər aqrotexniki qulluq işləri (gübrələmə, alaqlara və vələmirə qarşı kimyəvi mübarizə işləri, vegatasiya suvarmaları və s.) görəndə, biçin və məhsulun daşınması proseslərində subsidiyadan yararlana bilmədi. Əlverişli kredit bazarın yox, subsidiyanı verməmisən, normal şərtlər əsasında məhsula sahib çıxmırsan, bəs onda sosial qayğılar içində çapalayan əksər əkinçi böyük məbləğdə (əkinçi üçün böyük, sizin üçün xırda) maliyyə imkanları tələb edən , sonucda məhsuldarlığın artımına xidmət edən çox saylı vacib texnoloji prosesləri necə reallaşdırsın. Təbiidir ki, rallaşdıra bilməyəcək və bunun da müqabilində yüksək məhsul əldə edə bilməyəcək. Hesab ediri ki, yanacaq və motor yağlarına görə verilən yardım faktiki əkilmiş sahəyə görə verilə bilər, çüki burada əkin növünün məsələyə aidiyyatı yoxdur, amma dövlətin prioritet hesab etdiyi bitkiçilik sahələri üzrə (pambıq, buğda, çəltik, çay, tütün, fındıq, barama və s.) subsidiyalar son məhsula görə verilməlidir. Adını şəkdiyimiz bitkiçilik sahələri üzrə istehsal olunmuş məhsulu tədarük edəcək bəs qədər dövlət və yaxud özəl tədarük sistemi mövcuddur. Tutaq ki. Taxıl Fondu. Qeyd etdiyimiz kimi bu Fondun yaradılmasında dövlətin əsas hədəfi daxili bazarın təlabatı həcmində yerli istehsalçıdan buğda tədarük etməkdir. Fondun aidiyyatı qurumlarla birlikdə müəyyənləşdirdiyi buğda sortları üzrə əkin aparılır, yüksək aqrofonda becərilmiş Hökumətin təsdiq etdiyi keyfiyyət parametrlərini ödəyən sahələr Nazirliyin yerli mütəxəssislərinin və tədarük təşkilatlarının nümayəndəsinin iştirakı ilə müəyyənləşdirilir. Buğdanın tədarükü üçün əlverişli və optimal şərait yaradılır, həm keyfiyyət, həm də fitosanitar sertifikatların verilməsi işi tədaarük məntəqələrində təşkil edilir ( örnək olaraq Cənab Prezidentin yaratdığı ASAN XİDMƏT-in xidmətləri). Buğda biçin prossesidə tədarük olunur və mülkiyyətçinin satdığı buğdanın dəyərini tədarük təşkilatı onun bank hesabına köçürür. Tədarük prossesi qurtardıqdan sonra mülkiyyətçi satış barədə qaimə-fakturanı və digər sənədləri rayon komissiyasına təqdim edir, rayon komissiyası elektron formada yekun cədvəli Pespublika Komissiyasına göndərir. İşçi Qrupu tərfindən rayon komissiyalarının yekun cədvəli tədarük təşkilatlarının Nazirliyə təqdim etdikləri hesabatlar əsasında dürüstləşdirilir, Komissiyanın müsbət qərarından sonra Maliyyə Nazirliyinin Xəzinədarlıq İdarəsi trəfindən istehsalçılar tərəfindən satılan buğda, pambıq, tütün, çəltik, çay, barama məhsullarına görə ödənilməli olan vəsaiti vətəndaşların plastik kart hesabına ödənilməsini təmin edir. Təbiidir ki, mülkiyyətçilər tərəfindən istehsal olunub satılan məhsula görə subsidiyan verilməsinin prinsipləri və hər bir bitki növünə görə sibsidiyanın həcmi Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək Qaydalarda daha müfəssəl formada həllini tapmalıdır. Son məhsula görə subsidiyanın verilməsi aqrar sektora hansı töhfələrini verə bilər:

1.Neqativ hallar aradan götürüləcək, “işbazlar”ın manevr imkanları daralacaq. Subsidiya torpaq mü mülkiyyətçisinin satdığı məhsulun həcminə görə veriləcək, konkret halda kim daha çox keyfiyyətli məhsul istehsal edib satacaqsa dövlət büdcəsindən verilən yardımdan daha çox yararlanacaq. Artıq bu şərtlər çərçivəsində tədarük təşkilatlarına satılan məhsulun neçə hektar sahədə istehsal etdiyi ciddi önəm kəsb etməyəcək, istehsalçını vahid əkin sahəsindən daha çox və daha keyfiyyətli məhsul istehsalı maraqlandıracaq.

2. Ölkənin mühüm kənd təsərrüfatı məhsulları üzrə daxili bazarının təlabatı yerli istehsal hesabına təmin ediləcək, bu sahədə idxaldan asılılıq tam aradan qaldırılacaq.

3. Torpaqlardan səmərəli istifadənin səviyyəsi yüksələcək, müxtəlif yollarla böyük həcmdə Dövlət Fond torpaqlarını ələ keçirmiş “işbazlar” subsidiya sisteminin bu qaydada veriləcəyi təqdirdə məhsul istehsa etməyə məhkum olacaqlar, əks halda torpaqlar geri alınacaq.

4. Şaxələndirilmiş subsidiya sistemi ixtisaslaşmanı dərinləşdirəcək və olduqca ciddi əhəmiyyət kəsb edən növbəli əkinçilik sisteminin tədbiqinə geniş imkanlar yaradacaqdır.

5. Əkin torpaqlarının konsalidasiyası prossesini sürətləndirəcək və s.

Neçə illərdi ki, kənd təsərrüfatının inkişafında ciddi problemlərinin həllinə məsul olan səlahiyyət sahibləri ictimai qınaqdan yayınmaq və itirdikləri imici “süni nəfəs aparatı”na qoşmaq üçün subsidiya faktorunu şəxsi imitasiyaları naminə gündəmdə saxlamağa çalışırlar. Tutaq ki, əvvəlki dövrlərdə qış otlaq sahələrində və yaxud bələdiyyə torpağında səpin aparmış 5-10% istehsalçıya subsidiyanın verilməsində yanlışıqlara yol verilib, bəs halal olaraq subsidiya haqqına sahib olmuş 90 % istehsalçıda məhsul istehsalının artım dinamikası niyə hiss olunmur , yaxud ildən –ilə kəskn azalmalar hansı səbəbdən baş verir? Oturub bu haqqda düşünmək əvəzinə primitiv məsələlərlə ictimai fikirdə “fədakar nazir” obrazı yaratmaq istəyirsiniz.. Kənd Təsərrüfatı Nazirliyi bütün hallarda məhsul istehsalçılarının maraq dairəsindən çıxış etməli, onların yanında olmalı, istək və arzularının reallaşmasına yardımçı olmalıdır. Siz isə hələ də “təftişçi” psixologiyasından yaxa qurtara bilmirsiniz, Ölkə Prezidentinin sahibkarlıq subyektlərində qanunsuz yoxlamaların qarşısını almağa yönəlmiş Sərancamına məhəl qoymadan Nazirliyin audit xidməti tərəfindən maraq dairənizdən kənar subyektlərə “səlib yürüşü” təşkil etməklə ümumi fonda büdcədən ayrılan vəsaitlərdən səmərəli istifadənin “cəfakeşi” obrazını yaratmağa çalışırsınız. Onsuzda çətin durumda olan istehsalçıya çatacaq beş-on manat dövlət yardımını məcburi qaydada büdcəyə ödətdirməklə ilbəil azalan büdcə düzələn deyil, ölkəni çətin iqtisadi duruma salan, Azərbaycan xalqına və hörmətli Prezidentimizə xəyanət edən yüksək ranqlı məmurlardır, cənab nazir ( növbəti yazımızda fikrimizi konkret faktlar əsasında əsaslandırmağa çalışacağıq)! Son bir ayda bizi (işimizin gərgin vaxtında) 4 dəfə rayon kənd kənd təsərrüfatı idarəsinə çağırıblar. Hər dəfə mənə (R.H.) bildiriblər ki, Nazirlik tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, Siz filan toxumçuluq təsərrüfatından aldığınız 6 ton buğda toxumu ilə 30 ha buğda səpini aparmalı olduğunuz halda, yardım siyahısında sizin cəmi 10 ha buğda əkdiyiniz təsdiqini tapıb, ona görə izahat yazmalısınız və 4 ton toxuma görə toxumçuluq təsərrüfatına ödənilən 400 manat geri alınmalıdır. Dəfələrlə bildirmişəm ki, bəli, mən 6 ton toxum almışam, 5 ha özümə, 10 hektar bir tikə çörəyə görə Rüsiyaya işləməyə getmiş qadaşlarıma və 15 hektar bələdiyyəyə məxsus torpaqlarda səpin aparmışam. Əkin sahəsi qardaşlarımın adına olduğundan yardım onların adına rəsmiləşdirilib, bələdiyyəyə məxsus torpağın texniki sənədləri olmadığından dövlət yardımı verilməyib. Bu məsələdə toxumçuluq təsərrüfatının nə günahı var? O, biçarə toxumçuluq təsərrüfatı satdığı toxuma görə dövlət büdcəsindən cəmi 2700 manat subsidiya alıb ki, bu da heç onun toxumun təmizlənməsinə və qablaşdırılmasına çəkdiyi xərci konpensasiya etmir. Bildirirdik ki, rayonumuzun 3000 ton taxıl toxumlarına olan təlabatının müqabilində 2016-cı ildə cəmi 1300 ton taxıl toxumları istehsal olunub və bunun da 600 tonu səpin materialı kimi istifadə olunub, yerdə qalan qiymətli genofond dəyirmanlara satılır. Siz elə bir əlverişli toxum bazarı formalaşdırmalısınız ki, səpin təlbata uyğun yüksək reproduksiyalı toxumlarla aparılsın ki, nəticədə həm kəmiyyət., həm də keyfiyyət göstəricilərinə görə yüksək məhsuldarlıq əldə edə bilək. İkincisi, dövlət dəstəyi siyasətini elə formalaşdırın ki, o həm istehsalçı üçün əlçatan olsun, həm də son nəticədə məhsul istehsalının artımına gətirib çıxarsın. Təəssüf doğuran cəhət odur ki, hazırda taxıl sahələri ciddi təhlükə ilə üz-üzə qaldığı bir zamanda Nazirlik təsirli tədbirlər görmək əvəzinə, istehsalçıları mənasız get- gələ salıblar. Keçən il taxıl, bostan-tərəvəz sahələrinə və çoxillik əkinlərə siçana- bənzər gəmircilər ciddi ziyan vursa da təsirli mübarizə tədbirləri aparılmadığından fizoloji baxımdan bu ziyanvericilər kütləvi şəkildə çoxalıblar. Nazirlik bu məsələni nəzarətə götürmək, monitorinq aparmaq, bəs qədər ölkəyə sink-fosfid gətirib istehsalçılara paylamaq və onları maarifləndirmək əvəzinə yanlış mövqe ilə istehsalçıları təzyiq altında saxlamağa çalışırlar. Hər kvadrat metrdə 2-4 aktiv yuvanın olmasına və siçanabənzər gəmircilərin hər gün kütləvi ziyan vurmasına baxmayaraq rayonlarda bu zərərverciyə qarşı kimyəvi mübarizə üçün sink-fosfid yoxdur, kənd təsərrüfatı idarəsindən soruşduqda 10-15 günə ölkəyə gətiriləcəyini bildirirlər. Eləsə cənab nazir Siz, istehsalçılarla zərərverici arasində “atəşgah” sazişi bağlayın ki, zəhər gələnə kimi yuxuya gedib ziyan vurmasınlar. Ölkədə zəhər yoxdursa dəyəri 100% dövlət tərifindən ödənilən sink-fosfid hansı yolla bazar alverçilərinin əlinə keçib və onlar da yaranmış vəziyyətdən istifadə edərək zəhərin hər çay qaşığını 2 manatdan istehsalçılara satırlar.

Daxili istehsal hesabına ölkə vətəndaşlarının alıcılıq qabiliyyətinə uyğun ərzaqla təminatı hər bir ölkənin ərzaq təhlükəsizliyinin başlıca hədəfidir. Ərzaq məhsullarının istehlak səbətində xüsusi çəkisi üsyünlük təşkil etdiyindən ölkə vətəndaşının aylıq gəlirlərinin 60-70 %-i ərzaq məhsullarının alınmasına sərf olunur. Məhz bu səbəbdən də ərzaq məhsulları üzrə qiymət artımı iqtisadiyyatın digər sahələrinə nisbətən cəmiyyətdə daha çox mənfi stresslərin yaranmasına səbəb olur. On illərlə Qərbin və ABŞ-ın kəskin sanksiyaları ilə üzləşən İran İslam Respublikasında Qərbin gözlədiyi sosial gərginliklər ona görə hiss olunmadı ki, ölkə əsas ərzaq məhsulları üzrə təminatı yerli istehsal hesabına reallaşdırdığından milli valyutanın ABŞ dolları qarşısında dəyər itirməsinin bu sahədə qiymət artımına təsir imkanı minium oldu. Etiraf edək ki, ərzaq bazarında qiymətlərin kəskin artımı bu gün cəmiyyətimizdə insanlarımızı ən çox narahat edən məsələdir. Təəssüf ki, Prezidentimizin direktiv göstərişlərindən, proqram xarekterli çıxışlarından, milli iqtisadiyyatımızin

prioritet sahələrinə göstərdiyi diqqətdən, qayğıdan və etimadından düzgün və dolğun istifadə etməməyimiz ucbatından dünyada davam edən iqtisadi kataklizmlərdən sığortalana bilmədik. Müsahibələrinin birində cəna Nazir müxbirin sualına belə cavab verib:

- Mən “perepiska”ya gedən oğlan deyiləm. Reallıq isə budur ki, əhalinin bir qismi kartofu sahədə əkir. 50 dəfə deyirik ki, kartofu sahədə saxlayanda kəpənək onu yeyir. Kəpənək də arı kimi qonur kartofun başına, güvə salır. Ona nazirlik nə etməlidir?

Nazirin cavabının gülüş doğuran ikinci hissəsini kənara qoysaq, cavabın birinci hissəsinə özümüzün subyektiv fikiri ilə deyil, məhz hər dəfə istinad etdiyi Respublika Statistika Komitəsinin 2016-cı ilin yanvar – noyabr ayları üzrə kənd təsərrüfatı məhsullarının idxal-ixrac əməliyyatlarına dair statistik hesabatı ilə cavab vermək istəyirik. 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 1 mln. 268,1 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,1% çoxdur. Hesabat dövründə Azərbaycana $141 mln. 649,1 min dəyərində (artım 47,5%) 346,8 min ton şəkər xammalı və şəkər (artım 56%), $100 mln. 37,1 min dəyərində (artım 74%) 110,4 min ton bitki yağı (artım 17%), $35 mln. 59,9 min dəyərində (artım 2,9 dəfə) 10 min 96,5 ton çay (artım 84%), $40 mln. 578,5 min dəyərində (artım 2,2 dəfə) 11 min 939,4 ton kərə yağı və süd (artım 4,5%) idxal edilib. Yanvar-noyabr aylarında respublikaya $49 mln. 556,2 min dəyərində (artım 79,1%) 56 min 352,4 ton meyvə (artım 11,7%), $16 mln. 14 min dəyərində (artım 3 dəfə) 41 min 956,5 ton tərəvəz (artım 84,8%), $26 mln. 8,1 min dəyərində (artım 3,4 dəfə) 141,6 min ton kartof (artım 51,4%) idxal edilib. Hesabat dövründə ölkədən $96 mln. 209,1 min dəyərində (artım 61%) 108 min ton tərəvəz (artım 47,8%), $158 mln. 521,7 min dəyərində (artım 12%) 116,7 min 337,6 ton meyvə (artım 24,7%), $15 mln. 781,2 min dəyərində (azalma 24,4%) 38 min 203,1 ton kartof (artım 4,5%), $4 mln. 938,9 min dəyərində (azalma 66,7%) 918,5 ton çay (azalma 71,3%) ixrac edilib. Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $54 mln. 32,7 min dəyərində (azalma 70,4%) 95 min 364,6 ton şəkər (azalma 47,2%), $7 mln. 783,8 min dəyərində (azalma 84,6%) 7 min 456,1 ton bitki yağı (azalma 63,7%) ixrac edilib.

Strategiya iqtisadiyyatın hər hansı bir sahəsini düşdüyü acınacaqlı vəziyyətdən qurtulmağın yolu deyil, strayegiya acınacaqlı vəziyyətə düşməməyin yollarını özündə ehtiva edən sənəddir. Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə müasir çağrışların önündə getməlidir, yoxsa “bəsit şüarlar”ın quyruğunda sürünməməlidir. Əgər zamanında bizim bəlli strateji hədəflərimiz olsaydı, pambıqçılığı, tütünçülüyü, baramaçılığı, zeytunçuluğu, bir sözlə ümumilikdə kənd təsərrüfatının bütün sahələrini öldürüb, indi ölü diriltmək üçün İsa Peyğəmbər arzusunda bulunmazdıq, tarixi ənənələrimizin üstündən xətt çəkməsəydik barama toxumunu və tut çilini Çin və İrandan, ölkəmizin torpaq-iqlim şəraitinə adevkat olan pambıq toxumunu Türkiyədən, çay toxumunu Gürcüstandan, üzüm və meyvə tinglərini Fransa və Avropanın digər ölkələrindən əldə etməzdik. Qeyri-peşəkarlığın səviyyəsinə bax ki, Nazirliyin məsul sözçüsü iki-üç gün bundan öncə televiziyaların birinə müsahibə verərkən bildirir ki, ölkədə 2016-cı ildə filan hektar çay plantasiyası salınıb, filan hektarda da fındıq tingi əkilib, bunun müqabilində cari ildə çay və fındıq istehsalında kəskin artım gözlənilir. Nazirlikdə məsul vəzifə tutan bu adam ən azından bilmir ki, çay tingi əkildikdən 7 il , fındıq tingi isə 4 il sonra məhsul verir.

Aqrar sahənin intensiv inkişafına birbaşa əngəllər yaradan problemlərin həllini qeyri-peşəkərlardan formalaşdırılmış Kənd Təsərrüfatı Nazirliyinin ümüdünə qoymaq olmaz. Hesab edirik ki, dövlət dəstəyinin effektivliyini artırmaq, problemlərin həlli istiqamətində səmərəliliyi gücləndirmək baxımından Nazirliyin peşəkar kadrlarla formalaşdırılmasına ciddi ehtiyacı vardır.


Paylaş:


Müəllif : Tarix:
16-01-2017, 09:34
  
loading...