reklam
» » İrəvana "qulaqburma" vermə şansı - Qərb Putini sıxışdırdıqca Türkiyə və Azərbaycanın Kreml üçün önəmi artır

reklam

İrəvana "qulaqburma" vermə şansı - Qərb Putini sıxışdırdıqca Türkiyə və Azərbaycanın Kreml üçün önəmi artır

Qərb Putini sıxışdırdıqca Türkiyə və Azərbaycanın Kreml üçün önəmi artır; ortaq əməkdaşlıq və “güc nümayişi” üçün ən uğurlu platforma isə Cənubi Qafqaz, Qarabağdır...

Rusiya ilə ABŞ başda olmaqla, Qərb arasında münasibətlər gərgin olaraq qalır. Donald Trampın prezident seçiləcəyi ilə sanksiyaların götürüləcəyinə böyük ümidlər bəsləyən Moskvanın hesablamaları özünü doğrultmadı. Tramp vəd etdiyini yapa bilmədi, buna nəinki Amerikanın “dərin dövlət”i imkan vermədi, üstəlik, Ağ Evin yeni başçısının özünü belə, bu dəqiqə baş qaldırmağa qoymurlar və hətta onun impiçment məsələsi gündəmə gəlməkdədir.

Doğrudur, Tramp Avropanın aparıcı dövlətləri - Almaniya və Fransa ilə də münasibətlərə kölgə salmağa başlayıb. Ancaq Rusiyaya münasibətdə Qərbin ortaq yanaşması dəyişməz qalır - sanksiyalar tezliklə götürülməyəcək. Bu xüsusda ABŞ prezidenti həmçinin deyib ki, Rusiya Krıma görə cavab verməlidir.

Ötən həftə prezident Vladimir Putinin Fransaya etdiyi səfər və yeni prezident Emmanuel Makronla apardığı danışıqlar isə Kreml başçısını daha məyus ovqata kökləmiş oldu. Rəsmi Moskvanın Fransanın yeni rəhbərliyindən gözləntiləri də fiasko oldu. Putin Makrondan heç bir pozitiv vəd, kömək ala bilmədi.

Bu harasıdır, bəzi siyasi təhlilçilər Rusiya-Qərb münasibətləri kontekstində Moskvaya daha qaranlıq gələcək vəd edirlər. Onların qənaətincə, nə qədər ki, V.Putin hakimiyyətdədir, Rusiyaya ABŞ və Avropanın (Avropa Birliyinin) münasibəti kardinal şəkildə yaxşıya dəyişməyəcək.
“Qərb liderləri Krımın anneksiyası və Donbas savaşından sonra Rusiya Prezidenti Vladimir Putinin üzərindən xətt çəkiblər”. Bunu jurnalistlərə açıqlamasında rusiyalı ekspert Slava Rabinoviç söyləyib (Axar.az). “Onlar anlayırlar ki, bu insanla danışmaq artıq mümkünsüzdür. Putini aradan götürəcəklər. Əsas məsələ bunun necə və nə zaman baş verəcəyidir. Putinin hakimiyyətdən getmə prosesindən bütün ruslar əziyyət çəkəcəklər”, - deyə o iddia edib.

Doğrudur, hələ ki Putinin ölkə daxilində reytinqi Krımın ilhaqına görə kifayət qədər yüksəkdir. Lakin o da faktdır ki, Rusiyanın ərazisi 2014-cü ildə Ukrayna ərazisi hesabına böyüsə də, əhalisinin durumu ilbəil pisləşir. Səbəb təkcə neftin ucuzlaşması deyil, həm də Qərbin üç ildir davam edən maliyyə-iqtisadi sanksiyalarıdır.

Rəsmi Moskva bu sanksiyaların təsirini nə qədər azaldıb görməzlikdən gəlməyə çalışsa da, ölkə iqtisadiyyatında tənəzzül prosesi davam etməkdədir. Rusiya rəhbərliyinin sanksiyaları aradan götürmək üçün Qərb ölkələri arasında parçalanma yaratmağa yönəlik səyləri artırmasının əsas motivi də budur - iqtisadi tənəzzül, əhalinin güzəranının aybaay pisləşməsi. Kremldə hətta Rusiya daxilində “rəngli inqilab”ın baş verəcəyindən dolayı narahatlıq yaşanmağa başlayıb.

Yaranmış siyasi pat vəziyyətində Rusiya üçün xüsusilə də Türkiyə ilə münasibətlərin önəmi sövq-təbii artıb. Həm də o səbəbə ki, qardaş ölkənin özünün də PKK, Suriya məsələləri ilə bağlı Avropa və ABŞ-la münasibətlərində hazırda gərginlik yaşanmaqdadır. Yəni ilk baxışda iki dövlətin bir-birinə ehtiyacı artmış kimi görünür.

Maraqlıdır ki, Parisdən “əliboş” qayıdan Putin dərhal Ankaraya “S 400" raket sistemlərini verməyə hazır olduğunu bəyan edib. Putin bu xüsusda deyib: «S-400» raket sistemlərinin nələrə qadir olduğunu həm rus, həm də türk nümayəndələr yaxşı bilirlər". Bu sözləri Rusiya lideri Hindistan baş naziri Narenda Modi ilə görüşündən sonra keçirilən mətbuat konfransı zamanı söyləyib.

“S-400" sistemlərini hələ ki ölkə xaricində istehsal etməmişik. Bu gün Hindistan baş naziri ilə «S-400»ü necə və hansı şərtlər daxilində istehsal edəcəyimizi müzakirə etdik. Çox böyük hazırlıq lazımdır. Lakin mümkünsüz heç nə yoxdur. Modern silahların xaricə satılması mövzusuna yenidən qayıdacağıq”, - Rusiya dövlət başçısı bildirib.

Bu sözsüz ki, Qərbə ilk növbədə onun mesajıdır ki, Rusiya heç də təklənməyib və onun Türkiyə, Hindistan kimi yeni strateji, iqtisadi, hərbi-texniki tərəfdaşları var. Lakin strateji tərəfdaşlıq ikitərəfli anlayışdır. Konkret olaraq, Türkiyəyə gəlincə, qardaş ölkənin Rusiyadan Güney Qafqazla bağlı da gözləntiləri var və o sıraya həmçinin Dağlıq Qarabağ konfliktinin həlli daxildir.

İndi nə qədər deyilsə də ki Cənubi Qafqazda Ankara və Moskvanın maraqları toqquşur, burada iki dövlətin uzlaşma nöqtələri də kifayət qədərdir. Biri elə Qarabağ məsələsində əməkdaşlıq. Məsələ ondadır ki, böyük müharibə variantında Türkiyə və Rusiyanın ona qoşulması və bir-biri ilə üz-üzə gəlmək riski var. Bu isə əlaqələri yüksəliş dövrünü yaşayan Moskva və Ankaraya sərf eləmir. Qalır əməkdaşlıq variantı.
Son vaxtlar Qarabağ münaqişəsi zonasında hərbi toqquşma riskinin xeyli artması, status-kvonun həddən artıq həssas duruma gəlməsi ən əvvəl bu iki regional supergücü təcili ortaq uzlaşma nöqtələri tapmaq zorunda qoyur. Tapılacaqmı? Sualın cavabı sözsüz ki, daha çox Kremldən, Putindən asılıdır. Çünki işğalçı Ermənistana, İrəvana ən böyük təsir imkanları hələ ki ondadır.
Məsələ də ondadır ki, Dağlıq Qarabağ məsələsi Türkiyə ilə Rusiya arasında gündəliyin ortaq mövzusu ola və yaxşı mənada ilk presedent kimi tarixə düşə bilər. Hətta mümkündür ki, bundan ötrü Rusiya və Türkiyə gizli bir centlmen anlaşmasına uyğun şəkildə, problemin həllində irəliləyiş naminə Bakıya müharibə zəmanəti də versin. Söhbət ötənilki 4 günlük aprel müharibəsinin daha geniş miqyasda təkrarlanması və işğalçı tərəfə sülhə gəlmək üçün daha ağrılı qulaqburması verməkdən gedir.

Analitik xidmət


Paylaş:


Müəllif : Tarix:
3-06-2017, 09:43
  


loading...
Загрузка...