RUSİYANIN GÜRCÜSTAN PLANI – Cavaxetiya siyasətinin gizlinləri » Regionxeberleri.com RUSİYANIN GÜRCÜSTAN PLANI – Cavaxetiya siyasətinin gizlinləri » Regionxeberleri.com

reklam
» » RUSİYANIN GÜRCÜSTAN PLANI – Cavaxetiya siyasətinin gizlinləri

reklam

RUSİYANIN GÜRCÜSTAN PLANI – Cavaxetiya siyasətinin gizlinləri

 

Hal-hazırda Ermənistan dərin maliyyə və iqtisadi, sosial və siyasi böhranları yaşamağa məcbur olub. Gürcüstan-Rusiya münasibətlərinin daha da kəskin xarakter alması, İranda ölkədaxili siyasi və iqtisadi güclər arasında sarsıdıcı çatların yaranması Ermənistanın bir dövlət kimi çökməsini şərtləndirən amillər hesab olunur. Rəsmi İrəvan və eləcə də erməni lobbi təşkilatları mövcud durumdan xilas olmağın yollarını aramaqdadırlar. Bu yöndə bir sıra iri layihələrin hazırlanması və gerçəkləşdirilməsi proseslərinə başladılıb.

İndiki məqamda “Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılıb ABŞ-ın ağuşuna atılması” proyektinə önəm verilməsinin tərəfdarlarının sayı da artmaqdadır. Avropa Birliyi və ABŞ-la yaxınlaşmaq üçün Ermənistan Gürcüstan üzərindən bir sıra infrastrukturların yaradılması və layihələrin reallaşması üçün addımlar atmaq iddiasını gündəmə gətirib. Bütün bunlarla yanaşı, erməni revanşizminin nəticəsi olaraq Gürcüstandakı qədim kilsələrə sahib çıxmaq, Ahısqa vilayətində “Erməni Milli Muxtariyyəti”nin yaradılması, “Lori vilayətinin dağlıq hissəsinin Ermənistana birləşdirilməsi” kimi bölücü hərəkatlara görə Gürcüstan tərəfi Ermənistanın dünyaya çıxışı üçün çox ciddi problemlər yaratmaqdadır.

Gürcüstanda erməni “patriarxlığı” ideyasına qarşı Tiflisin dirənişi

Tarixdən bəlli olduğu kimi, Gürcüstan ərazisində protoxristian abidələrinin sayı yetərincədir. Bu abidələrin böyük əksəriyyətinin çeçen, xevsur, svan, abxaz, avar digər xalqlarla yanaşı qaraçay, balkar, kumuk və Azərbaycan türklərinə məxsus olmasını zaman-zaman gürcü patriarxlığı da etiraf edib. Son 1500 illik tarixdə gürcülər bu protoxristian abidələrinə belə toxunmayıblar. Qafqazın Çar Rusiyası tərəfindən işğalından sonra buraya dünyanın digər regionlarından köçürülən ermənilər 200 ilə yaxındır ki, həmin protoxriastian abidələrini bir-bir mənimsəməkdə və “erməniləşdirmək”dədirlər. Bu gün erməni və gürcü kilsəsinin həmin protoxristian abidələrinin uğrunda savaşa başlamalarının bir səbəbi də Gürcüstanda “alternativ patriarxlığ”ın yaradılması ideyasıdır. Rəsmi Tiflisin fikrincə, Gürcüstan kimi kiçik bir dövlətin ərazisində bütün xristian kilsələrini və abidələrini birləşdirən bir mərkəz olmalıdır. Gürcü kilsəsi məhz bu iddiaları əsaslandırdıqdan sonra Rus Provaslav Kilsəsini “Gürcü Ortodoks Kilsəsi”nə tabe edə bilib. Ermənilər isə “qriqoryan kilsəsi”nin gürcü patriarxlığına tabe olmaması siyasətini yürütməkdə israrlıdırlar. Buna görə də Ahısqa vilayətinin mərkəzi Axalkalakidə “Gürcüstan Erməni Kilsələri Patriarxlığı”nın yaradılması iddiası ilə çıxış edirlər. İrəvandakı “Qərbi Ermənistan Elmi Araşdırmalar Mərkəzi”nin sədri Aykazun Alvrtsyan bildirib ki: “Rusiya Quzey Qafqazı itirmiş olarsa, bu zaman Qaraçay-Çərkəz, Kabarda-Balkar, Quzey Osetiya, İnquşetiya, Dağıstan, Adıgey, Çeçenistan respublikaları ilə yanaşı, Krasnodar və Stavropol vilayətlərindəki protoxristian abidələri və yeni xristian kilsələri “erməni patriarxlığı”nın nəzarətinə keçməlidir. Qafqazda xristian abidələrinin, kilsələrinin və digər infrastrukturların kimin əlində daha çox cəmlənməsinin xüsusi önəmi var. Qərbin Qafqaz siyasətində ermənilər məhz bu faktora söykənib. 19-cu yüzildə Çarlıq Rusiyasının hesabına qazandıqlarına yenidən malik ola bilərlər”.

Dağ regionlarının erməniləşdirilməsi siyasətinin gizlinləri

Məşhur gürcü tədqiqartçısı Vano Tumanişvili Ahısqa vilayətini qarış-qarış gəzərək son tədqiqatlarında göstərir ki, vilayətdə hal-hazırda 100 min nəfərə yaxın erməni yaşayır. Onlar Gürcüstanın Türkiyə və Qara dəniz sərhədləri boyunca dağlıq ərazilərdə məskunlaşmaq siyasətini son 60-70 ildə daha da gücləndiriblər. İndi bu ərazilərdə gürcülər “milli azlığ”a çevrilməkdədirlər. Çünki, ağır həyat şəraitinə dözməyən gürcü əhalisi iri şəhərlərə köçdükləri zaman onlara məxsus olan kəndlərə dərhal erməni ailələri yerləşirlər. Bunun ardınca isə gürcülərə məxsus kilsələr, digər dini abidələr və hətta məzarlıqlar belə dərhal “erməniləşdirilir”.

Məşhur armenoloq Bondo Arveladze bu siyasətin görünməyən tərəflərini tədqiq edərək qeyd edir ki, Acarıstanda 1982-1983 və Svanetiya vilayətində 1989-1990-cı illərdə baş vermiş təbii fəlakətlərə görə faciə qurbanlarına çevrilmiş acarların və svanların Ahısqa vilayətinin çevrəsindəki Huloy və digər rayonlarda məskunlaşmalarına qarşı ermənilər sərt təpkilər göstərmişlər. 1991-2005-ci illərdə Ahısqa vilayətinin Ninotsminda rayonunda yaşayan 30 min nəfərlik duxobor rus əhalisi Rusiyanın müxtəlif vilayətlərinə köçüb gediblər. Həmin kəndlərə isə dərhal Ermənistandan erməni ailələri yerləşdiriliblər. Bu ailələrə erməni diaspor təşkilatları tərəfindən külli miqdarda maliyyə yardımları olunub. Bu sırada ən iri məbləğdə yardımlar Rusiyadakı erməni şirkətləri tərəfindən göstərilib. Hal-hazırda “Ahısqanın Dirçəlişi” Cəmiyyəti adlı qurum Ninotsminda, Axalkalaki, Axaltsixe, Aspindza, Adıgen, Zalqa, Borjomi rayonlarının tam erməniləşdirilməsi üçün Ermənistanın Gümrü şəhərinin ətrafındakı kəndlərin əhalisini bu rayonlarda məsklunlaşmaları siyasətini həyata keçirir.

“Gürcüstanda erməni koloniyaları” mövzusunda xüsusi tədqiqatlar aparan mütəxəssislərin fikrincə, bu siyasət əvvəllər Moskvadan idarə olunurdusa, indi bu sırada ön yerdə məhz erməni diasporunun əlinin olması bildirilir. Onların fikrincə, Gürcüstan dövlətçiliyi üçün ən böyük faciə dağlıq ərazilərdə ermənilərin məskunlaşma siyasəti gücləndikcə həmin ərazilərdə Ermənistanın təsir dairəsinin artmasıdır. Hətta bu yöndə Gürcüstan dövlətçiliyinə qarşı Ermənistanın meydan oxuması kimi hallara da rast gəlinir. Baxmayaraq ki, Abxaziya və Güney Osetiyadan olan gürcü qaçqınlarının çoxunun məhz Ahısqa vilayətində məskunlaşmaları siyasəti aparılsa da, sonradan qaçqınlar bəlli olmayan səbəbdən regiondan köçüb getməyə məcbur olurlar.

Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri Ahısqa vilayətinin ərazisindən keçir. Gürcü mütəxəssislərinin fikrincə, burada Türkiyə ilə sınırdakı Bavra keçid məntəqəsi gürcü polisinin nəzarətində olsa da, ermənilər daim Azərbaycan-Gürcüstan-Türkiyə iqtisadi layihələrini təhlükəyə məruz qoya bilərlər. Ermənilər Ahısqa Türklərinin tarixi vətənlərinə və torpaqlarına dönmələrinə qarşı 1957-ci ildən bu günə kimi dirəniş göstərirlər. Hətta Avropa Şurası, BMT və Avropa Birliyi kimi beynəlxalq qurumların qərarlarına belə məhəl qoymurlar. Ermənistan və erməni daspor təşkilatları beynəlxalq birliyi inandırmağa çalışırlar ki, yarım milyonluq Ahısqa Türkü Gürcüstana dönərsə xristian ölkəsi olan Gürcüstan islamlaşan bir dövlətə çevrilmək təhlükəsi ilə üz-üzə durmalı olacaq. Çünki, bir tərəfdən Türkiyə və digər tərəfdən isə Azərbaycan onlara dəstək verməklə xristian xalqları milli azlığa çevriləcəklər. Beynəlxalq təşkilatlar və Qərb çevrələri Ahısqa Türklərinin öz tarixi torpaqlarına dönmələri barədə verdikləri qərarlarına məhz bu fakta görə bir qədər yumşaq davranırlar.

İrəvanın Qara dəniz planı

Ermənistan hal-hazırda Dünya Bankı və Asiya İnkişaf Bankının maliyyə dəstəyilə İrəvan-Gümrü-Ninotsminda-Axalkələki-Batumi nəqliyyat dəhlizinin reallaşdırılması üçün çox ciddi səylər göstərməkdədir. İndiki şəraitdə İrəvan-Batumi yolu 700 km-dir. Yeni yolun həcmi isə 450 km olacaq. Eyni zamanda paytaxt Tiflisdən yan keçməklə ermənilər birbaşa Acarıstana keçid əldə etməyi planlaşdırıblar.

İndiki şəraitdə ermənilər strateji hədəfə çatmaq üçün Ahısqa vilayətini “Kiçik Ermənistan” adlandırmağa başlayıblar. Vilayət və ona bitişik ərazilər də daxil olmaqla bu gün ermənilər əhalinin 50 faizini təşkil edirlər. 2002-ci ilin statistik göstəricilərinə görə “Kiçik Ermənistan” adlandırdıqları ərazilərdə əhalinin toplam sayı 207 min 598 nəfər olubdur. Onlardan 113 min 347 nəfər erməni, 89 min 995 nəfər gürcü, yunanlılar, azərbaycanlılar, ruslar və ukraynalılar yaşayırlar. Vilayət qamqebelesində (məclis) 32 nəfər deputatdan 25 nəfəri ermənidir. Vilayətdə bütün elanlar və lövhələr erməni və rus dilində yazılır. Ermənilər son zamanlar Gürcüstanda “erməni dilinə 2-ci dövlət dili statusu”nun verilməsi, Ahısqa vilayətində yerli özünüidarəetmə prinsiplərinə uyğun olaraq “Cavaxetiya Erməni Milli Muxtariyyəti”nin tanınması kimi çox ciddi problemləri gündəmə gətiriblər.

Politoloqların təhlillərinə görə ermənilər Rusiyanın Abxaziya və Güney Osetiya kimi separatçı regionların dövlət müstəqilliyini tanımasından sonra bu addımı atmağa başlayıblar. Hətta “Birləşmiş Cavaxk”, “Cavaxk Erməni Ordusu”, “Virk Erməni Milli Partiyası” və separatizmlə bağlı digər ictimai qurumlarına malikdirlər. Regionda yaradılan “Cavaxk TV”, “Parvana TV”, “ATV-12 TV” və “NOR” radio kanalları isə gündəlik erməni siyasətinin bütün strateji çalarlarını icitimai fikrə təlqin etməkdədir. Bütün bunlarla yanaşı ermənilərin Gürcüstan siyasətini daha aqressiv şəkildə qabardan news.barev.net, pandukht.livejournal.com, miacum.ru, yerkramas.org, myarmenia.ru, armtoday.info, mitq.org, hayinfo.ru, arrtsakhwebcombat.am, javakhk.net, ararat-center.org, arka.am, golos.am və digər internet səhifələri yaradılıb.

Bu gün Gürcüstanda rusdilli orta məktəblərdə təhsil alan şagirdlərin 90 faizi məhz ermənilərdir. Öz vaxtında Mixeil Saakaşvilinin lideri olduğu Milli Hərəkat Partiyasından deputat seçilmiş Armen Bayanduryan etiraf edərək demişdir ki, Rusiyanın bu gün Gürcüstana qarşı ən böyük təsir vasitələrindən biri də rus dilində fəaliyyət göstərən orta məktəblərdir. Bu məktəblərdə təhsil alan şagirdlərin çox böyük əksəriyyəti isə ermənilərdir. Gürcüstan hökuməti rus əhalisinin sayının azalmasını elan edərək rus dilindəki məktəbləri bağlamaq istədiyində ermənilər dərhal övladlarını bu məktəblərdə təhsil almağa səfərbər edirlər. Dövlət Təhlükəsizlik Xidmətinin verdiyi açıqlamalara görə, erməniər bu addımı atmaqla Rusiyadan maliyyə yardımları alırlar.

Digər tərəfdən, Moskvanın özü də son illər Cavaxetiya problemindən yararlanaraq Gürcüstan hakimiyyətinə qarşı təzyiqlərini artırıb. Rusiyanın bu ərazini nəzarətdə saxlamaqda ikinci marağı isə Cavaxetiyanın ərazi baxımından Cənubi Qafqazın önəmli strateji yüksəkliyi olması ilə bağlıdır. Bu baxımdan istisna deyil ki, buradakı ermənilərin fəallaşmasında rusların cox böyük rolu var.

caxetiya

Еrmənistanın birbaşa Qara dənizə çıxışı istiqamətində “diaspor təşkilatları və assimterik inkişaf” proqramı çoxdan hazırlanıb. İndi bu yöndə dünya erməni diaspor təşkilatlarının və onlara bağlı olan şirkətlərin, bank strukturlarının üstün mövqelərə çıxması bu planın tərkib hissəsidir. Orta Asiya və Qafqaz dövlətlərinə məxsus təbii resursların Avropaya daşınması sayəsində Gürcüstanın Qara dənizdəki limanlarının müstəsna yeri var. Bu sırada yerli şirkətlərin həmin infrastrukturlarda fəaliyyət göstərməsi həm də xeyli miqdarda gəlir mənbəyi deməkdir. Bu regionun erməniləşdirilməsi siyasətinə həm də Türk dünyasının inteqrasiyasına qarşı böyük bir planın tərkib hissəsi kimi baxmaq lazımdır. Güney Azərbaycanın Urmu vilayətinin süni şəkildə “kürdləşdirilməsi”, “Dağlıq Qarabağ anklavı”nın yaradılması da bu strateji layihələrə daxildir. Bu gün heç bir dənizlə sərhəddi olmayan və Ermənistana məxsus “Kilikiya” adlı gəminin məhz Qara dənizdə lövbər salması bu niyyətin simvoluna çevrilib. Qara dənizə məxsus liman şəhərlərinin hamısında erməni icmaları mövcuddur və onların bu layihələrə şirkətlər şəklində qoşulmaları üçün zəmin yaratmaqla Ermənistan öz varlığını qorumaq istəyir. Çünki, bütün dünya erməniləri başa düşürlər ki, Ermənistan heç bir perspektivi olmayan coğrafi regiondur.

Gürcüstan, Türkiyə və Azərbaycan tərəfinin apardığı danışıqlar nəticəsində 2010-cu ilin sonuna kimi Azərbaycanda yaşayan 70 minlik Ahısqa Türkündən 17 min nəfər öz tarixi torpaqlarına dönməli idi. Hətta bu barədə Ahısqa Türklərinin “Vətən” Beynəlxalq Təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri İbrahim Bürxan rəsmi açıqlama da vermişdir. Keçmiş SSRİ məkanında yaşayan Ahısqa Türklərindən 90 min nəfər də ərizə ilə Gürcüstan hökumətinə müraciət edərək tarixi torpaqlarına dönmələrinin təmin olunmasını istəyiblər.

Bütün bunları Ermənistan kəşfiyyatı Tiflisdə qeydə alaraq uzun müddətdir ki, Gürcüstanda gürcü radikal milliyyətçiliyini alovlandırmaqla, xristian təəssübkeşliyini qızışdırmaqla Ahısqa Türklərinin tarixi torpaqlarına dönmələrinin qarşısını almaq üçün bir sıra ictimai və siyasi təxribatları gündəmə gətirmişdir. Son təxtibatlarda hətta erməni politoloqu Levon Melik-Şahnazarov açıq şəkildə bildirib ki, Ermənistan hərbi qüvvələri (əslində Gümrüdəki Rusiyaya məxsus hərbi birliklər nəzərdə tutulur) Gürcüstana müdaxilə edərək Bakı-Tiflis-Ceyhan neft kəmərini öz nəzarətinə almalıdır. Eyni zamanda Ahısqa vilayətini erməni hərbi birləşmələri nəzarətə almaqla regionda Erməni Milli Muxtariyyətinin bərpa olunmasını təmin etməlidir. Bunun ardınca isə Bakı-Tiflis-Qars dəmir yolunu Ermənistanın şərtləri əsasında idarə etməlidir. Güney Osetiya və Abxaziyanın malik olduqları müstəqillik hüququ Erməni Cavaxk Respublikasına da şamil olunmalıdır. Ermənistan isə bu barədə BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək bu siyasəti rəsmiləşdirməlidir.

Bütün bunlar bir daha sübut edir ki, Ermənistan İran və Rusiyanın birbaşa diktəsilə hərəkət edərək Güney Qafqazda sabitliyi pozmaq, siyasi böhranları dərinləşdirməklə prosesləri öz xeyrinə yönəltmək istəyir. Çünki, son bir ildə baş verən iqtisadi və maliyyə böhranları Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoyub. Ermənilər isə 1918-1920-ci illərdə olduğu kimi yenidən Güney Qafqazda dərin maraqları olan güclərin oyuncağı olmağı şərəf bilirlər. Faktiki olaraq Ermənistan dotasiyalı bir regiona çevrildiyi üçün heç bir iqtisadi inkişaf perspektivinin olmadığının da fərqindədir. Gürcüstan isə dotasiyalı region olmasına baxmayaraq qonşu dövlətlərin köməyilə bir sıra ciddi layihələrə qoşulmaqla problemlərdən çıxış nöqtəsini həll etməyi bacarıb.

Gürcü jurnalisti Boris Boxuanın

“Yeni Sözcü” qəzeti üçün hazırladığı analitik məqalə

Gürcü dilindən tərcümə edən Niyazi Hüseynov















Paylaş:


Müəllif : Tarix:
28-06-2017, 00:53
  


loading...