reklam
» » Türkiyə, Rusiya və İran arasında mühüm anlaşma

reklam

Türkiyə, Rusiya və İran arasında mühüm anlaşma

Gözlənildiyi kimi, Astanada keçirilən sayca 6-cı Suriya toplantısında İdlib vilayəti ilə qərar qəbul olunub. Vilayət ərazisində təhlükəsizliyin təmin olunması və atəşkəsə nəzarətlə bağlı Türkiyə, Rusiya və İran arasında razılaşdırılıb. Musavat.com-un məlumatına görə, plana əsasən Türkiyə ordusu İdlib vilayətinə şimaldan daxil olacaq və razılaşdırılmış əraziyə nəzarəti təmin edəcək.
Türkiyə mətbuatının məlumatına görə, bu məqsədlə Suriya ərazisinə 25 min nəfərlik hərbi birləşmə göndəriləcək. Türkiyə ordusu şimaldan 35-50 km arasında dərinliyə qədər İdlib vilayətində nəzarət bölgəsi təsis edəcək. Bundan sonrakı zonanı ruslar, 3-cü və ölkənin içərilərinə doğru uzanan bölgəni isə Suriya ordusu və İran nəzarət altına alacaq.

Türkiyə ordusu razılaşmaya əsasən 35 km ölkə içərisinə doğru və 130 km uzunluqda bir ərazidə yerləşəcək və atəşkəsi təmin edəcək. Bu bölgədə Türkiyənin dəstəklədiyi müxalif qruplar, o cümlədən “Azad Suriya Ordusu” yerləşəcək. Türkiyənin nəzarət etdiyi ərazi “3-cü bölgə” adlandırılacaq. Bu bölgədə yerli əhali və qaçqınlarla birlikdə 2 milyona yaxın əhali yaşayacaq. Türkiyənin nəzarətində olan bölgənin sahəsi 5 min kv.km olacaq.

Yeri gəlmişkən, ötən ilin avqustunda başlayan “Fırat Kalkanı” əməliyyatı nəticəsində Türkiyə ordusu 2 kv.km ərazini İŞİD-dən azad etmişdi. İdlibin şimalına Türkiyə ordusunun yerləşməsi faktiki olaraq Afrindəki kürd qruplarının Türkiyə ordusunun mühasirəsinə düşməsi deməkdir.

Qeyd edək ki, İdlib Suriyada ərazisi tamamilə üsyançı güclərin nəzarətində olan yeganə vilayətdir. Şimal və şimal-qərbdən Türkiyə ilə həmsərhəd olan vilayətin qərbində Laziqiyyə və Tartus vilayətləri, cənubda Hama, şərqində isə Hələb vilayətləri yerləşir. Bu ərazilərin böyük hissəsi Suriya ordusunun nəzarətindədir. İdilibdə müxtəlif adda silahlı müxalif qruplar mövcuddur. Azad Suriya Ordusu, ən-Nusra və sair kimi qruplaşmaların yerləşdiyi İdlibdə Rusiya və ABŞ-ın terrorçu olaraq tanıdığı qruplar var. Bundan əvvəlki Astana görüşlərində tərəflər məhz İdlib də daxil olmaql Suriya ərazilərində yerləşən silahlı qrupların təsnifatının aparılması və “terrorçu” hesab olunan qruplara qarşı birgə mübarizənin başladılması haqqında razılaşma əldə olunub.

İndi isə Suriyada müxaliflərin əsas “qalası” haqqında qərar qəbul olunub. Aydın məsələdir ki, İdlib razılaşması məhz Rusiyanın planı olub. Rusiya Türkiyə ilə anlaşaraq sonuncu vilayətin də nəzarət alınmasını təmin edib. Məlum olduğu kimi, hazırda Suriyanın şərqində İŞİD-ə qarşı Suriya ordusu və Rusiya qüvvələri, eləcə də kürd qüvvələri tərəfindən sürətli əməliyyat aparılır. Artıq kürd qüvvələri (SDQ) ilə Suriya ordusu Deyr əz-Zor vilayətinin mərkəzində birləşiblər. Suriya ordusu Fəratın qərb sahilini nəzarət altına alıb. Kürdlər isə şərq sahilində sürətlə irəliləyir. İki gün əvvəl İordaniyaya səfər edən Rusiya XİN rəhbəri Sergey Lavrov isə Moskva, Vaşinqton və Əmman arasında Suriya-irodaniya sərhədinin Suriya ordusunun nəzarətinə verilməsi və cənub vilayətlərində təhlükəsilziyin nəzarətə götürülməsi ilə bağlı razılaşma əldə edib. İdlib və Deyr əz-Zor əməliyyatlarının bitməsi ilə faktiki olaraq Suriya torpaqlarının böyük hissəsi Bəşər Əsəd hökumətinin nəzarəti altında olacaq, Suriya hakimiyyətinin legitimliyinin təmin olunması başa çatacaq.

Ölkənin mərkəzində və cənuba doğru kiçik müqavimət ocaqları isə yəqin ki, tədricən aradan qaldırılacaq. Ehtimal ki, növbəti mərhələdə Suriyada sahədə 3 əsas qüvvə qalacaq: bunlar ölkənin 60 faizinə qədərinə nəzarət edən Suriya hakimiyyəti 25-30 faizlik əraziyə nəzarət edən SDQ (kürdlər) və 10-15 faizlik əraziyə sahib olan müxaliflər. Tabloya daha diqqətlə baxdıqda Suriyada müxaliflər əsasən Türkiyənin nəzarət etdiyi və əsasən şimal bölgələrində möhkəmlənmiş (son razılaşma ilə 7 min kv.km əraziyə sahib olan – K.R.) müxaliflər, Amerikanın idarə etdiyi və şimal ərazilərində muxtariyyət tələb edən kürdlər (SDQ) və nəhayət Rusiya və İranın himayə etdiyi Suriya hökuməti. Bu isə Suriya münaqişəsinin sona çatdırmaq üçün daha münasib bir heyət kimi görünür. Türkiyə dövləti ölkəni Suriya ilə sərhədlərinə kürdlərin nəzarət etməsindən narahatdır və bununla bağlı dəfələrlə ABŞ-a etirazını bildirib.

İdlib anlaşması müəyyən mənada Türkiyənin sərhədlərdə möhkəmlənməsini təmin edir, ancaq digər bölgələrin taleyinin necə olacağı yəqin ki, Suriya, Türkiyə və kürdlərin, ya da amerikalılarin bir masa ətrafında müzakirəsi ilə müəyyən olunacaq.



Paylaş:


Müəllif : Tarix:
15-09-2017, 22:22
  
loading...