reklam
» » Qarabağla bağlı “Bakı- Ankara- Moskva-İrəvan formatı”... - mümkünmü?

Qarabağla bağlı “Bakı- Ankara- Moskva-İrəvan formatı”... - mümkünmü?

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da həmsədrlərlə görüşəcək. Bu barədə Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srdjan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

“Noyabrın 16-da həmsədrlərə görüşəcəyəm”, - deyə, nazir bildirib. E.Məmmədyarov deyib ki, görüş Rusiyanın paytaxtında baş tutacaq. “Ondan bir neçə gün əvvəl isə Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Hələlik dəqiq olan odur ki, mən həmsədrlərlə Moskvada görüşəcəyəm” - nazir əlavə edib.

Bu ilin aprel və sentyabr aylarında keçirilən növbətçi görüşlərin ardınca Moskva görüşü XİN başçıları səviyyəsində növbəti görüşdür. Həmsədrlərin moderatorluğu ilə baş tutacaq Moskva görüşündə mühüm anlaşmanın əldə olunacağına kimsə ümid eləmir. Sadəcə, qoşunların təmas xəttində gərginliyin artmaması, itkilərin olmaması və prezidentlər səviyyəsində növbəti görüşün baş tutması üçün cəhdlər davam edir. Ancaq Cenevrədə keçirilən prezidentlərin görüşünün ardınca Serj Sərkisyanın destruktiv mövqe sərgiəməsi, Dağlıq Qarabağın “müstəqilliyi”ndən dəm vurması rəsmi Bakının kəskin etirazına səbəb oldu. Həm Administrasiya rəsmiləri, həm XİN rəhbəri səviyyəsində Sərkisyana ünvanlanan sərt cavablar növbəti görüşün baş tutması ehtimalını xeyli azaldır. Ermənistan prezidenti beynəlxalq hüququ pozmaqla yanaşı, diplomatik və etik qaydalara zidd davranış nümayiş etdirdi.

Bir sıra ekspertlər hesab edir ki, Sərkisyan baş nazir postuna sahiblənmək üçün erməni diasporuna xoş gələn ritorika nümayiş etdirir. Ancaq bunun ardınca onun “Ermənistanı ağrılı qərarlar gözləyir” açıqlaması da təəccüblə qarşılandı. Hesab olunur ki, İrəvan hansısa güzəştlərə vadar edilmək ərəfəsində olduğuna eyham vurur. Xüsusilə də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Ermənistanda yaşanan panik əhval-ruhiyyəni əsas gətirən bəzi nikbin müşahidəçilər işğalçı ölkənin bir addım geri çəkiləcəyini güman edirlər. Bu arada Putinin “danışan dili” adlandırılan Duqinin Ermənistanın 5 rayonu azad etməyə hazır olduğunu deməsi də müzakirələrə səbəb olub. Ancaq bunun qarşılığında səslənən arqument budur ki, Rusiya Ermənistanı 5 rayonu azad etməyə vadar etsə də, Azərbaycandan güzəştlər qoparmağa çalışacaq, bu isə çox təhlükəli ssenaridir. Hətta sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın 5 rayonunun azadlığını nəzərdə tutan anlaşmaya getməsini dövlətimiz üçün təhdid hesab edərək bu anlaşmanı məqbul saymır.

Məhz belə bir ərəfədə - 13 noyabrda - Türkiyə və Rusiya prezidentlərinin bir araya gəlməsi müəyyən ümidlər yaradıb. Əslində bu ümidlərin yaranmasına R.T.Ərdoğanın Putinlə görüşdə Dağlıq Qarabağla bağlı müzakirələr aparacağını deməsi rəvac verib. Ancaq həftənin ilk günü baş tutan görüşdə Qarabağa nə dərəcədə ciddi yer ayrıldığını demək üçün əldə əsasımız yoxdur. Bir müddət öncə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün etibarlı mənbəyinə istinadən demişdi ki, Türkiyə və Rusiya liderlərinin növbəti görüşü ərəfəsində prezident Vladimir Putinin Dağlıq Qarabağ ətrafında 5 rayonun qaytarılması qarşılığında Bakıya qarşı 3 şərti var: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi. Bu isə təhlükədən xəbər verən şərtlərdir.

Professor İlham Rəhimov minval.az saytına müsahibəsində görüşlə bağlı maraqlı fikirlər səsləndirmişdi. “Türkiyə lideri Dağlıq Qarabağ probleminin ədalətli həllində çox maraqlıdır, çünki Azərbaycana ürəyi yanır. Bununla belə, yenə düşünmürəm ki, tərəflər hansısa qərarı qəbul eləsinlər. Vəziyyət adi müzakirədən uzağa getməyəcək və ölü nöqtədən tərpənməyəcək. Hərə öz fikrini deyəcək. Ərdoğanı Qarabağ məsələsi ilə bağlı Putinin mövqeyi maraqlandıracaqsa, Putini də müvafiq olaraq Ərdoğanın problemı baxışı maraqlandıracaq”-İ.Rəhimov demişdi. Bununla belə, hüquq professoru hesab edir ki, Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan formatı yaranmalıdır. “Əgər bu iki dövlət Qarabağ probleminin həllində bizə kömək eləmək istəyirsə, o zaman fikrimcə, bunu belə bir formatda eləməyə dəyməz. Burada hökmən dördlü format olmalıdır. Yəni Azərbaycan və Ermənistan liderləri də prosesdə iştirak eləməlidir. Bax, dördlü həll - tamam ayrı formatdır. Bu, artıq reallıqdır” - professor bildirib.

Kifayət qədər maraqlı təklifdir. Düzdür, indiki münasibətlər fonunda bu, xeyli problemli məsələdir. Xüsusilə də Türkiyə və Azərbaycanın işğalçı siyasətindən əl çəkməyən Ermənistanla heç bir iqtisadi, diplomatik münasibətlərinin olmaması halında hansısa bir formatda birgə təmsilçilik real görünmür. Ancaq xatırladaq ki, hələ Qarabağ müharibəsinin ilk illərində Azərbaycan və Ermənistan prezidentləri hətta sərhəddə bir araya gəlmişdilər. Həmin görüşün videomateriallarını elə bu günlərdə erməni mənbələri növbəti dəfə tirajladı. Bu mənada nəzəri cəhətdən demək olar ki, Ermənistan bölgənin ən bədbəxt ölkəsinə çevrilməsi halında “daşı ətəyindən tökərək” müəyyən konstruktivlik göstərə bilər. Ekspertlərimizin də bu mövzu ilə bağlı maraqlı yanaşmaları var.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq platformasının yaradılması təşəbbüsü artıq xeyli müddətdir ki, irəli sürülüb: “Bu ilin may ayında Türkiyə və Rusiya prezidentlərinin Soçidə görüşü zamanı bu təşəbbüsün müzakirə olunduğu və müsbət qarşılandığı bildirilib. Ola bilsin ki, Türkiyə və Rusiya dövlət başçılarının görüşü zamanı bu təşəbbüs yenidən gündəmə gətirilsin və görüşdən sonra Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq platformasının yaradılması istiqamətində müəyyən addımlar atılsın. Lakin Ermənistanla bağlı məsələ, yəni işğalçı ölkənin iştirakı ilə dördtərəfli əməkdaşlıq platformasının yaradılması inandırıcı görünmür. Buna mane olan amillər həddən artıq çoxdur. Ermənistanın iştirakı ilə dördtərəfli əməkdaşlıq platformasının yaradılması faktiki olaraq Azərbaycanın və Türkiyənin işğalçı ölkə ilə əməkdaşlığa razı olması anlamına gəlir. Bu isə kifayət qədər təhlükəli tendensiyadır və bizim bu günədək yürütdüyümüz siyasətin inkar edilməsi deməkdir”.

E.Mirzəbəyli bir maraqlı məqama diqqət çəkdi: “Əgər Ermənistanla hər hansı format çərçivəsində əməkdaşlığa razı olacaqdıqsa, o zaman Türkiyə-Ermənistan protokollarına nə üçün etiraz edirdik ki? Yaxud əgər belə bir əməkdaşlıq mümkün idisə, o zaman işğalçı ölkənin təcrid edilməsi üçün görülən nəhəng işlər kimə və nəyə lazım idi? Bizim bir tərəfdən bütün dünyadan Ermənistana qarşı sanksiya tələbimizlə işğalçı ölkə ilə eyni əməkdaşlıq platformasında təmsil olunmağımız bir araya sığmaz. Bu baxımdan, belə bir təşəbbüsün irəli sürüləcəyi də gözlənilən deyil”.

Politoloq qeyd etdi ki, Azərbaycanın xeyir-duası olmayan bir təşəbbüs də Türkiyə tərəfindən irəli sürülməz, yaxud əksi də mümkün deyil: “Belə bir əməkdaşlıq formatının baş tutması üçün isə ilk növbədə işğal faktı aradan qaldırılmalıdır. Əgər Ermənistan buna məcbur edilərsə, o zaman şübhəsiz ki, əməkdaşlığa maneə yaradan amillər də aradan qalxacaq”.

“Ankara qısa müddətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Ancaq bu, o demək deyil ki, Ankaranın istəkləri Moskvanın istəkləri ilə üst-üstə düşür”. Bu fikirlər isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Siyasi təhlilçiyə görə, Moskva münaqişənin o şəkildə həllini istəyir ki, Azərbaycan və Ermənistan Rusiyanın maraqları çərçivəsində qalsın: “Kreml bu təminatı almayana qədər münaqişənin həllinə maraq göstərməyəcək. Kremlin Azərbaycan üçün şərtləri isə ağırdır. Kreml Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması əvəzinə bizə elə tələblər irəli sürür ki, onları yerinə yetirmək Azərbaycanın müstəqilliyini itirmək deməkdir. Ona görə də Rusiya ilə Türkiyənin Qarabağ məsələsində anlaşacağını söyləmək çətindir. Halbuki münaqişə sülh yolu ilə həll olunsa, bu, hamının xeyrinə olacaq”.

E.Şahinoğlu xatırlatdı ki, Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl Cənubi Qafqaz bölgəsində ATƏT-ə bənzər strukturun yaradılmasını təklif etmişdi: “Yəni Cənubi Qafqazın 3 dövləti ilə birgə qonşu dövlətlər - Türkiyə, Rusiya və İran regional təşkilat formalaşdıraraq bölgənin təhlükəsizliyinə cavabdeh olacaqdılar. Bu ideya reallaşmadı. Çünki Ermənistan Azərbaycan torpaqlarının, Rusiya isə Gürcüstan torpaqlarının - Abxaziyanın və Cənubi Osetiyanın işğalından vaz keçmədilər. İndi də bu ideyanı reallaşdırmaq çətin görünür. Çünki bu illərdə Rusiya Gürcüstanı parçalayıb, Abxaziya və Cənubi Osetiyanın ”müstəqilliklərini" tanıyıb".

Ekspertə görə, aydındır ki, Kreml geri addım atmayacaq: “Bunun qarşılığında Gürcüstan Qərbə sıx inteqrasiya yolunu tutub. Bu, o deməkdir ki, Gürcüstan artıq Rusiyanın yer alacağı regional formatda iştirak etməyəcək. Bunun əvəzinə əgər Rusiya Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirərsə, bölgədə Rusiya-Türkiyə-Azərbaycan-Ermənistan dördlü formatı təsis oluna bilər. Ancaq bunun üçün birinci addımı Rusiya atmalıdır. Bu format bölgəyə böyük ölçüdə sülh gətirər. Ancaq bu formatın yaradılmasl naminə Kremlin İrəvana təsir edib Dağlıq Qarabağ münaqişəsini həll edəcəyini düşünmürəm. Ankaranın təşəbbüsü gələcək illərə qalacaq”.

Reallıq budur ki, ATƏT-in Minsk Qrupunun 24 illik fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi Qarabağla bağlı heç bir irəliləyişə gətirib çıxartmadı. Üstəlik, həmsədrlərin tərkibinin dəyişməsi, Türkiyənin prosesə cəlb olunması istiqamətində də razılaşma əldə olunmur. Bu da reallıqdır ki, məsələ Rusiyanın iradəsindən kənar həll olunmayacaq. Əks təqdirdə, Ermənistana hər cür dəstək verən Kreml yeni sürprizlər edə bilər. Belə olan təqdirdə regional aparıcı dövlətlərin də prosesdə iştirakı işin xeyrinə olar. Rusiya Ermənistan, Türkiyə də Azərbaycan tərəfdən prosesdə iştirak etsə, bu, həm balanslı vəziyyət yarada, həm də bütün hallarda vəziyyətdə dönüşə səbəb ola bilər. Hər halda, Ərdoğan-Putin görüşündən də çox şey asılıdır...


Paylaş:


Müəllif : Tarix:
14-11-2017, 09:42
  
loading...