reklam
» » Türkiyə ilə Azərbaycan hərbi ittifaqda - işğalçının qorxunc röyası

reklam

Türkiyə ilə Azərbaycan hərbi ittifaqda - işğalçının qorxunc röyası

İşğalçı Ermənistan prezidenti Serj Sərkisyan ötən həftəsonu Qarabağ problemi ilə bağlı danışarkən masa üzərində “Lavrov planı” deyilən bir planın olmadığını deyib. “Lavrov Ermənistana son səfəri çərçivəsində Dağlıq Qarabağ nizamlanmasına dair yeni təkliflərlə çıxış eləmədi. Nazir Lavrov əmindir ki, bu konflikti həll etmək olar və təklif edilən prinsiplər belə bir imkanı yaradır”, - deyə düşmən ölkənin başçısı qeyd edib.

Xatırladaq ki, söhbət üç prinsipdən - ərazi bütövlüyü, güc tətbiqi ilə hədələməmək və öz müqəddəratını təyinetmə prinsiplərindən gedir. Rusiya XİN başçısının sözlərinə görə, həmsədrin irəli sürdüyü bu prinsipləri tərəflər qəbul eləsə də, problemin həlli yöndə tərəflərin real praktik addımları gözə dəymir. Hərçənd, rəsmi Bakı Qarabağ məsələsinə üç prinsipinin tətbiqi ilə bağlı Lavrovdan fərqli yanaşmanın tərəfdarıdır.

Sərkisyan isə bəyan edib ki, hazırda əsas məsələ münaqişə tərəfləri arasında etimad mühitini yaratmaqdır. O, bir daha təmas xəttində atəşkəsin pozulmasına yeni nəzarət mexanizminin tətbiq olunmasının vacibliyini vurğulayıb.

Bu, əlbəttə ki, işğalçı tərəfin çoxdankı arzusudur: Azərbaycan ərazilərinin bir qarşını belə geri qaytarmadan cəzasızlıq statusu qazanmaq, işğal rejimini uzatmaq və yekun etibarilə sülh danışıqlarında diktə edən tərəfə çevrilmək. Erməni tərəfinin hiyləgərliyi ondan ibarətdir ki, belə mexanizmlərin tətbiqini “etimad atmosferi” yaradılmasının vacibliyi ilə əlaqələndirməyə çalışır. Halbuki, bu, olsa-ola faktiki, təmas xəttinin rəsmi təmas xəttinə çevrilməsinə nail olmaqla işğalı legitimləşdirmək və bu zaman Azərbaycanın hərbi zərbələrindən tamamən sığortalanmaqdan savayı bir şey deyil.

Sözsüz ki, Bakı heç vaxt birtərəfli qaydada, sırf işğalçının maraqlarına işləyən və faktiki şəkildə, Azərbaycanın hərb yolu ilə öz ərazilərini azad eləmək kimi müstəsna hüququnu əlindən alacaq nəzarət mexanizmlərinin qurulmasına razılıq verməyəcək. Bakı dəfələrlə bəyan edib ki, belə mexanizmlər yalnız substansiv danışıqların tərkib hissəsi ola bilər. Yəni məsələyə torpaqlar işğaldan azad edilməyə başlandığı halda baxıla bilər.

*****

Sərkisyanın son açıqlaması Ermənistanda hakimiyyət dəyişməyində Qarabağ məsələsində İrəvanın gələn il də konstruktiv mövqe tutmayacağından xəbər verir. Əfsus ki, Ermənistan rəhbərliyinin bu mövqeyi xeyli dərəcədə həmsədr dövlətlərin, xüsusən də Rusiyanın və onu erməni kökənli xarici işlər naziri Sergey Lavrovun məsələdə ədalətsiz, beynəlxalq hüquqla uzlaşmayan yanaşmasından qaynaqlanır. Konfliktin həllində ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə prinsipini də gündəmə gətirmək səylərinin başqa adı ola bilməz.

Belə olan vəziyyətdə, Azərbaycanın öz hərbi qüdrətini daha da artırmaq, işğalçı ölkəni bahalı silahlanma yarışına cəlb edib onu iqtisadi cəhətcə daha da zəiflətməkdən savayı yolu qalmır. Bu xüsusda bizim ən etibarli siyasi-hərbi müttəfiqimiz əlbəttə ki, 2018-ci ildə də qardaş Türkiyə olaraq qalacaq. Yəqin ki, gələn iki qardaş ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq daha yüksək səviyyəyə qalxacaq, ortaq hərbi təlimlər intensivləşəcək.

Sevindiricidir ki, bu arada Türkiyə də özünün hərbi-sənaye kompleksini durmadan gücləndirir ki, bu da onun regional supergüc kimi gücünü artırmaqla yanaşı, Azərbaycanın gücünə də əlavə güc qatır. Məsələn, bu arada məlum olub ki, 2019-cu ilin birinci yarısında Türkiyənin yerli “Altay” tanklarının seriyalı istehsalına başlanılacaq. Türkiyə Milli Müdafiə Nazirliyi ilkin olaraq 500 ədəd tankın istehsal olunacağı barədə bildirib.

Xatırladaq ki, Türkiyə istehsallı “Altay” tankı ilk dəfə 2013-cü ilin iyulunda sınaqdan keçirilib. Sınağın nəticələri göstərib ki, tank qarşıya qoyulan tələblərə tam cavab verir. Bu isə o deməkdir ki, həmin tanklar çox tezliklə Azərbaycan Ordusunun da sərəncamına daxil ola, Ermənistanın müttəfiqi Rusiyadan silah asılılığımız azala bilər.

Gələn isə Naxçıvanda Türkiyə hərbi bazalarının qurulması və qardaş ölkə ilə hərbi ittifaqın yaradılmasının, nəhayət ki, gündəmə gələcəyi istisna deyil. Həm baza, həm də hərbi ittifaq isə işğalçının qorxulu röyasıdır. Belə bir zərurət həm də Rusiyanın Qarabağ münaqişəsinin həllinə ciddi təkan vermək istəməməsi ilə birbaşa bağlıdır. Səbəblər isə müxtəlifdir. Onların arasında ən əsası, sözsüz ki, konfliktin nizamlanacağı təqdirdə Rusiyanın bölgədəki dayaqlarını itirə biləcəyi ilə bağlı təlaşıdır.

*****

“Rusiya hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində məsafəli davranır və siyasi maraqlarını problemin həllindən üstün tutur”. Bu sözləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib (Axar.az). Politoloq bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini birbaşa öz nəzarəti altında saxlayır və bu rolunu heç vaxt zəiflətməyəcək.

“Moskva çıxış yolunu Bakı və İrəvan arasındakı dialoqda görür. Bu, zahirən doğru görünsə də, əslində reallığa uyğun deyil. Aydın məsələdir ki, Ermənistanın əsas donoru Rusiyadır. Aparılan danışıqlara baxmayaraq, İrəvanın qeyri-konstruktivliyi birbaşa Moskvadan qaynaqlanır. Hətta Rusiyanın Qarabağ məsələsində Ermənistanı birbaşa təlimatlandırdığını düşünürəm”, - deyə ekspert qeyd edib.

Politoloqun fikrincə, hazırda yeganə müsbət məqam Türkiyənin Dağlıq Qarabağ məsələsinin nizama salınması prosesində nümayiş etdirdiyi siyasi aktivlikdir: “Türkiyə bu aktivliyini artırarsa, Rusiya Ermənistanı müəyyən güzəştlərə razı sala bilər. İstənilən halda, rus-türk yaxınlığı Bakının xeyrinədir. İndiki reallıqda Rusiyanın hansısa bir dövləti Qarabağ məsələsinin həllinə bu qədər yaxın buraxması reallıqdan uzaqdır. Yalnız Ankara Bakının mövqeyini Moskvaya daha qabarıq şəkildə çatdıra bilər. Azərbaycan isə bu fonda diplomatiya ilə yanaşı, hərbi sahədə Ermənistana qarşı hücumedici addımlarını hazırlamalıdır”.

Şübhə yox ki, Azərbaycan öz hərbi və döyüş hazırlığını gələn il də gücləndirməyə çalışacaq. Güc amilinin isə danışıqlar prosesinə təsiri getdikcə artır ki, azalmır.


Paylaş:


Müəllif : Tarix:
18-12-2017, 11:21
  


loading...
Загрузка...