reklam
» » Bakı ədalətin yanındadır: Azərbaycan sözünü dedi

reklam

Bakı ədalətin yanındadır: Azərbaycan sözünü dedi

BMT-nin Baş Assambleyası Qüdsün İsrailin paytaxtı qismində tanınmasını qətiyyətlə pisləyən qətnamə qəbul edib.

Sənəd ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı qismində tanınması və Birləşmiş Ştatların İsraildəki səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı imzaladığı fərmana cavab sayılır.

Qətnamədə Trampın fərmanından birbaşa bəhs olunmasa da, "Qüdsün statusu ilə bağlı bu yaxınlarda qəbul edilmiş sənədlərlə bağlı dərin təəssüf" vurğulanır.

Sənəddə bütün dünya dövlətlərinə "müqəddəs Qüds şəhərində diplomatik nümayəndəliklər açmamaq, habelə İsraillə Fələstin arasındakı münaqişənin nizamlanması prosesinə zərbə vura biləcək bütün addımlardan çəkinməyə" çağırış da yer alıb.
Baş Assambleya hesab edir ki, müqəddəs Qüds şəhərinin statusunun, xarakterinin və ya demoqrafik vəziyyətinin dəyişdirilməsinə yönəlmiş istənilən qərarlarla hərəkətlərin heç bir hüquqi qüvvəsi yoxdur, əsassızdır və dərhal ləğv olunmalıdır.

Qətnamənin lehinə 128 ölkə, əleyhinə isə 9 dövlət (ABŞ, Qvatemala, Honduras, İsrail, Nauru, Marşall adaları, Mikroneziya, Toqo və Palau) səs veriblər.

35 ölkə bitərəf qalıb.

20 ölkə isə səsvermədə iştirak etməyib ki, onların arasında Türkmənistan, Gürcüstan, Ukrayna, Moldova, Litva da var.

Türkmənistan İslam aləminə arxa çevirdi

Tonqa-Leste, Sent Kits və Nevis, Tonqa, Zambiya, Monqulustan kimi ölkələrin arasında Türkmənistanın yer alması ilk baxışdan paradoksal sayıla bilər.

Əhalisinin tam əksəriyyəti müsəlmanlar olan Türkmənistan xarici siyasətində neytrallıq doktrinasını bəyan etsə də, dövlət dini İslam, bayrağındakı nişanlar da ulduzlar və aypara olduğundan İslam aləminə meylli olduğunu vurğulayırdı.

Sadəcə, vurğulayırdı və indi də vurğulamaqda davam edir. Reallıqda isə Türkmənistan neytral yox, hasil etdiyi enerjidaşıyıcılarını satdığı ölkələrin maraqlarının var olduğu müstəvidən çıxış edir.

Rəsmi Aşqabad İsrail və ABŞ-la "münasibətləri korlamamaq" üçün BMT-nin Baş Assambleyasında "Qüds qətnaməsi"nin əleyhinə səs verdi.

Bu isə əsl absurd oldu, çünki Türkmənistanın siyasi, iqtisadi və maliyyə baxımından asılı olduğu, çıxardığı təbii qazı satdığı ölkələrin istisnasız olaraq hamısı (!) qətnamənin lehinə səs vermişdilər.

Avstraliya, Argentina, Butan, Baham adaları, Ekvatorial Qvineya və daha 30 ölkə təki "cəsarət" göstərə bilməyən Türkmənistanın hakimiyyət dairələrinin İslam aləmi ilə yanaşı, Avropa Birliyi, Çin, Rusiya ilə münasibətləri hansı məcrada davam etdirəcəyi çox maraqlıdır.
Hədələr heç bir nəticə vermədi. Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu çox sərt bəyanat verdi: "Səsvermənin nəticələri göstərdi ki, ləyaqət və müstəqillik satılmır".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması isə belə oldu: "Əziz Tramp! Demokratik iradəni pulla satın ala bilməzsiniz!"

"Hünəri olan gəlsin..."

İsrailin Rusiyadakı sabiq səfiri Svi Maqen rəsmi Təl-Əvivin mövqeyini qeyri-rəsmi olaraq açıqlayıb. Onun dediyinə görə, BMT-dəki səsvermənin nəticələri İsraili təəccübləndirməyib: "Proses artıq başlanıb. Yerdə qalanlar detallardır. Qüds İsrailin paytaxtı olub və belədir.

Danılmaz faktdır. Kimsə bunu dəyişmək istəyirsə, hünəri varsa, gəlsin və cəhd göstərsin. Qətnamənin lehinə səs verən ölkələrin çoxunu problemlər gözləyir, çünki ABŞ-ın suallarına cavab verməli olacaqlar".

Qüdsun statusu nədir?

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Ağ Evdə keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qüdsü İsrailin paytaxtı qismində tanıyır və Birləşmiş Ştatlar da İsraildəki səfirliyini Qüdsə köçürəcək.

Həmin gündən bəri Qüdsdə və Fələstin ərazilərində fələstinlilərlə İsrail hərbçiləri arasında 3 nəfər həlak olub, ən azı 760 nəfər yaralanıb.

Dekabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda İslam Əməkdaşlığı Təşkilatının fövqəladə toplantısı keçirildi. Toplantının sonucunda bəyan olundu ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı qismində tanıyır, D.Trampın qərarını isə "mənasız, əsassız və heç bir hüquqi qüvvəsi olmayan məsələ" sayır.

İsrail yarandığı 1948-ci ildən bəri Qüdsü paytaxtı və bütün yəhudi xalqının mərkəzi şəhəri adlandırır.

1967-ci ildə İsraillə ərəb ölkələri arasındakı "Altıgünlük savaş"da israilli hərbçilər Qüdsün şərq hissəsini ələ keçirdilər, sonra da ilhaq etdilər.
Dünya birliyi bu ilhaqı tanımır.

Fələstinlilər isə şəhərin şərq hissəsinin Fələstinin paytaxtı elan edilməsini istəyirlər. Bu səmtdə 200 min fələstinli yaşayır.

Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin ən qaynar problemlərindən biridir.

Hazırda əksər ölkələrin səfirlikləri Təl-Əviv şəhərindədir.

Səsvermə əslində nəyi göstərdi?

BMT Baş Assambleyasındakı səsvermənin belə nəticəsi gözləniləndi, çünki əksər ölkələr bütün ərəb aləminə qarşı çıxmaq istəmir. Üstəlik, Qüdsün həm İsrail, həm də Fələstin şəhəri sayılması barədə BMT-nin bundan əvvəl bir neçə qətnaməsi olduğundan təşkilat mövqeyində kəskin dəyişikliklər edə bilməz.

Dünya dövlətləri də ərəb-İsrail münaqişəsində mövqelərini təftiş etmək niyyətində deyillər.

Onu da unutmayaq ki, İsraillə diplomatik münasibətləri olan bütün dövlətlər ərəb ölkələri ilə əlaqələrində bəlli risqlərin yarandığını bilirlər.

ABŞ isə belə risqlərdən çəkinmir, çünki Vaşinqton ərəb ölkələrinin ondan bir sıra məsələlərdə asılı olduğunun fərqindədir.

Ağ Evin qətnamə ilə bağlı səsvermə ərəfəsində və sonra sənədin lehinə səs verən ölkələrin ünvanlarına səsləndirdiyi hədələr isə sadəcə, absurddur.

Çünki D.Trampın və N.Heylinin açıqlamaları ABŞ-ın xarici siyasət konsepsiyasında çox ciddi ziddiyyətlərin olduğunu göstərir.

Bir tərəfdən Vaşinqton deyir ki, istənilən ölkə müstəqil qərar verməlidir və bu hüquqa sayğı ilə yanaşır - digər tərəfdən isə ABŞ-dan bu və digər formada asılı ölkələrə kobud təzyiqlər göstərir.
Bəhs etdiyimiz açıqlamalar dünya miqyasında antiamerikanizm təmayüllərini gücləndirməklə yanaşı, ABŞ-ı nüfuzdan salır.

Yəni ABŞ gerçəkdən də "müttəfiq" adlandırdığı, əslində isə Vaşinqtonun öz maraqlarını güddüyü ölkələrə maliyyə, hərbi və s. yardımları dayandıracaq?

Əsla.

Donald Tramp sadəcə, hədə-qorxu gəlir.

Rusiya və İranın Şimali Afrikada, xüsusilə də Yaxın Şərqdə təsir rıçaqlarını gücləndirdiyi bir zamanda ABŞ heç zaman müttəfiqlərini təsir (oxu: təzyiq) orbitindən buraxan deyil.

Azərbaycan nə etdi və nə edəcək?

BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnaməni Azərbaycan da dəstəkləyib.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. ABŞ qətnaməyə veto qoymuşdu. Azərbaycan həmin gün mövqeyini sərgiləyərək İsrail-Fələstin münaqişəsində düşünülməmiş addımların atılmasının yolverilməz olduğunu vurğulamışdı.

Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və gənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib.

Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz.

Elə bu səbəbdən də İƏT-in İstanbuldakı fövqəladə zirvə toplantısında Azərbaycan qəbul edilmiş sənədi tam dəstəkləmişdi. Halbuki həmin toplantıda bir sıra islam ölkələri, o cümlədən türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almadıqlarını göstərərək aşağı səviyyədə təmsil olunmuşlar.

Azərbaycanın prinsipial mövqeyini, Qərblə yanaşı, Şərqdəki mövqelərinin səbatlı olmasını, İslam aləmindəki nüfuzunu Bakıda keçirilmiş "2017 - İslam Həmrəyliyi İli" dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans bir daha nümayiş etdirdi

Dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatlar və s. daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin bariz göstəricisi sayılmalıdır.

Azərbaycanın Qüdslə bağlı bundan sonrakı siyasəti isə beynəlxalq hüququn aliliyinə hörmət, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfələr prinsiplərinə əsaslanacaq.

Müstəqil ölkənin müstəqil siyasətidir bu.
 


Paylaş:


Müəllif : Tarix:
22-12-2017, 17:39
  


loading...
Загрузка...