reklam
» » Elxan Şahinoğlu: “Amerikanın dostları azala bilər, ancaq qüdrəti azalmayacaq...”

reklam

Elxan Şahinoğlu: “Amerikanın dostları azala bilər, ancaq qüdrəti azalmayacaq...”

Tramp böhranı Rusiya və İranı hərəkətə gətirir

Amerikada Donald Tramp dönəmi başlayandan sonra dünyanın əsas super gücünün daxilində böhran getdikcə dərinləşir. Görünən odur ki, proseslər bu şəkildə davam edərsə, ABŞ digər ölkələr üzərində təsirini getdikcə itirə bilər.


Bundan isə heç şübhəsiz ki, ən çox yararlanmağa çalışanlar qonşu dövlətlərimiz olan Rusiya və İran olacaq. Ekspertlər hesab edirlər ki, Amerikanın tarixinin ən ağır böhranını yaşaması ilk növbədə Rusiyanı, sonra isə İranı ayaqda saxlamağa dolayısı ilə xidmət edir. Onlar proseslərin bu şəkildə davamının ABŞ-ın təsir dairəsində olan dövlətlər üçün də ciddi təhlükə olduğunu vurğulayırlar. Belə ki, Rusiyanın bu ölkələrdə çevrilişlər, yaxud seçkilərə təsir yolu ilə özünə yaxın şəxsləri iqtidara gətirməklə bu dövlətləri öz təsir dairəsinə keçirə biləcəyi qeyd olunur.


Artıq şimal qonşumuzun bunun üçün hərəkəyə keçdiyi bildirilir. Amerikanın daxilindəki problemlərini qısa müddətdə yoluna qoymazsa, onun dünya hegemonluğu ciddi zərbə alacağını təsəvvür etməmək mümkün deyil.


Lakin politoloq Elxan Şahinoğlu Amerikanın qüdrətinin azalacağına inanmır: “Donald Trampın siyasəti Amerikanın dostlarını itirilməsinə səbəb ola bilər. Amerikanın dünyadakı gücü həm də ona bel bağlayan ölkələrin sayından asılıdır. Ancaq əgər Tramp ”Meksika ilə divar tikəcəm", “Fələstin dövlətinin yaradılmasının əleyhinəyəm” və “Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini alqışlayıram” kimi açıqlamalar verirsə, bu Amerikanın dostlarının sayını azaldacaq. Bundan isə Amerikanın Rusiya, İran və Çin kimi rəqibləri istifadə etməyə çalışacaqlar. Doğrudur, Tramp Böyük Britaniya, İsrail və Yaponiya ilə ittifaqa önəm verir, ancaq bu ölkələrdəki rəsmilər və ictimai rəy belə Ağ Evin yeni sahibinə ehtiyatla yanaşır. Çünki Trampdan nə istəsən gözləmək olar. Bir gün Tramp müttəfiq adlandırdığı dövlətlərə də hansısa ultimatum irəli sürə bilər. Məsələn, Yaponiyadan tələb ediblər ki, Amerikanın bu ölkədəki hərbi bazalarına daha çox pul ayırsınlar. Halbuki, Yaponiya öz üzərinə düşən maliyyələşməni həyata keçirir. Amerikanın dostları azala bilər, ancaq qüdrəti azalmayacaq. Amerikanın dünyanın müxtəlif məntəqələrində böyüklü-kiçikli minlərlə hərbi bazası var. Bu - böyük gücdür və onunla hamı hesablaşır. Tramp bu bazaların sayını azaltmağı düşünmür, tam əksinə, müdafiəyə daha çox maliyyə ayıracağını vəd edib. Onun əsas rəqibi Rusiyanın ölkə xaricində barmaqla sayılacaq qədər hərbi bazası var. Yəni Rusiya və ya Çin Amerika ilə bütün hallarda ayaqlaşa bilməyəcək. Moskva və Pekinin hazırda əsas məqsədi Amerikanın dünyanın supergüc statusunu azaltmaq, birqütblü dünyadan çoxqütblü dünyaya keçidi sürətləndirməkdir. Bəli, birqütblü dünya sabit və sakit həyata şərait yaratmır, Avrasiya bölgəsində savaşlar, terror beynəlxalq aləmə böyük təhlükələr yaradır. Ancaq kim zəmanət verər ki, Rusiya və Çinin iştirakı ilə qurulması planlaşdırılan çoxqütblü dünya beynəlxalq aləmə sakitlik gətirəcək. Rusiya Gürcüstanı, Ukraynanı parçalayıb, müttəfiqi Qazaxıstan və Belarusu belə zaman-zaman üstüörtülü hədələyir. Çünki Rusiyaya müttəfiq deyil, Ermənistan kimi vassallar lazımdır. Ona görə də Amerikadan nə qədər narazılıq olsa da, hər halda Rusiyanın hegemonluğundansa, Vaşinqtonun yanlışları ilə birgə, yürütdüyü siyasət keçərlidir".

  


Politoloq Tramp Administrasiyasının da Cənubi Qafqaza maraq göstərməyəcəyini düşünür: “Bunu zənn etmirəm. Barak Obama da 8 illik prezidentlik dövründə bizim bölgəni tam unutmuşdu. Ancaq Vaşinqton Rusiyanın ətrafda yaratmaq istədiyi hegemonluğu da qəbul etməyəcək. Təsadüfi deyil ki, Amerika cəmi bir il ərzində Rusiyanın ətrafında - Baltik ölkələrdə, Polşada, Rumıniyada kiçik hərbi qruplaşmalar yerləşdirib, Bolqarıstan da planda var. İstisna etmirəm ki, Amerika bir gün qonşu Gürcüstanda da hərbi baza yaradacaq. Onsuz da indinin özündə Amerikanın Gürcüstanda hərbi instrukturları az deyil. Gürcüstanın NATO-ya üzvlüyünü Vaşinqton illərdir dəstəkləyir. Rusiya Gürcüstanın torpaqlarını işğal edəndə, Abxaziya və Cənubi Osetiyanın ”müstəqilliklərini" tanıyanda, oralarda hərbi qruplaşmalarını yerləşdirəndə beynəlxalq aləmdən ciddi təpki almadı. Bundan sonra Rusiya daha çox həvəslənərək qardaş adlandırdığı Ukraynanı parçaladı, Krımı ilhaq etdi, Donbass separatçılarını canlı qüvvə və hərbi texnika ilə dəstəklədi. Ancaq Moskva Krımı ilhaq etməklə qırmızı çizgiləri aşdı. Bununla da Moskva Qərblə arasındakı bütün körpüləri yandırdı. Donald Tramp beynəlxalq terrorçulara qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq planlarını nəzərdən keçirsə də, ümumilikdə Amerika istebleşmenti, Konqresi və beyin mərkəzləri Rusiyanı zəiflətmək planlarından əl çəkməyəcəklər. Rusiya ilə tamamən dostlaşmaq Trampın imkanı xaricindədir. Tramp bu mənada Rusiya əleyhinə olan Amerika siyasi elitası ilə hesablaşmalıdır. Təsadüfi deyil ki, Tramp bugünlərdə deyib ki, keçmiş prezident Barak Obama Rusiyanın Krımın ilhaqına adekvat reaksiya verə bilmədi. Tramp bununla demək istəyir ki, o Rusiya ilə münasibətlərdə Krımın ilhaqı faktını unutmayacaq".


E.Şahinoğlu Tramp dönəmindəki Amerika-Rusiya münasibətlərinə də toxundu: “Donald Tramp çox şey istəyə bilər. Ancaq Amerikada bir nəfər, hətta prezident olsa belə, ölkəsinin siyasətini tamamən müəyyənləşdirə bilməz. Amerika demokratik ölkədir, bir-birlərini tənzimləyən qüvvələr nisbəti var. Tramp Amerikanı müşavirləri ilə birgə idarə edir, müşavirlərin isə dünyadakı proseslərə fərqli baxışları var. Məsələn, Amerikanın yeni müdafiə naziri Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı deyil, Moskvanın siyasətini dünya üçün təhlükə kimi görür. Bunun üstünə Amerikadakı müxtəlif siyasi institutları, mühafizəkar Konqresi və Ağ Evə müxtəlif hesabatlar hazırlayan onlarla ”beyin mərkəzi"ni gəlmək lazımdır ki, onlar da prezidentin xarici siyasətdəki yekun qərarına təsir edirlər".


Paylaş:


Müəllif : Tarix:
18-02-2017, 08:58
  


loading...
Загрузка...