reklam
» » Biznesmen-deputatların sahib olduğu şirkətlər - Siyahı

reklam

Biznesmen-deputatların sahib olduğu şirkətlər - Siyahı

Ölkə qanunvericiliyi dövlət məmurlarına və millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı, şirkətlər yaratmağı və idarə etməyi qəti qadağan edir. Lakin buna baxmayaraq, bəzi məmur və deputatlar iri biznes müəssisələrinə rəhbərlik edir, qanunun bu tələbini qulaqardına vururlar. Düzdür, əksər hallarda onlar biznes fəaliyyətini qeyri-rəsmi şəkildə həyata keçirirlər. İdarə etdiyi şirkətlərdə bütün işlərə özləri nəzarət və rəhbərlik etsələr də, rəsmi sənədlərdə digərlərinin adına rast gəlinir

Bu məqalədə Milli Məclisin biznesmen deputatlarından və onların rəhbərlik etdiyi şirkətlərdən bəhs ediləcək.

İmişili seçicilərini parlamentdə təmsil edən deputat Əsabil Qasımov 2010-cu ilə - yəni ilk dəfə millət vəkili seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub.

2006-cı ildə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. İki il sonra “Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb.

Mətbuatda yer alan məlumata görə, “Karat Holdinq"in tərkibinə - Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən "Premium Market" daxildir.

Xətai seçicilərini təmsil edən deputat Hüseynbala Mirələmovun sahibi olduğu restoranın adı hər kəsə məlumdur. Paytaxtın ən bahalı və sakit yerində yerləşən “1001 gecə” restoranına daha çox imkanlı və varlı adamlar üz tutur.

Lənkəranın deputatı Hadı Rəcəblinin də fəaliyyəti dövründə özünə yaxşı biznes qurduğu deyilir. Hərçənd ki, deputat bunu inkar etsə də, Lənkəranda dəniz kənarında yerləşən möhtəşəm “Palıdlı Sahil” ailəsi istirahət mərkəzinin ona məxsus olması haqda mətbuatda dəfələrlə məlumat yayılıb. Bundan əlavə deputatın Lənkəran və paytaxt Bakıda da bir neçə biznes obyektlərinin olduğu deyilir.

Lənkəranın digər deputatı Rüfət Quliyevin adı biznesmen deputatlar sırasında hallanır . O, “European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. “European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir. "European Tobacco"nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir.

Şəki seçicilərini təmsil edən deputat Cavanşir Feyziyev “AVROMED” şirkətinin təsisçisidir. C.Feyziyev deputat olmaqla yanaşı dərman biznesi ilə məşğul olur. Hazırda “Avromed” dərman bazarında əhəmiyyətli yer tutur.

Masallı seçicilərini təmsil edən Nəriman Əliyevin adı çəkilən rayonda bir sıra iri obyektlər sahibi olduğu deyilir. N.Əliyev Masallıda biznesmen kimi ad çıxarıb. Vaxtilə SSRİ səviyyəsində məşhur olan – Masallı Konserv zavodunu hazırda deputat “Nur M” şirkəti olaraq idarə edir.

Gəncənin deputatı Xanlar Fətiyev deputat olmaqla yanaşı Gəncə Avtomobil Zavodunun direktorudur. Deputatın Gəncə şəhərində bir neçə biznes obyektlərinin olduğu deyilir.

Cəlilabadın deputatı Malik Həsənov qardaşı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus “Azinko” şirkətini idarə edir.

Salyandan seçilən deputat, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov biznesi olan deputatlardandır. Paytaxtın Həsən bəy Zərdabi prospekti 20-də, metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən "Atlantis" şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranın ona məxsus olduğu bildirilir. Deputat bundan əlavə Salyanda ferması da mövcuddur.

Abşeron və Sumqayıt seçicilərini təmsil edən deputat Hacı Salayev üç min işçini özündə birləşdirən “TRUS” MMC-nin sahibidir. Onun bununla yanaşı digər iri şirkətləri də olduğu deyilir.

Lerikin deputatı İqbal Məmmədov “Kaspi-Yıldız” şirkəti və Azərbaycanın ən tanınmış turizm mərkəzlərindən olan – “Relax” İstirahət Mərkəzinə rəhbərlik edir.

96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanov “Kəpəz Group” şirkətinin sahibidir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, “Kəpəz” otel, “Happy İnn” otellər şəbəkəsinin də ona məxsus olması barədə məlumatlar yer almaqdadır. (anv.az)


Paylaş:


Müəllif : Tarix:
20-02-2017, 10:51
  


loading...
Загрузка...