Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilib - YENİLƏNİB » Regionxeberleri.com Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilib - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilib - YENİLƏNİB

reklam

Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilib - YENİLƏNİB

Nazirlər Kabineti “Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası” təsdiqləyib.

Regionxeberleri.com "Report"-a istinadən xəbər verir ki, sənəd tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.

Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslərə şamil olunur.

Sənədə əsasən, tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.), həmçinin bütün növ qəlyanlar və elektron siq ğaretlər tütün məmulatlarına bərabər tutulur. Bundan əlavə, qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırılma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları və onların qalıqları tütün məmulatlarının tullantıları hesab olunur. Tütün məmulatları tullantılarının utilizasiyası lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınmasıdır. İstehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə və yarımfabrikatları və onların qalıqları İstehsalat tullantılarına aid edilən tütün məmulatlarının tullantıları sayılır, eyni zamanda tütün məmulatları tullantılarının istehsalçısı, təhvil verildikdən sonra onların daşınmasını, habelə utilizasiyasını və zərərsizləşdirilməsini həyata keçirən şəxslər tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) hesab olunur. Qayda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasını da qadağan edir.

Məqsədli istehlak təyinatına uyğun olmayan və ya texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməyən, mənşəyi məlum olmayan, üzərində saxlanma (yararlılıq) müddəti göstərilməyən və ya saxlanma (yararlılıq) müddəti bitmiş, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan istehsal edilən və ya satılan, qablaşdırılmasına və ya etiketlənməsinə dair məcburi tələblərə cavab verməyən tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları və onların qalıqları keyfiyyətsiz tütün məmulatları, hüquq sahibinin Mülki Məcəllədə nəzərdə tutulan hüquqlarını pozaraq əmtəə nişanından, coğrafi göstəricisindən və firma adından qanunsuz istifadə etməklə yaradılmış (istehsal edilmiş) tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikat və onların qalıqları saxta tütün məmulatları sayılır.

İstehsal prosesində əmələ gələn tütün məmulatlarının tullantıları utilizasiyadan əvvəl Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası”na uyğun olaraq inventarlaşdırılır. Utilizasiya məqsədi ilə tütün məmulatları tullantılarının qəbul edilməsi və ya təhvil verilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə tütün məmulatları tullantılarının qəbulu və ya təhvili, alqı-satqısı, bağışlanması və ya mübadiləsi barədə bağlanılmış müqavilələr, təhvil verilmə barədə qaimələr və ya təhvil-təslim aktları aiddir). Utilizasiyaya yararlı tütün məmulatlarının tullantıları onların sahibi (mülkiyyətçisi) tərəfindən “Yeyinti məhsulları haqqında” qanunun tələblərinə uyğun olaraq yoxlama və digər nəzarət tədbirləri çərçivəsində onların dövriyyədən çıxarılması barədə qərar qəbul etmiş yoxlayıcı orqanın mütəxəssislərinin nəzarəti ilə utilizasiya edilməsi üçün müvafiq ixtisaslaşmış müəssisələrə təhvil verilir. Bunlar utilizasiyaya yararlı tütün məmulatlarının tullantılarına aid edilir.

Süpürüntü tullantıların tərkibində olan və istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantılar, urnalardan toplanan qarışıq tullantıların tərkibində olan və istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantıları utilizasiyaya yararsız tütün məmulatlarının tullantılarına aiddir.

Utilizasiyaya yararsız olan tütün məmulatlarının tullantıları ətraf mühitə zərərli təsirin qarşısını almaq şərtilə Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na uyğun kənarlaşdırılır və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) basdırılır. Yandırılma üsulu ilə utilizasiya edilmiş tullantıların qalıqları ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə ekoloji qanunvericiliyə uyğun olaraq, xüsusi ayrılmış yerlərdə təcrid edilir (basdırılır).

Utilizasiyaya yararsız tütün məmulatları tullantılarının təcrid edilməsi və utilizasiyaya yararlı tütün məmulatları tullantılarının utilizasiyası ilə bağlı xərclər həmin tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) tərəfindən ödənilir. Tütün məmulatları tullantılarının onların utilizasiyasına qədər yığılması (toplanması), daşınması, müvəqqəti saxlanması ilə bağlı xərclər “İstehsalat və məişət tullantıları haqqında” qanunun tələblərinə və yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən utilizasiyaya yararlı tütün məmulatlarının tədqiqinin (sınağının) aparılması və onun nəticələrinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilməklə dövriyyədən götürülməsi, daşınması və saxlanması ilə bağlı xərclər isə Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”na uyğun olaraq müəyyən olunur.

*** 07:24

“Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası” təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazirin müavini Əli Əhmədov imzalayıb.

“Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası” təsdiq edilsin", - deyə sənəddə bildirilir.


Paylaş:


Müəllif : Tarix:
15-06-2018, 11:14
  


loading...