reklam
» » Bransonun azadlığa buraxılması Türkiyəyə nə vəd edir?

reklam

Bransonun azadlığa buraxılması Türkiyəyə nə vəd edir?

ABŞ-la münasibətlərin yaxşılaşması bütün hallarda Türkiyə iqtisadiyyatı və bu ölkənin milli valyutası üçün əsas faktorlardan biridir.

Bu sözlər  keşiş Endryu Bransonun azadlığa buraxılmasının Türkiyə iqtisadiyyatına təsirləri haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert Türkiyə-ABŞ münasibətlərindəki dinamikliyi indiki halda Ankara üçün vacib hesab edib:

“Bu həm də türk iqtisadiyyatına olan inam və sərmayələrin Türkiyədə qalması baxımından çox vacibdir. Hesab edirəm ki, ABŞ-la münasibətlərin yaxşılaşması Türkiyə iqtisadiyyatına müsbət psixoloji təsir göstərəcək. Təbii ki, bu psixoloji təsirləri iqtisadi təsirlərə də çevirmək mümkündür. Nəzərə alaq ki, ABŞ Türkiyə iqtisadiyyatına əvvəlki illərdə sərmayə qoyan əsas aparıcı ölkə idi. Türkiyənin xarici ticarət dövriyyəsində təxminən 77 milyard dollara yaxın mənfi saldo var. Bunun da azaldılmasına ehtiyac var. O üzdən rəsmi Ankara ABŞ-la münasibətlərin yaxşılaşması fonunda bu ölkədən sərmayələrin cəlb edilməsinə nail ola bilərsə, bu, Türkiyə iqtisadiyyatına birbaşa müsbət təsir göstərəcək”.

İqtisadçı bildirib ki, Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşması psixoloji olaraq Türkiyənin valyuta bazarına da təsir göstərəcək:

“Düzdür, lirənin məzənnəsində kəskin bahalaşma gözlənilmir. Ancaq bazar Branson hadisəsinə psixoloji reaksiya verməyə başlayıb. Keşiş Bransonun azadlığa buraxılması lirənin məzənnəsində stabilliyə nail olunması baxımından vacib idi. Qarşıda ABŞ-Türkiyə iqtisadi əlaqələri genişlənərsə, bu, avtomatik olaraq lirənin məzənnəsinə də müsbət təsir göstərə bilər”.

İqtisadçı ekspert Rəşad Həsənov da Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşmasının iqtisadi konyekturu dəyişəcəyini düşünür:

“İndiki dövrdə Türkiyə iqtisadiyyatı üçün müəyyən pozitiv simptomlar və müsbət dəyişikliklər gözləniləndir. Belə ki, Türkiyədən investor axını azalacaq və son nəticədə valyuta bazarında nisbi sabitlik, tarazlaşma, eyni zamanda, Türkiyə şirkətlərinin səhmlərinin satışı müşahidə olunacaq. Yəni türk lirəsinin möhkəmlənməsi ehtimalı var. Branson azad olunan andan etibarən lirənin məzənnəsində dəyişiklik müşahidə olunmağa başlayıb. Orta və uzunmüddətli dövrdə isə bu prosesdə Türkiyə hökumətinin iqtisadi siyasəti əsas rol oynayacaq”.

Qeyd edək ki, PKK və FETÖ terror təşkilatları adına agentlik etmək ittihamı ilə Türkiyədə 35 il azadlıqdan məhrum edilmiş Endryu Branson oktyabrın 12-də məhkəmənin qərarı ilə sərbəst buraxılıb.


Paylaş:


Müəllif : Tarix:
16-10-2018, 08:38
  


loading...
Загрузка...