reklam
» » Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - təhlükəli gəlişmə

reklam

Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - təhlükəli gəlişmə

Bir həftə öncə Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarında daha bir qanunsuz təlim keçirdi. Bundan əlavə, Ermənistan rəsmiləri, başda baş nazir əvəzi Nikol Paşinyan olmaqla vaxtaşırı ərazilərimizdə peyda olur, orada işğalçı əsgərlərlə şelfi çəkdirir, Azərbaycanın ünvanına hədyanlar söyləyirlər. Düşmən tərəf həmçinin işğal altındakı ərazilərimizdə qanunsuz məskunlaşma siyasətini davam etdirir. Dağlıq Qarabağa israrla xarici sərmayə cəlb eləməyə çalışır. Sanki artıq müharibə bitib və Azərbaycan işğalla barışıb.

Əlbəttə ki, barışmayıb. O ayrı məsələ ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı ölkənin sülh prosesini torpedalayan bu hərəkətlərinə, o cümlədən İrəvanın vaxtaşırı keçirdiyi qanunsuz hərbi təlimlərinə və süni məskunlaşma siyasətinə heyrətamiz dözüm göstərməkdə davam edirlər. Hətta belə təəssürat yaranır ki, həmsədrlər Bakının da buna artıq adət etdiyi xülyası ilə yaşayırlar.

*****

“Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinin nəticəsində danışıqlar prosesində böyük problemlər yaranır və bu, ermənilərin maraqlarına cavab verir. Onlar status-kvonun qorunması üçün hər şeyi edirlər”.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ermənilər Dağlıq Qarabağda bir neçə istiqamətdə qeyri-qanuni fəaliyyət göstərirlər. “Bura işğal altındakı ərazilərdə demoqrafiyanın dəyişdirilməsi, məskunlaşma siyasəti, təbii sərvətlərdən qanunsuz istifadə, çirkli pulların yuyulması, infrastrukturun dəyişdirilməsi, maddi-mədəni irsin məhv edilməsi, turizmin qurulması və işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər edilməsi aiddir” - o deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə təbii sərvətləri məhv edərək və talan edərək orada faktaraşdırıcı missiya aparmağa imkan vermir, çünki bu, onlara sərf etmir. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin diqqətini ermənilərin bu ərazilərdəki qanunsuz fəaliyyətinə yönəltmək vacibdir.

*****

Bu arada Dağlıq Qarabağdaki rejimin başçısı, quldurbaşı Bako Saakyanın Fransaya davam edən qanunsuz səfəri konfliktin həlli məsələsində ədalətli və qərəzsiz vasitəçilik mövzusunu yenidən gündəmə gətirib. Artıq məlumdur ki, rəsmi Bakı Parisə bununla bağlı etiraz notası təqdim edib. Fransa tərəfi isə gözlənildiyi və həmişəki olduğu kimi, “Dağlıq Qarabağdakı qanunsuz rejimi tanımırıq” tipli ənənəvi bəyanatla vəziyyətdən çıxmağa çalışıb. Halbuki rəsmi Paris arzulamasaydı, bu səfəri rahatca əngəlləyərdi - Saakyana viza verməməklə.

“Saxta pasport məlumatları ilə qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyana viza verib sonra məsuliyyətdən qaçmaq üçün Fransanın ”Dağlıq Qarabağ Respublikası"nı tanımır tipli bəyanatını Azərbaycan qəbul etmir və etməyəcək". Bu sözləri tekleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri barədə danışarkən deyib.

Onun sözlərinə görə, qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan Fransada əhəmiyyətsiz görüşlər keçirəndən sonra qayıdıb özünü şişirdəcək ki, bizi tanıyırlar, eşidirlər: “Fransa isə onun qeyri-rəsmi görüşlər keçirdiyini bəyan edəcək. Hansısa senator qanunsuz şəkildə Qarabağa gəlir, Fransa tərəfi deyir ki, sərbəst adamdır, ona qadağa qoya bilmərik. Bu ölkənin xırda şəhərlərinin merləri xəritədə Dağlıq Qarabağı necəsə tapıb gəlirlər, dostluq və əməkdaşlıqla bağlı müqavilə imzalayıblar. Hansı dostluqdan, əməkdaşlıqdan söhbət gedə bilər? Fransadan Ermənistana gəlib baş çıxarmaq müşkül məsələdir, o ki qaldı Qarabağa səfər mümkün olsun”, - deyə deputat vurğulayıb.

Milli Məclisin digər deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbər”i kimi özünü təqdim edən Bako Saakyanın Parisə səfəri Fransa qanunlarına və beynəlxalq hüquqa ziddir. Onun qənaətincə, beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi, hələ üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir: “Ona görə də Fransa Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standarlara yol verir, terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini gözdən salır. Bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik separatizmi təşviq edir. Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. O zaman əgər gələcəkdə Korsikadakı separatizm kimlərsə tərəfindən dəstəklənəcəksə, Fransa günahı elə özünün yanlış siyasətində görməlidir. Ümumiyyətlə, təəssüf edilməli haldır ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini itirməyə başlayıb”.

Deputat vurğulayıb ki, Fransa Prezidenti Emmanuel Makron Frankofoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, Azərbaycana səfər etmədi: “Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Ancaq Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirir, tam əksinə, çox açıq şəkildə postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir. Məsələn, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq saakyanlar bu Avropa ölkəsində sərbəst dolaşır, görüşlər keçirir, ianələr toplayır. Bu yolverilməzdir. Bütün bunlar azmış kimi, Fransanın xeyli sayda şəhəri Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bəzi subyektlərlə qardaşlaşma haqqında saziş imzalayır. Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən etirazlarına isə sadəcə, ”biz Dağlıq Qarabağ adlı bir qurumu rəsmən tanımırıq" kimi quru diplomatik ifadələrlə cavab verirlər".

H.Babaoğlu qeyd edib ki, əslində isə bütün bu hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik separatizmi pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir: “Tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır. Əks təqdirdə bu tipli gizli dəstəklər gələcəkdə açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər. Ona görə də Avropa İttifaqına üzv olan dövlətlər daxil olmaqla, beynəlxalq təşkilatlar da Fransanın belə sürüşkən mövqeyinə qiymət verməlidirlər. Fransa unutmamalıdır ki, həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq memorandumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur”.

*****

Baş verənlər Qarabağ “düyünü”nə əlavə düyünün vurulması deməkdir. Bu, bir daha sülh nizamlanmasında yeni və daha effektli formatın tapılmasını zəruri edir. Ən azından, Minsk Qrupu həmsədrliyində Fransanın Türkiyə ilə əvəzlənməsi vacibliyi açıq-aydın görünür. Çünki digər iki həmsədr dövlət - Rusiya və ABŞ da erməni separatçılığına yanaşmada Fransadan ciddi fərqlənmir. Bako Saakyan kefi istəyəndə Moskvada və Vaşinqtonda da peyda olur, hətta yerli rəsmilərlə təmaslar qurur.

Beləcə, münaqişəyə yanaşmada “ikili standart” yanaşması problemin həllində əsas əngəl olaraq qalır. Sözsüz ki, səbəb xristian amili, Avropanın və Rusiyanın hələ də “erməni kartı”ndan öz uzaq siyasi məqsədləri üçün yararlanmaq istəyidir. Vasitəçilikdə tarazlığın Azərbaycanın ziyanına pozulmasının əsas motivini burada axtarmaq lazım gəlir. \\musavat.com\\


Paylaş:


Müəllif : Tarix:
19-11-2018, 11:01
  


loading...
Загрузка...