reklam
» » Tramp böyük müharibənin düyməsini basdı

reklam

Tramp böyük müharibənin düyməsini basdı

Şahin Cəfərli: “Moskva yavaş-yavaş anlamağa başlayır ki, ABŞ seçkilərində “yanlış ata oynayıb” və bəlkə də Klintonun seçilməsi daha əlverişli olarmış”
Aprelin 7-də Bakı vaxtı ilə səhərə yaxın saat 4-dən 5-ə kimi ABŞ ordusunun Aralıq dənizində yerləşdirilmiş iki hərbi gəmisindən Suriya ordusunun bazasına 70 raket atılıb. CNN-in xəbərinə görə, zərbələr Suriya hökumət ordusunun Homs vilayətində yerləşən Şayrat hərbi bazasına endirilib. Zərbələrdən dərhal sonra xalqa müraciətlə çıxış edən ABŞ prezidenti Donald Tramp bu addımın öz xalqına qarşı kimyəvi silah işlətmiş Bəşər Əsəd rejiminə qarşı qisas addımı olduğunu bəyan edib. Buna qarşılıq olaraq, ABŞ Konqresinin bəzi üzvləri raket zərbələrinin parlamentlə razılaşdırılmadığını qeyd ediblər.
NBC telekanalı Suriya ordusunun bazasına “Tomoqavk” tipli raketlərlə hücum edildiyini bildirib. “Frans Press” raketlərin sayının 70-ə bərabər olduğunu yazır. Amerika mənbələrinə görə, raket zərbələri kimyəvi silahın tətbiq edildiyi bildirilən hərbi bazaya yönəlib.
                             

“Tomoqavk” zərbələri nəticəsində Suriya ordusunun Şayrat aviabazasında biri general olmaqla çoxsaylı hərbçi öldürülüb, 15 hərbi təyyarə məhv edilib. Bu barədə Amerika mənbələri xəbər verir. İnternetdə yayılmış görüntülərə əsasən aviabazada raketlər bir-birinin ardınca partlayır, alov səmaya qalxır. Öldürülən generalın hərbi bazada dislokasiya olunmuş 2-ci briqadanın komandiri Xəlil İssa İbrahim olduğu bildirilir. Mənbələr Suriyaya yeni raket hücumlarının gözlənildiyini xəbər verib. Xatırladaq k, ABŞ-ın Əsəd rejiminə qarşı bu raket zərbələri Suriya aviasiyasının aprelin 3-də İdlib əyalətinin Xan-Şeyxun qəsəbəsinə endirdiyi kimyəvi silah zərbələrinə cavabdır. Həmin hücumda yüzdən çox mülki sakin həlak olub. Onların arasında çoxsaylı azyaşlılar da var.                            
                           

Raket zərbələrindən sonra mətbuat konfransı keçirən dövlət katibi Reks Tillerson bəyan edib ki, Trampın bu qərarı “ölkələrin qırmızı xətti keçdiyi halda nə baş verəcəyini” göstərir. Tillerson bildirib ki, ABŞ artıq Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına yönəlmiş tədbirlər görür.

Dövlət katibinin sözlərinə görə, raket zərbələrindən əvvəl Rusiya rəhbərliyi ilə diplomatik kanallarla təmas yaradılmayıb. Bununla belə ABŞ və Rusiya hərbçiləri arasında Suriyada koordinasiyaya dair razılaşmalara əməl olunub. Bu isə o deməkdir ki, hərbi kanallarla raket zərbələri barədə Rusiya tərəfi xəbərdar edilib.
                   
                       
Suriya mənbələrinin bildirdiyin görə, Amerikanın raket zərbəsindən əvvəl Şayrat aviabazasının personalı evakuasiya olunub və bu səbəbdən tələfat az olub. Şahidlərin dediyinə görə bu, hücumdan bir neçə dəqiqə əvvəl baş verib. Raket zərbələri hərbi aeroportun nəzarət qülləsini, təyyarələrin olduğu anqarları, sursat anbarını, uçuş-enmə zolağını dağıdıb. İsrail və Səudiyyə Ərəbistanı ABŞ-ın raket zərbələrini dəstəkləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, ABŞ bununla bütün dünyaya nümunə göstərib.

ABŞ-ın raket zərbələrinin ardınca İsrail aviasiyasının da Suriyanın Dəraa vilayətinə zərbələr endirdiyi haqda sosial şəbəkələrdə xəbərlər yayılıb. Bildirilir ki, zərbələr əl-Manşiyah bölgəsinə endirilib. İsrail ordu komandanlığı məlumatı şərh etmir. Bununla belə xəbər verilir ki, İsrail aviasiyasının zərbələrindən sonra Azad Suriya Ordusunun dəstələri həmin istiqamətdə hücuma keçiblər. Kürd mənbələri isə xəbər verir ki, raket zərbələrindən sonra Deyr əz-Zor bölgəsində Amerika ordusu desant çıxarıb. Desantın iki vertolyotdan endirildiyini və Hamat-ə-Tabani rayonunda hansısa avtomobilə hücum olduğu bildirilir. Avtomobildəkilərin hamısı öldürülüb. Ehtimal edilir ki, bu, İŞİD liderlərindən hansısa birinə qarşı xüsusi əməliyyatdır.

Suriya hökuməti ABŞ-ın raket zərbələrinə rəsmi münasibətini açıqlayıb. Suriyanın informasiya naziri zərbələri məhdud və gözlənilən adlandırıb. O, gərginliyin artması üçün əsas görmədiyini bildirib.

Donald Trampın bu cür sərt addımı atması bütün dünyada bir nömrəli hadisəyə çevrilib. ABŞ-ın Suriya zərbə endirməsi Rusiya və İranın etirazı ilə qarşılanıb.
                                            
                           
Rusiya prezidenti ABŞ-ın raket zərbələrini Suriya suverenitetinə qarşı aqressiya, beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib. O deyib ki, Suriya ordusu kimyəvi silah ehtiyatına sahib deyil. Suriya ordusuna məxsus kimyəvi silah ehtiyatının məhv edilməsi barədə faktlar BMT-də var: “Putinin fikrinə görə, kimyəvi silahın terrorçular tərəfindən istifadə edilməsi faktının rədd edilməsi vəziyyəti qəlizləşdirir. Bundan başqa, ABŞ Suriyaya zərbə endirməklə dünya ictimaiyyətinin fikrini İraqın mülki əhalisinin qırılması faktından yayındırır. Rusiya prezidenti düşünür ki, Vaşinqtonun bu addımı rus-amerikan münasibətlərinə zərbədir. Bu addım beynəlxalq terrorizmlə mübarizə məsələsində məqsədimizə yaxınlaşdırmır, əksinə beynəlxalq terrora qarşı koalisiya yaratmaq işinə əngəl törədir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır: “ABŞ-ın Suriya aviabazasına raket zərbələri 2003-cü ildə İraqdakı vəziyyəti xatırladır. Bu, tamamilə saxta bəhanəsi olan təcavüz aktıdır. Bu hadisə 2003-cü ildə ABŞ və Böyük Britaniyanın bir neçə müttəfiqləri ilə İraqa hərbi müdaxiləsini xatırladır”.


ABŞ-ın bombardmanından sonra Rusiya BMT-nin Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.

Rusiyanın BMT-dəki daimi təmsilçisinin köməkçisi Vladimir Safronkov ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin pis nəticələrə səbəb olacağını bildirib.

                             
Bundan başqa Rusiya ABŞ hərbi gəmilərinin Suriya ərazisinə endirdiyi raket zərbələrindən sonra Suriyayla bağlı ABŞ-la imzaladığı memorandumu dayandırıb. Memorandumun fəaliyyətinin dayandırılması ilə bağlı dünən Rusiya XİN bəyanat yayıb. Bəyanatda deyilir ki, Rusiya Suriyadakı əməliyyatlarda uçuşların təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması ilə bağlı ABŞ-la imzaladığı memorandumun işini dayandırıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasimi isə deyib ki, ABŞ Suriyanı bombalamaqla beynəlxalq hüququ pozub və terrorçulara yardım edib: “Endirilən hava zərbələrinin Suriyadakı vəziyyəti daha gərginləşdirəcəyinə inanırıq”.

                             
Türkiyə hökuməti isə ABŞ-ın addımını müsbət qarşılayıb. Bu barədə açıqlamanı Türkiyə hökumətin məbuat katibi Numan Kurtulmuş verib. Açıqlamada deyilir ki, Türkiyə hərəkatı müsbət qarşılayır, Əsəd rejimi cəzalandırılmalıdır: “Ümid edirik ki, hücumun sülhə təsiri olacaq. 7 ildir ki, Suriyada vətəndaş müharibəsi gedir. Çox amansız müharibə gedir. Əvvəllər də kimyəvi silahların istifadə edildiyi sübut edilmişdi. Amma heç bir reaksiya olmamışdı. Bu, ilk deyil. Hərəkatı müsbət qarşılayırıq. Prezidentimizin də dediyi kimi, biz sadəcə söz deyil, əməl də görmək istəyirik. Beynəlxalq ictimaiyyət Əsəd rejiminin bu barbarlığına qarşı mübarizə aparmalıdır. Bu mübarizə rejimin artıq xalqına ziyan vura bilməyəcəyinə qədər davam etməlidir. Əsəd rejimi beynəlxalq aləmdə cəzalandırılmalıdır”.

Bəs ABŞ-ın Suriyaya zərbələr endirməsindən sonra daha böyük müharibənin indi başlandığını söyləmək olarmı? Dünya düzəninə Trampın müharibəyə başlaması necə təsir edəcək?

Politoloq Şahin Cəfərli ABŞ-ın Suriyada həyata keçirdiyi əməliyyatın müddəti və çərçivəsi məhdud oldu. Bu addım ilk növbədə Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi faktına cavab idi. Amma hadisənin çox ciddi siyasi nəticələri oldu və olacaq: “Obrazlı ifadə etsək, ABŞ-ın atdığı raketlər hərbi hədəflə yanaşı, bəzi siyasi hədəflərə də ”dəydi". Baş vermiş hadisə dünya siyasətində yeni səhifənin başlanması kimi qavranılmalıdır.


Əsas nəticə ondan ibarətdir ki, Barak Obamanın dövründə Yaxın Şərq regionunu prioritetlər sırasında arxa yerlərə atan və bununla da digər oyunçuların, xüsusən Rusiya və İranın bölgədə fəallaşaraq təşəbbüsü öz əlinə almasına şərait yaradan ABŞ qlobal super güc olduğunu bir daha ortaya qoydu. Vaşinqton nümayiş etdirdi ki, istədiyi an hərəkətə keçə bilər və onu əngəlləyə biləcək ikinci bir güc yoxdur. Bilirsiniz ki, Rusiya Suriyanın bütün hava məkanını özünün C-300 və C-400 zenit-raket kompleksləri ilə bağladığını və hər hansı qüvvənin Rusiyanın oradakı hərbi bazasına, eləcə də Suriya ordusunun bazalarına zərbə endirməsinə imkan verilməyəcəyini bəyan etmişdi. Lakin ABŞ hərbi gəmiləri Suriyaya 59 ədəd qanadlı raket atsalar da, Rusiyanın bu sistemləri işə düşmədi. Maraqlı fakt odur ki, hücumdan əvvəl ABŞ siyasi rəhbərliyi Rusiya siyasi rəhbərliyi ilə hər hansı məsləhətləşmə aparmayıb və məlumat verməyib. Yalnız texniki səviyyədə təmas olub və ABŞ-ın Qatardakı hərbi bazasından Rusiyanın Suriyadakı Hmeymim bazasına təxminən bu məzmunlu məlumat ötürülüb: “Bir azdan havada görəcəyiniz qanadlı raketlər bizimdir”. Bu fakt hər şeydən əvvəl Rusiyanın nüfuzuna və Putinin xarizmasına zərbədir. Rusiya prezidentinin ilkin reaksiyası da onun hadisəni qəzəblə qarşıladığını göstərir".

Politoloq dedi ki, digər tərəfdən, hadisə onsuz da çox aşağı səviyyədə olan Rusiya-ABŞ münasibətlərinə daha bir zərbə vurdu. Rusiya Suriya səmasında insidentlərin qarşısının alınması barədə ABŞ-la imzaladığı memorandumdan çıxdı. Bu addım Suriyada ABŞ və Rusiya aviasiyasının toqquşması riskini artırır: “İki ölkə Baş Qərargah rəislərinin Bakı görüşünün nəticələri də beləcə, boşa çıxmış oldu. Eyni zamanda, Rusiyanın Tramp administrasiyası ilə bağlı illüziyalarına da son qoyuldu. Moskva yavaş-yavaş anlamağa başlayır ki, ABŞ seçkilərində ”yanlış ata oynayıb" və bəlkə də Hillari Klintonun seçilməsi daha əlverişli olarmış. Çünki Klinton Obamanın siyasətini böyük ölçüdə davam etdirəcəkdi. Başqa bir məqam ondan ibarətdir ki, Bəşər Əsəd son vaxtlar xeyli arxayınlaşmış və cəzasızlığına əmin olmuşdu. Raket zərbələri Əsədin özünəinamına da zərbə oldu, artıq o, hər an yeni bir hücum ola biləcəyi qorxusu ilə yaşayacaq".
                                        
Ş.Cəfərlinin sözlərinə görə, raket zərbələri İrana da mesajdır: “Mən əminəm ki, Tramp administrasiyası Suriya böhranı fonunda İranın regionda öz mövqelərini daha da gücləndirməsinə yol verməyəcək. Bu, İsrailin ABŞ-dan əsas tələbi və gözləntisidir. Məncə, ABŞ Suriyaya yeni zərbələr endirməyə qərar verərsə, bu dəfə İrana bağlı qüvvələri, xüsusən "Hizbullah"ı da “nəzərə alacaq”.

Başqa bir məqam son aylar qurulmuş Rusiya-İran-Türkiyə əməkdaşlıq mexanizminin və Astana formatının gələcəyi ilə bağlıdır. ABŞ gəmilərindən atılan raketlər bu formatın da “üstünə düşdü”. Rusiya ilə İran ABŞ-ın addımını kəskin şəkildə qınadığı halda, Türkiyə faktı alqışladı və daha sərt addımları zəruri saydığını bəyan etdi. Ankaranın bu cür mövqeyi, məncə, üçlü mexanizmin perspektivini sual altında qoyur. Onsuz da son vaxtlar Rusiya ilə Türkiyə arasında yeni problemlər yaranmışdı, Ankaranın son davranışı bu problemləri daha da dərinləşdirəcək".

Ekspert bununla yanaşı qeyd etdi ki, ABŞ-ın Suriya məsələsindəki mövqeyi hələ dəqiqləşməyib. Trampın hələ də bu barədə aydın strategiyası yoxdur: “Son vaxtlara qədər Trampın Suriya siyasətində əsas yeri İŞİD-lə mübarizə məsələsi tuturdu, bu məsələdə hətta Rusiya ilə əməkdaşlıq da istisna edilmirdi. Dövlət katibi Tillerson bəyan etmişdi ki, Əsədin hakimiyyətdən getməsi məsələsi ABŞ üçün prioritet deyil və buna Suriya xalqı özü qərar verməlidir. İndi bu istiqamətdə qeyri-müəyyənlik yaranıb və ABŞ-ın yeni siyasi kurs ortaya qoyub-qoymayacağı hələ ki məlum deyil”.


Paylaş:


Müəllif : Tarix:
8-04-2017, 08:59
  


loading...
Загрузка...